ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın Ukrayna ilə bağlı hansı addımları atacağı maraqla gözlənilir.
“AzPolitika” xəbər verir ki, “Wall Street Journal” nəşri Trampın rəsmi Kiyev qarşısında hansı şərtlər irəli sürə biləcəyini açıqlaylb.
Qəzetin yazdığına görə, Tramp komandasının Ukrayna müharibəsini dayandırmaq üçün Kiyevə təklif edə biləcəyi şərtlərdən biri onun NATO ilə bağlı planlarından imtinası ola bilər. Yəni, Tramp Kiyevin NATO üzvlüyü istəyindən vaz keçməsini istəyəcək. Nəşrin yazdığına görə, söhbət ən azı 20 illik müddətdən gedir.
Daha bir təklif sonradan demilitarizasiya zonasının yaradılması şərtilə hazırkı cəbhə xəttinin dondurulması ola bilər. Lakin bu zonada təhlükəsizliyi hansı dövlətlərin təmin edəcəyi hələlik bəlli deyil. Bunun müqabilində, materialda deyildiyi kimi, ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək.
Nəşr onu da vurğulayır ki, Tramp hələlik Ukraynada müharibəyə son qoymaq üçün konkret plan təsdiqləməyib. Qəzetin mənbələrindən biri əlavə edib ki, Amerika tərəfi Kiyevə başqa yardımlar da edə, məsələn, Ukrayna hərbçiləri üçün hərbi təlimlər keçirə bilər. Tramp Avropa İttifaqı ölkələrinin bu prosesdə daha fəal iştirak etməsini istəyəcək. ABŞ isə öz vətəndaşlarını Ukraynaya göndərmək fikrində deyil.
“AzPolitika.info”


Şərhlər