Rusiyanın Başqırdıstan bölgəsində yerləşən “Avanqard” zavodunda baş verən partlayış nəticəsində üç nəfər həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xəbirov məlumat verib.
Onun sözlərinə görə, ölənlərin hamısı qadındır. Onlardan biri 2002-ci il təvəllüdlü gənc qızdır: “İki qadının uşaqları qaldı”, – deyə Xəbirov “Telegram” kanalında yazıb.
Son məlumata əsasən, hadisə zamanı doqquz nəfər xəsarət alıb, onlardan beşi xəstəxanaya yerləşdirilib. İki nəfərin vəziyyəti ağır olsa da, həyatları üçün təhlükə yoxdur.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Radiy Xəbirov bildirib ki, hadisə ilə bağlı istintaq aparılır və insidentin dron hücumu ilə əlaqəsi yoxdur: “Zavod köhnədir, lakin mühüm dövlət tapşırığını yerinə yetirir. İndi burada genişmiqyaslı bərpa işləri görüləcək və biz müəssisəyə bu prosesdə kömək etməyə hazırıq.”
Hadisə ilə bağlı “Sənaye təhlükəsizliyi tələblərinin pozulması” maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, “Avanqard” zavodu əsasən neft və qaz sənayesi üçün avadanlıq, ehtiyat hissələri və alətlər istehsal edir. Bununla yanaşı, müəssisənin fəaliyyət istiqamətlərindən biri partlayıcı maddələrin hazırlanmasıdır.
2024-cü ildə “Avanqard” zavodu Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib. Aİ-nin məlumatına görə, müəssisə Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə hərbi texnikanın utilizasiyası və sursatların modernləşdirilməsi ilə məşğuldur, həmçinin Ukrayna müharibəsi zamanı istehsal sahəsini genişləndirmək üçün əlavə torpaq sahəsi alıb.
"AzPolitika.info"

Şərhlər