İran danışıqlar aparmaq üçün ABŞ-yə müraciət etməyib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, Ağ Ev sözçüsü Karolayn Levittin İran rəsmilərinin ABŞ ilə təmasa keçərək Pakistanda birbaşa danışıqlar tələbi irəli sürməsi iddiaları yalandır.

"Levittin bu bəyanatları açıq-aşkar yalandır və vəziyyətin təhrif edilməsidir. İran amerikalılarla danışıqlar üçün heç bir müraciət etməyib və əksinə, amerikalıların müzakirə tələblərini onların həddindən artıq tələbkarlığına görə indiyədək tamamilə rədd edib", - məlumatda vurğulanıb.

Daha əvvəl Amerikanın "Axios" portalı aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayıb. Ağ Evin sözçüsü isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlarını açıqlayıb.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) İranın XİN rəhbəri Abbas Əraqçinin bu ölkəyə səfərinə dair açıqladığı proqramda isə ABŞ tərəfi ilə danışıqlarla bağlı məlumat yer almayıb.