Ötən gecə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) açılışından cəmi bir neçə saat əvvəl Ukrayna PUA-ları Rusiyanın Leninqrad vilayətinə kütləvi hücum təşkil edib. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkələrdə hücuma dair video və fotogörüntülər yayımlanmaqdadır.

Vilayət qubernatoru Aleksandr Drozdenko "Telegram"da "hava hücumundan müdafiə qüvvələrinin Leninqrad vilayəti ərazisi üzərində 50 PUA vurduğunu" bildirib: "Döyüş əməliyyatları davam edir".

TASS-ın məlumatına görə isə Leninqraddakı Pulkovo hava limanında gələn və gedən uçuşlara məhdudiyyətlər qoyulub, 20-dən çox uçuş təxirə salınıb.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov da sosial media kanallarında şəhərə edilən dron hücumu barədə məlumat paylaşıb. O qeyd edib ki, 3 iyun səhər tezdən dronlar Kronştadt, Kirovski və Krasnoselski rayonlarında infrastruktura hücum edərək bir neçə obyektə zərər vurub. Beqlovun sözlərinə görə, bir neçə nəfər yaralanıb, lakin ölən olmayıb.


“Astra” kanalı və digər monitorinq kanalları Rusiyanın şimal-qərbindəki ən böyük neft emalı kompleksi olan Sankt-Peterburq Neft Terminalının PUA hücumu nəticəsində yandığını bildirir. Sankt-Peterburq sakinləri şəhərdə çoxlu sayda partlayış və yanğın baş verdiyini deyirlər.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun Bakı vaxtı ilə saat 11:00 başlaması planlaşdırılır. Forum Vladimir Putinin dogma şəhəri olan Sankt-Peterburqun cənubunda, Leninqrad vilayəti və Pulkovo hava limanı ilə sərhəd yaxınlığında yerləşən ExpoForum kompleksində keçirilir. Putinin forumdakı çıxışı 5 iyun tarixinə planlaşdırılıb.

Qeyd edək ki, çoxlu sayda xarici qonağın iştirak edəcəyi forum öncəsi baş verən bu PUA hücumu Putinin onsuz da xeyli zədələnmiş nüfuzuna, imicinə daha bir ağır zərbə sayıla bilər.

Bu arada, Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov Ukrayna PUA-larının Miçurinsk şəhərinə hücum etdiyini bildirib.

“BBC” qeyd edir ki, Miçurinskdə raket və təyyarə idarəetmə sistemləri üçün mürəkkəb cihazlar, eləcə də neft-qaz sektoru üçün avadanlıq istehsalçısı kimi tanınan "Proqress" zavodu yerləşir

Rasim
“AzPolitika.info”