Krım, Sankt-Peterburq, Belqorod və Kursk vilayətlərindən sonra Moskva vilayətində də yanacaq təchizatında fasilələr yaranıb. Nəticədə, yerli yanacaqdoldurma məntəqələri satış məhdudiyyətləri tətbiq etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında və sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələn, ORTK yanacaq satış şəbəkəsi 30 maydan bəri hər müştəriyə 60 litrdən çox benzin və 100 litrdən çox dizel satmır. Şirkətdən bildiriblər ki, bu məhdudiyyətlər "vəziyyət sabitləşənə qədər" qüvvədə qalacaq.
"Qazprom"-dan da deyiblər ki, Moskva vilayətində və Moskvanın özündə dizel və benzinə məhdudiyyətlər qoyulub - hər müştəriyə 100-150 litr. "Lukoil"-də də hər müştəriyə 100 litrdən çox benzin verilmir. "Rosneft" və "Tatneft" fərdi yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər tətbiq oluna biləcəyini bildirib.
Rusiyada yanacaq çatışmazlığı Ukraynanın neft emalı zavodlarına intensiv zərbələri fonunda yaranıb. "Bloomberg" qeyd edib ki, yanvar-may ayları arasında neft emalı zavodlarına 38 dəfə dron zərbəsi endirilib. Təkcə may ayında 16 obyekt vurulub ki, bu da müharibə başlayandan bəri rekord göstəricidir.
Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən Rusiyada neft emalı həcmi 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. “Reuters” agentliyinin məlumatına görə, may ayının ikinci yarısında ümumi gündəlik gücü 238.000 ton olan neft emalı zavodları - bütün neft emalının təxminən dörddə biri - bağlanıb. Mərkəzi Rusiya xüsusilə ağır zərbə alıb. Ölkənin avtomobil benzininin 30%-dən çoxunu istehsal edən Kirişi, Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavldakı neft emalı zavodları faktiki olaraq iflic vəziyyətinə düşüb.
Eyni zamanda, neft şirkətləri yanacaqdoldurma məntəqələrinin yanacaq aldığı birjaya yanacaq tədarükünü azaldıblar. May ayında Aİ-95 tədarükü gündə 5000 tona düşüb ki, bu da ötən illə müqayisədə 30 faiz azdır. Nəticədə, ilin əvvəlindən bəri topdansatış benzin qiymətləri 26%, yanacaqdoldurma məntəqələrində isə qiymətlər 4,3% artıb.
Hökumət mart ayında benzin ixracını qadağan edib və may ayında Belarusdan benizn alışını 26 dəfə(!) artırıb. Lakin bu da problemi aradan qaldırmayıb.
“AzPolitika.info”

Şərhlər