Xəbər verdiyimiz kimi, bu il Bakıda keçirilən VIII Dünya Robot Olimpiadası (WRO) üzrə yüksək nəticələr göstərən bəzi komandaların diskvalifikasiyası ciddi narazılığa səbəb olub. Bu barədə yarışda iştirak edən uşaqların valideynləri saytımıza müraciət ediblər.

Valideynlər qərarın ədalətsiz olduğunu bildirərək bir sıra dövlət qurumlarına — Gənclər və İdman Nazirliyinə, Birinci vitse-prezidentin Katibliyinə, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Elm və Təhsil Nazirliyinə və Ombudsmana müraciət ediblər. Onlar övladlarının hüquqlarının bərpası və ədalətin təmin edilməsini tələb ediblər.

Qeyd edək ki, etirazlardan sonra WRO Azərbaycan Milli Təşkilatı məsələ ilə bağlı rəsmi açıqlama yayıb və onun bir nüsxəsini “AzPolitika”ya təqdim edib.

WRO Azərbaycan Milli Təşkilatı valideynlərin dediklərini əsassız sayır.

Təşkilatdan “AzPolitika”ya göndərilən açıqlamada bildirilir ki, müsabiqə zamanı hakimlər heyəti həm yerli mütəxəssislərdən, həm expatlardan, həm də xaricdən dəvət edilmiş beynəlxalq ekspertlərdən ibarət olub .

"Qeyd edirik ki, müsabiqə zamanı hakimlər heyəti həm yerli mütəxəssislərdən, həm expatlardan, həm də xaricdən dəvət edilmiş beynəlxalq ekspertlərdən ibarət olub. Bütün qiymətləndirmə prosesi beynəlxalq WRO qaydalarına tam uyğun şəkildə aparılıb.

Rəsmi bəyanatda qeyd olunduğu kimi, bütün qərarların əsaslandırılması və video sübutlar açıq şəkildə yerləşdirilib. İstənilən şəxs və ya qurum bu materialları dünyanın istənilən ölkəsindəki müstəqil ekspertlərə təqdim edərək rəy ala bilər. 

WRO Azərbaycan olaraq biz şəffaflıq, obyektivlik və ədalət prinsiplərinə sadiqik və gənclərin əməyinə hörmətlə yanaşırıq. Bu səbəbdən, AzPolitika.info redaksiyasından yayımlanmış məlumatlara rəsmi bəyanatımız əsasında dəqiqlik gətirməyi və zəruri hallarda düzəliş (təkzib) verməyi xahiş edirik"  - deyə, açıqlamada bildirilib.

"AzPolitika.info"