Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
"AzPolitika" xəbər verir ki, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il yanvarın 1-nə 2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-nə qədər təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-nə qədər qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, Sərəncama əsasən, pensiyalar indeksləşdirilərək 8,1 faiz artırılıb. Belə ki, Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 1,1 milyon pensiyaçıya şamil olunan bu artım üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.
Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.Dövləti başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir.Qeyd edək ki, fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılması nəzərdə tutulub.
"AzPolitika. info"

Şərhlər