Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Mark Rutte, Rusiyanın Ukrayna ərazilərinə kütləvi və ölümcül hava hücumlarından dərhal sonra bu gün Kiyevə sürpriz səfər edib.

"AzPolitika" xəbər verir ki, səfər çərçivəsində NATO rəhbərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Ukrayna lideri artıq bəyanat yayaraq, Şimali Atlantika Alyansına üzv dövlətləri Rusiyanın ballistik raket hücumlarına qarşı ölkəsinin müdafiəsinə təcili dəstək verməyə çağırıb.

Diqqətçəkən məqam budur ki, Ruttenin Kiyevə gəlişindən cəmi bir neçə saat əvvəl Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Sankt-Peterburq şəhərindəki mühüm enerji və hərbi obyektlərinə zərbələr endirib. Qeyd edək ki, hücum zamanı Sankt-Peterburqda xaricdən gələn rəsmi şəxslərin və yüksək səviyyəli qonaqların iştirakı ilə ölkənin ən mühüm iqtisadi konfranslarından biri keçirilirdi.

Xatırladaq ki, bu qarşılıqlı zərbələrdən bir gün əvvəl Rusiyanın Kiyev və Dnepr şəhərlərinə təşkil etdiyi raket və PUA hücumları nəticəsində 23 dinc sakin həyatını itirib.

Ekspertlərə görə Mark Ruttenin bu kritik və gərgin dönəmdə Kiyevə reallaşdırdığı qəfil səfər, NATO-nun Ukraynaya dəstək strategiyası və yaxın günlərdə atılacaq hərbi addımlar baxımından böyük əhəmiyyət kəsb edir.

“AzPolitika.info”

***

NATO Baş katibi Mark Rutte gözlənilmədən Ukraynaya səfər edib.

Ukrayna mediasının xəbərinə görə, Rutte qatarla Kiyevə gedib.

"AzPolitika" xəbər verir ki, onu dəmiryol vağzalında Ukrayna xarici işlər naziri Sibiqa və digər rəsmilər qarşılayıb.

“AzPolitika.info”