"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
"AzPolitika xəbər verir ki, “Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. "Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı olan Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib.
Emil Səməndərovun müdafiəçisi Asim Abbasov məhkəməyə son bir neçə ayda İsfəndiyar Axundovla bağlı mətbuatda dərc edilmiş şikayətlərlə bağlı məlumatları təqdim edib. Həmin şikayətlər İsfəndiyar Axundovun rəhbəri olduğu şirkət tərəfindən vətəndaşların aldadılması, zərər görməsi ilə bağlı olub. Vəkil onlarla şikayətçinin mətbuat vasitəsi ilə rəsmi qurumlara müraciətlərini hakimin diqqətinə çatdıraraq iş materiallarına əlavə edilməsini istəyib.
Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib. O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək olduğunu qeyd edib: "Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur".
Daha sonra İsfəndiyar Axundov vəkil Asim Abbasovun suallarını cavablandırıb.
Vəkil suallarından birində İsfəndiyar Axundovun özünü İlon Maskla müqayisə etməsi ilə bağlı məsələyə toxunub. İsfəndiyar Axundov həmin müsahibəsində “İlon Maskın da mənim kimi ali təhsili yoxdur” demişdi.
Asim Abbasov bu fikirlərin İsfəndiyar Axundova aid olub-olmamasını onun özündən bir daha soruşub.
İsfəndiyar Axundov suala cavab vermək istəsə də vəkili ona xəbərdarlıq edib. Bundan sonra İsfəndiyar Axundov suallara cavab verməyib və “mən savadsız adamam. Suallara cavab verə bilməyəcəm” deyib.
Prosesi iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında Emil Səməndərov şikayət edib.

Şərhlər