Elm və təhsil naziri Emin Əmrulllayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək.
“AzPolitika” xəbər verir ki, "redaktor.az"-a mövzu haqqında danışan təhsil eksperti, dosent İlham Əhmədov qeyd etdi ki, bu təşəbbüsün yaxşı nəticə verəcəyini indidən söyləmək çətindir.
Onun sözlərinə görə, ideya yaxşı olsa belə, icra prosesində o qədər səhvlər edilir ki, nəticə yaxşı olmur: "İdeyanın və niyyətin yaxşı olması isə strategiyadan, konsepsiyadan asılıdır. Təəssüf ki, bizim təhsildə hələ də normal strategiya yoxdur. Ona görə belə dekorativ tədbirlərlə, tərsinə qurulan təhsili düzünə yönəltmək mümkün deyil. İslahatlar kompleks tədbirlərlə, elmi əsaslarla, mütəxəssislərin müzakirə və rəyi ilə mümkündür. Bu təşəbbüs isə repetitorluğa qarşı mübarizə pərdəsi altında, gələcəkdə hansısa kursların təhsil bazarında hegemonluğuna da xidmət edə bilər".
Təhsil eksperti vurğuladı ki, təhsil məmurlarının son bəyanatları hansısa islahatların olacağından, bəzi konkret addımlardan bəhs edir: "Amma hamısı sistemsiz, yarımçıq və PR niyyətli bəyanatlardır. Deyirlər ki, guya islahatların 3-cü mərhələsi başlayıb. Əvvəlkilər guya struktur və strategiya yönlü olub. Düz demirlər. Təhsilin idarəetməsində ortabab struktur dağıdılıb, əvəzində xaos yaradılıb. Strategiya məsələsi də cəfəngiyyatdır, strategiya olsaydı, təhsil bu gündə olmazdı. Ölkədə təhsilə dair nə elmi mərkəz, nə beyin mərkəzi var. Strategiyanı kim, nə vaxt, harada yaratdı? Hər 5-10 səhifəlik yazı hələ strategiya deyil. Son illər isə ümumi strategiyanın tərkibində bir blok yazıb, adını təhsil strategiyası qoyurlar. Proseslərə baxış çox dayaz və bəsitdir. Bu düşüncə və yanaşma ilə təhsil heç vaxt indiki bataqlıqdan çıxa bilməz, əksinə, daha da pis duruma düşər. Guya indi də islahatların 3-cü mərhələsi - kadr islahatı gedir. Bu da yarımçıq yanaşmadır".
İlham Əhmədovun fikrincə, kadr islahatı əvvəl nazirlikdə olmalıydı: "Bu komandanın işi və nəticəsi ortalıqdadır. Sertifikasiyadan ibarət (bunun obyektivliyi və səmərəsi haqda KİV və sosial şəbəkələrdə çox yazılıb) “təhsil siyasəti” aparmaq, buna kadr islahatı demək, amma təhsilin yüksək idarəetmə pillələrində tam səriştəsiz insanları yerləşdirmək absurdluqdur. Ölkə Prezidentinin AMEA-nın yubileyindəki çıxışında elm, təhsil, universitetlər qarşısında qoyduğu vəzifələrin indiki tərkiblə Elm və Təhsil Nazirliyi tərəfindən icra edilmə ehtimalı yoxdur. Boş yerə vaxt itiririk".
Dosent qeyd etdi ki, müəllimlərin 8 saat məktəbdə olması üçün normal şərait, oturub işləməyə isti otaq, kompüterlər və s. lazımdır: "Yenə də KİV-də müəllimlərin yazdığına əsasən deyə bilərəm ki, əksər məktəblərdə, xüsusən regionlarda buna şərait yoxdur, Bakıda da çox sıxlıqdır. ETN bildirdiyi kimi, məqsəd müəllim peşəkarlığı və təhsil keyfiyyətini artırmaqdırsa, əvvəl müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi problemləri həll edilməlidir. “Struktur islahatı” adı ilə bu sistemi dağıdıb, bu işi səviyyəsiz, amma “doğma” MMC və QHT-lərə paylamaq lazım deyildi".

Şərhlər
Həqiqətən təhsil sistemi çox pis vəziyyətdədir. İş vatına görə müəllimlərin oturmasına gəlincə: bütün müəllimlər eyni maaşı alacaqlarsa otursunlar. Əslində heç oturmaları doğru deyil. Boş boş müəllimləri məktəbdə tutmaq heç yaxşı ideya deyil. Bununla repetitorluq aradan qalxmaz, biraz azalar və online tədris başlayar. Repetitorluğu aradan qaldırmaq istəyirsinizsə, aradan qaldırılsın adlı qərar çıxarın. Boşuna əziyyət verməyin deyərdim müəllimlərə. Dərsin keyfiyyətinə yönəlik qərarlar alın, hər fikri "yaxşı strategiyadır" deyib uygulamak heç yaxşı deyil. 1 məktəbdə 2 növbəli dərs olsa iş saatına görə müəllimlər otura bilər, ama sadəcə səhər növbəsində dərs olan məktəblərdə bunu etmək mənasızdır, istər qəbul edin, istər rədd edin fikrimi, ama belədir. Çox deyil, ağıllı çalışmaq lazımdır
Müəllim məcbur qalacaq saat 6ya qədər.bəs uşaq?hələ bu ibtidai sinif uşağıdırsa?uşaq dincəlməli deyil?yemək yeməli deyil?
Müəllim 8 saat ne isleyecek şagird 4 saati gücle oturur dersde