Gürcüstanın sabiq Baş naziri və hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.
Aprelin 25-də keçirilən xüsusi brifinq zamanı Qaribaşvili şəxsi bəyanatla çıxış edərək, həm partiya sədrliyindən, həm də siyasətdən tamamilə getdiyini elan edib: “Mənə göstərilən etimad və vəzifələri şərəflə yerinə yetirdim. Müdafiə naziri, iki dəfə baş nazir, daha sonra partiya sədri oldum. Artıq özümü siyasətdə görmürəm. Bundan sonra ölkəmə fərqli bir mövqedən xidmət edəcəyəm”.
Qaribaşvili çıxışı zamanı xüsusilə “Gürcü Arzusu”nun qurucusu və de-fakto lideri olan milyarder Bidzina İvanişviliyə təşəkkür etməyi də unutmayıb. Onun sözlərinə görə, İvanişvili ona Gürcüstana xidmət etmək üçün "unikal imkan" yaradıb.
İrakli Qaribaşvili "Gürcü Arzusu" partiyasının 2012-ci ildə təsisindən bəri fəal üzvü olub.
O, siyasi karyerası ərzində aşağıdakı mühüm vəzifələri icra edib:
-2012–2013: İctimai Asayiş naziri;
-2013–2015: Birinci dəfə Gürcüstanın Baş naziri;
-2019–2021: Müdafiə naziri;
-2021–2024: İkinci dəfə Baş nazir;
-2024–2025: “Gürcü Arzusu” Partiyasının sədri.
Onun rəhbərliyi dövründə Gürcüstan bir sıra daxili siyasi böhranlarla üzləşsə də, Qaribaşvili ölkənin Avropa ilə inteqrasiya prosesində mühüm addımlar atıldığını iddia edib.
Qaribaşvili brifinqdə gələcək planları barədə təfərrüat verməsə də, özəl sektorda çalışmaq istədiyini bildirib. O, yaxın günlərdə bununla bağlı ətraflı məlumat verəcəyini deyib.
Eyni zamanda, Qaribaşvili siyasətə qayıtmaq ehtimalını istisna edib – xüsusilə də, müxalifət sıralarından hər hansı partiyaya qoşulmaq niyyətində olmadığını vurğulayıb.
Hazırda “Gürcü Arzusu” Partiyasının yeni sədrinin kim olacağı hələ məlum deyil. Yaxın günlərdə partiya daxilində yeni liderin açıqlanacağı gözlənilir.
İrakli Qaribaşvilinin siyasətdən getməsi Gürcüstanda yeni siyasi konfiqurasiyanın formalaşmasına təkan verə bilər. Həm yerli, həm də beynəlxalq müşahidəçilər bu addımın ölkənin daxili sabitliyinə və seçki prosesinə təsirini diqqətlə izləyirlər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər