Bakının Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Azad Azərbaycan" TV-də yayılan süjetdə xəbər verilib.
Sahibkarlar mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarını verə bilməmələrini göstəriblər.
Telekanala danışan sahibkarlardan biri durğunluğu belə izah edib: "Alver çox zəifdir. Əvvəl alver olurdu, icarə pulu çıxırdı. "Temu", "Trendyol" var deyə artıq alver ölüb".
Digər bir sahibkar isə gəlirlərinin xeyli aşağı düşdüyünü bildirib: "Dəhşət dərəcədə zəifdir. Gün ərzində cəmi 30-50 manatlıq alver edirik. Yerpulunu qətiyyən çıxara bilmirik. Ödəniş artmayıb, sadəcə işləyə bilmirik".
"Lotos" ticarət mərkəzinin əməkdaşı İlkin Abbasov isə telekanala açıqlamasında bildirib ki, dünən mağazasını açmayan bir neçə sahibkarla artıq danışıqlar aparılıb: "Lotos" ticarət mərkəzi üzrə altı il ərzində heç bir qiymət artımı olmayıb. Məlumat daxil olan kimi sahibkarları qəbul edib, onlarla fikir mübadiləsi aparmışıq. "Lotos" ticarət mərkəzi olaraq çalışacağıq ki, gələcəkdə də əlimizdən gələn köməyi sahibkarlara göstərək".
İlkin Abbasov, həmçinin bildirib ki, hazırda bütün mağazalar öz fəaliyyətlərini davam etdirirlər.

Şərhlər