Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kiyevə qarşı istifadə etməyə hazırlaşdığı "İskəndər" operativ-taktiki raket sistemlərini məhv edib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin 26-cı raket briqadası Bryansk vilayətinin Klinı şəhəri yaxınlığından Ukraynanın yaşayış məntəqələrinə – ehtimal ki, paytaxt Kiyevə raket zərbəsi endirmək istəyib. Lakin Ukrayna ordusu və Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində bu niyyətin qarşısı alınıb.

Məlumatda bildirilir ki, Ukrayna ordusu rusların raket qüvvələrinin yerləşdiyi əraziyə raket zərbələri endirib. Nəticədə bir "İskəndər" raket qurğusu partlayıb, digər iki qurğu isə yüksək ehtimalla zədələnib. Hazırda zərbənin nəticələri dəqiqləşdirilir.

Ukrayna Baş Qərargahı qeyd edir ki, bu sürətli və effektiv hərbi əməliyyat sayəsində mülki əhali arasında tələfatın qarşısı alınıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin may ayına olan məlumatına əsasən, Rusiya 600-ə yaxın "İskəndər-M" ballistik raketi və 300-ə yaxın "İskəndər-K" qanadlı raketinə malikdir. 

"AzPolitika.info"