Bakıda "Demirchi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda ittiham olunur.
“AzPolitika” xəbər verir ki, dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Q.Dəmirçi haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.
Onun vəkili bildirib ki, Nərimanov rayon Məhkəməsinin işadamı haqqında qərarı əsassızdır, heç bir sübuta söykənmir və ləğv olunmalıdır. Müstəntiqsə qərarı əsaslı sayaraq qüvvədə saxlanmalı olduğunu deyir.
Hakim Habil Məmmədov da qərarı dəyişməyib və Q.Dəmirçinin həbsdə qalmasına qərar verib. Qafar Dəmirçi məhkəmədə ittihamları qəbul etmədiyini söyləyib.
Q.Dəmirçini dekabrın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Ona Cinayət Məcəlləsinin 259.3-cü (bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla ağacları kəsmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 6 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia edilir ki, "AQA Şirkətlər Qrupu"na daxil "Monte Ferro" şirkəti Şəkidə hektarlarla ərazidə ağacları qanunsuz kəsdirib, nəticədə təbiətə 8 milyon 300 min manata yaxın ziyan dəyib.
Q.Dəmirçi ilə yanaşı, daha üç nəfər həbs olunub və onlardan biri də sözügedən şirkətin briqadiridir.
Bakıdakı böyük biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun prezidenti Q.Dəmirçinin atası Aydın Dəmirçidir.
“AzPolitika.info”

Şərhlər
???
Biabırcılıqdır.Meşədə olmayan ağac yoxidi.Ətraf kəndlərin insanları oranın qozu,sumağ,zoğalı və s.meyvələri ilə dolanırdı.Meşə kəndləri sel təhlükəsindən qoruyurdu.Bu vaxta qədər kim o meşələrə əl qaldırıb Allah onun cəzasını verib.