Hindistanın qərbində yerləşən Ahmedabad şəhərində 242 sərnişin daşıyan "Air India" hava yollarına məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi uçuşdan cəmi 5 dəqiqə sonra qəzaya uğrayıb. 

Təyyarənin Böyük Britaniyanın paytaxtı Londona, Gatwick Hava Limanına istiqamət aldığı bildirilib. Təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olmaqla ümumilikdə 242 nəfərin olduğu qeyd olunur. Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisənin görüntüləri yayımlanıb və videolarda qəzadan sonra ərazidən tüstü yüksəldiyi görünür.

Hindistanın Nəqliyyat və Aviasiya naziri Ram Mohan Naidu Kinjarapu, qəza ilə bağlı verdiyi açıqlamada bunları deyib:“Qəzadan dərin şok və kədər içindəyik. Dualarımız və düşüncələrimiz təyyarədə olan hər kəslə və onların ailələri ilədir. Hadisəni şəxsən izləyirəm və müvafiq hava nəqliyyatı və fövqəladə xidmətlərə sürətli və koordinasiyalı hərəkət etmələri üçün göstəriş vermişəm".

Nazir əlavə edib ki, xilasetmə və yardım işləri mümkün olan ən qısa zamanda həyata keçirilməsi üçün hər cür səy göstərilir.

Qəzada ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib.

"AzPolitika.info"