Azərbaycanda vətəndaşların maaş, pensiya və sosial ödənişləri üzrə bank seçimi imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə məcburi xarakter daşımayacaq və vətəndaşlara bank seçimi sahəsində daha geniş imkanlar yaradacaq: “Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək”.

Qeyd edək ki, uzun müddətdir nəzərdə tutulan dəyişikliklə bağlı bu yaxınlarda Mərkəzi Bankın sədri Taleh Kazımov da açıqlama vermişdi.

T. Kazımov qeyd etmişdi ki, yaxın aylarda maaş kartı seçimi ilə bağlı yeni dəyişikliklərin tətbiqi gözlənilir: “Hazırda əksər hallarda əməkhaqları işəgötürənlərin əməkdaşlıq etdiyi banklar vasitəsilə köçürülür. Bu isə işçilərin bank seçimi imkanlarını məhdudlaşdırır. Yeni sistemin tətbiqindən sonra vətəndaşlar xidmət keyfiyyəti, komissiya haqları, kredit məhsulları və mobil tətbiqlərin imkanları kimi meyarları nəzərə alaraq istədikləri bankı seçə biləcəklər. İlkin mərhələdə layihənin Bakı və Abşeron ərazisini əhatə etməsi planlaşdırılır”.


Qeyd olunduğu kimi, ölkədə maaş, pensiya və sosial müavinətlər dövlət qurumunun və ya işəgötürənin müqavilə bağladığı bank vasitəsilə ödənilir. Dövlət sektorunda ən geniş istifadə olunan banklar – “Kapital Bank” (maaş və pensiya kartlarının böyük hissəsi bu bank vasitəsilə verilir-red.), “Azərbaycan Beynəlxalq Bankı”dır. Bəzi hallarda “PASHA Bank”, “Yelo Bank” və digər bankların kartlarıda istifadə olunsa da, onların bazardakı payları azdır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda maaş və pensiya ödənişlərinin vətəndaşların seçdiyi banklar vasitəsilə həyata keçirilməsinin nəzərdə tutulmasını müsbət addım kimi qiymətləndirib. O, “AzPolitika”ya açıqlamasında bildirib ki, bu məsələni bir neçə il əvvəl özü gündəmə gətirib və mövcud praktikanın qanunvericiliyin ruhuna uyğun olmadığını hesab edir: “Bu məsələ ilə bağlı bir neçə il əvvəl Mərkəzi Bank rəhbərliyi ilə keçirilən görüşlərdə təkliflərimi səsləndirmişəm. Həmin vaxt Mərkəzi Bank tərəfindən layihə üzərində iş aparıldığı bildirilmişdi. Sistemin daha əvvəl tətbiqi gözlənilsə də, proses müəyyən səbəblərdən uzanıb”.

Ekspertin sözlərinə görə, hazırda əməkhaqqı və pensiya ödənişləri əsasən işəgötürənlərin və ya Dövlət Sosial Müdafiə Fondunun seçdiyi banklar vasitəsilə həyata keçirilir. Onun fikrincə, bu yanaşma vətəndaşların bank seçimi hüququnu məhdudlaşdırır: “Bank hesabı müqaviləsi könüllü xarakter daşımalıdır və heç bir şəxs istəmədiyi bankın müştərisi olmağa məcbur edilməməlidir. Vətəndaş bankın xidmətlərindən narazı qala, komissiya siyasətini və ya xidmət keyfiyyətini bəyənməyə bilər. Buna baxmayaraq, mövcud sistemdə maaş və ya pensiya almaq üçün həmin bankın müştərisi olmaq məcburiyyəti yaranır. Bu, bazarda təmərküzləşmə və rəqabətin zəif olması ilə əlaqəlidr”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov

Əkrəm Həsənovun sözlərinə görə, işəgötürənlərin müəyyən banklarla əməkdaşlıq etməsinin müxtəlif səbəbləri olur: “Bəzi hallarda müəssisələr maaş layihələrini konkret banklar vasitəsilə həyata keçirmək müqabilində həmin banklardan daha sərfəli kreditlər və ya digər maliyyə güzəştləri əldə edirlər. Düşünürəm ki, bu münasibətlər vətəndaşların seçim hüququnun hesabına formalaşmamalıdır”.

Ə. Həsənov mövcud sistemin ən ciddi problemlərindən birinin kredit münasibətlərində ortaya çıxdığını vurğulayıb: “Vətəndaş maaş və ya pensiyasını aldığı bankdan kredit götürdükdə, bank gecikmiş öhdəliklər yarandığı halda həmin hesabdan vəsait tutmaq üçün daha geniş imkan əldə edir. Normal hüquqi prosedura əsasən borc mübahisələri məhkəmə qaydasında həll edilməli, daha sonra icra prosesi həyata keçirilməlidir. Məhkəmə qərarı olduqda belə, qanunvericilik maaş və pensiyanın yalnız müəyyən hissəsinin tutulmasına imkan verir. Lakin vətəndaşın maaş və ya pensiya hesabı kredit verən bankın özündə olduqda, praktikada bankların üstün mövqeyə malik olması müşahidə edilir. Bu isə vətəndaşların maliyyə imkanlarını məhdudlaşdıra bilir”.

Ekspert də vurğulayıb ki, yeni mexanizmin tətbiqi ilə vətəndaşlar maaş və pensiyalarını istədikləri bankda qəbul edə biləcəklər: “Belə olduqda kredit götürülmüş bankla maaşın köçürüldüyü bank fərqli ola biləcək. Nəticədə banklar problemli kreditlərin geri qaytarılması üçün ümumi hüquqi prosedurlardan istifadə etməli, iddialarını məhkəmə qaydasında əsaslandırmalı olacaqlar”.

Ə. Həsənovun fikrincə, yeni mexanizmin tətbiqi bank sektorunda rəqabəti artıracaq: “Banklar artıq maaş və pensiya müştərilərini inzibati qaydada deyil, xidmət keyfiyyəti, aşağı komissiyalar, daha əlverişli kredit şərtləri və müasir rəqəmsal xidmətlər hesabına cəlb etməyə çalışacaqlar. Dəyişiklik nəticəsində vətəndaşların maliyyə azadlığı genişlənəcək, bank xidmətləri bazarında rəqabət güclənəcək və müştərilərin hüquqlarının qorunması baxımından daha əlverişli mühit formalaşacaq”.

E. Bəyməmmədli

“AzPolitika.info”