Rusiya Ukraynadakı dinc şəhərlərə qarşı qarşı növbəti kütləvi raket və PUA hücumu həyata keçirib. Hədəflər açıq-aşkar mülki infrastruktur və sıravi vətəndaşlar olub.

Ötən gün Vladimir Putin Ukraynanın işğal edilmiş Luqansk vilayətinin Starobilsk şəhərinə endirdiyi zərbəni müzakirə etmək üçün planlaşdırılmamış iclas keçirib. Həmin iclasda Putin Ukraynanın məlum zərbəsini bəhanə gətirərək deyib ki, Ukrayna Silahlı Qüvvələrinin son hücumu müharibəyə "yeni keyfiyyət" verib. Bununla da Ukraynadakı mülki əhalinin hədəf alınmasına “əsas yaradıb”. Dünən axşam Ukrayna Prezidenti Volodimir Zelenski Putinin planları barədə bəyanat verib və ölkənin şəhərlərinə daha bir kütləvi Rusiya hücumu ehtimalı barədə xəbərdarlıq edib.

Bundan sonra ötən gecə Rusiya Ukrayna şəhərlərinə kütləvi PUA və raket zərbələri endirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu Xəzər dənizindən “Kalibr” qanadlı raketləri atıb. Ayrı-ayrı şəhərlərdə çoxlu sayda ölən və yaralananlar var.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində üçü uşaq olmaqla dörd nəfər həlak olub, 58 nəfər yaralanıb. Bunlar hələ ilkin məlumatlardır. Şəhərin üç rayonunda elektrik kəsintiləri qeydə alınıb.

Kliçko bildirib ki, Kiyevin Podolski rayonunda doqquzmərtəbəli binaya ikinci zərbə nəticəsində binanın uçması baş verib: "Dağıntılar altında insanlar ola bilər".

Daha sonra o, iki nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat verib. Həmçinin Şevçenkivski rayonunda 24 mərtəbəli yaşayış binasına raket zərbəsi endirilib. Bu da dördüncü və beşinci mərtəbələrdə yanğına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kiyev vilayəti gecə boyu dronlar, qanadlı raketlər və ballistik raketlərin hücumuna məruz qalıb. Evlər və anbarlar zədələnib, yanğınlar baş verib.

Regional hərbi administrasiyanın (OVA) rəhbəri Oleksandr Qanjanın sözlərinə görə, Dnepr şəhərində Rusiyanın hücumu nəticəsində 73 yaşlı qadın da daxil olmaqla beş nəfər həlak olub, 25 nəfər yaralanıb. O əlavə edib ki, zərbələrdən biri yaşayış binasına dəyib və sonradan yanğın baş verib.

Yerli xüsusi təyinatlı qüvvələrin rəisi İqor Terexov Telegram-da yazıb ki, Xarkovun iki rayonuna zərbələr nəticəsində 11 yaşlı qız da daxil olmaqla altı nəfər yaralanıb.

Həlak olanlar, yaralılar və dağıntılarla bağlı məlumatlar gəlməkdədir.

Qeyd edək ki, bundan öncə mayın 24-ü gecəsi Rusiya Silahlı Qüvvələri Kiyev vilayətinə "Oreşnik" raketi də daxil olmaqla kütləvi raket və PUA zərbəsi endirmişdi.

“AzPolitika.info”