Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

"AzPolitika" "unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.

Qeyd edək ki, O.Hüseynzadə "günüsesi.info" saytına açıqlamasında şiddətli töhmət almasına münasibət bildirib: “Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.

"AzPolitika" xatırladır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə şiddətli töhmət elan olunan Ağdaş rayonunun icra başçısı Orxan Hüseynzadə əmək fəaliyyətinə 2006-cı ildə, 23 yaşında Səhiyyə Nazirliyində başlayıb. Buna qədər isə o, 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib.

Karyerasının ilk 6 ilini səhiyyə sistemində başa vurduqdan sonra, 2012-ci ildən başlayaraq daha 6 il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Bu müddətdə – 2013-cü ildə Orxan Hüseynzadə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını da bitirməyə fürsət tapıb.

Maraqlıdır ki, onun növbəti iş yeri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də fəaliyyət müddəti 6 ilə (2018–2024-cü illər) təsadüf edib. Hüseynzadə həmin illərdə Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsini tutub.

Daha sonra Prezidentin 1 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş rayonuna icra başçısı təyin edilib.

Orxan Hüseynzadə hazırda həm də tələbədir. Rəsmi məlumatlarda onun 2023-cü ildən İngiltərənin York və Fransanın Strasburq universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirdiyi göstərilir.

42 yaşlı icra başçısı 1983-cü ildə Bakı şəhərində anadan olub. Prezidentin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

“AzPolitika.info”