Son illərdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məlumat almaq, ünsiyyət qurmaq, təhsil, əyləncə və hətta biznes imkanları baxımından bu platformaların yaratdığı üstünlüklər danılmazdır. Lakin məsələnin digər tərəfi də var. Xüsusilə uşaqların nəzarətsiz şəkildə sosial media mühitinə daxil olması onların psixoloji sağlamlığı, fiziki inkişafı, davranışı və dünyagörüşü üçün ciddi risklər yaradır.

Məhz buna görə dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdə uşaqların müdafiəsini gücləndirən qanunvericilik təşəbbüsləri genişlənməkdədir. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar bəzi dairələr tərəfindən "qadağa", "uşaq hüquqlarının məhdudlaşdırılması" kimi təqdim edilməyə çalışılsa da, mahiyyət tamamilə başqadır.

Əslində söhbət uşaqların sosial şəbəkələrdən tamamilə uzaqlaşdırılmasından yox, onların yaşına uyğun müdafiə mexanizminin qurulmasından gedir.

Təklif olunan dəyişikliklərə əsasən, 16 yaşına qədər uşaqların müəyyən sosial şəbəkə platformalarında hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arasında isə bu yalnız valideyn razılığı ilə mümkün olacaq. Burada əsas məqsəd cəza tətbiq etmək və ya gəncləri informasiya mühitindən təcrid etmək deyil. Məqsəd onların yetkinlik yaşına qədər rəqəmsal dünyanın təhlükələrindən maksimum dərəcədə qorunmasını təmin etməkdir.

Bu gün sosial media platformalarında uşaqların qarşılaşdığı təhlükələr kifayət qədər genişdir. Kiberzorakılıq, saxta məlumatlar, zorakılıq və pornoqrafik məzmun, müxtəlif manipulyasiya üsulları, qumar və narkotik təbliğatı, təhlükəli çağırışlar, psixoloji asılılıq, şəxsi məlumatların oğurlanması artıq qlobal problem hesab olunur. Dünyanın aparıcı universitetləri və beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, erkən yaşlardan sosial şəbəkələrdən intensiv istifadə depressiya, təşviş pozuntuları, diqqət dağınıqlığı, aqressiv davranış və sosial təcrid riskini artırır.

Belə olan halda dövlətin uşaqları qorumaq üçün hüquqi mexanizmlər yaratması təbii və zəruri addım kimi qiymətləndirilməlidir.

Əslində bu, yeni yanaşma deyil. Azərbaycan qanunvericiliyində uşaqların qorunmasına xidmət edən müxtəlif yaş məhdudiyyətləri uzun illərdir tətbiq olunur. Yetkinlik yaşına çatmayanlara siqaret, alkoqollu içki və soyuq silah satılmır, onların pornoqrafik materiallara çıxışına məhdudiyyət qoyulur. Heç kim bu tədbirləri uşaqların hüquqlarının pozulması kimi qiymətləndirmir. Əksinə, cəmiyyət bunu uşaqların sağlam inkişafının təminatı hesab edir.

Bəs niyə rəqəmsal mühit istisna təşkil etməlidir?

Əgər fiziki təhlükələrdən qorumaq dövlətin vəzifəsidirsə, rəqəmsal təhlükələrdən müdafiə də eyni dərəcədə vacibdir. Çünki bugünkü uşaq küçədə keçirdiyi vaxtdan daha çox zamanı telefon ekranı qarşısında keçirir.

Azərbaycan bu istiqamətdə də sıfırdan başlamır. Hələ 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onları zərərli informasiyadan qorumaq üçün hüquqi baza formalaşdırmışdı. İndi təklif olunan dəyişikliklər həmin siyasətin məntiqi davamıdır və rəqəmsal platformalarda yaranmış yeni reallıqlara uyğunlaşdırılır.

Diqqət çəkən digər məqam isə yaş yoxlaması mexanizmidir. Burada söhbət sosial şəbəkələrin bağlanmasından və ya istifadəsinin qadağan edilməsindən getmir. Əsas yenilik qeydiyyat zamanı istifadəçinin yaşının təsdiqlənməsi sisteminin tətbiqidir. Dünyanın bir çox ölkəsində artıq oxşar mexanizmlər tətbiq edilir və texnologiya şirkətləri də bu istiqamətdə müxtəlif həllər hazırlayırlar.

Bəzi tənqidçilər bunu "uşaqların inkişafına maneə" kimi təqdim etməyə çalışırlar. Halbuki məntiq əksini göstərir. Uşağın inkişafı ilk növbədə təhlükəsiz mühitdə formalaşmalıdır. Yetkinlik yaşına çatmamış şəxsin sosial mediada nəzarətsiz fəaliyyət göstərməsi onun inkişafına xidmət etmir, əksinə, çox zaman müxtəlif risklərlə üz-üzə qoyur. Valideyn nəzarəti mexanizminin tətbiqi isə ailənin bu prosesdə rolunu gücləndirir və uşağın rəqəmsal mühitə mərhələli şəkildə inteqrasiyasını təmin edir.

Bu məsələyə yalnız fərdi hüquqlar prizmasından baxmaq düzgün olmazdı. Burada ailənin, cəmiyyətin və dövlətin maraqları üst-üstə düşür. Sağlam böyüyən, psixoloji cəhətdən dayanıqlı, informasiya təhlükələrini ayırd edə bilən gənclər gələcəyin daha sağlam cəmiyyətini formalaşdırırlar. Bu baxımdan uşaqların müdafiəsinə yönəlmiş belə addımlar sosial siyasətin mühüm elementlərindən biri hesab oluna bilər.

Qanunun dərhal deyil, 12 ay sonra qüvvəyə minməsi də təsadüfi deyil. Bu müddət ərzində yaş yoxlamasının tətbiq ediləcəyi platformaların müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması, ictimai maarifləndirmə, valideynlərin məlumatlandırılması və aidiyyəti qurumların hazırlığı təmin olunacaq. Bu da göstərir ki, proses tələsik deyil, mərhələli şəkildə həyata keçiriləcək.

Əlbəttə, heç bir qanun təkbaşına bütün problemləri həll etmir. Uşaqları rəqəmsal təhlükələrdən qorumağın əsas yükü yenə də ailənin, məktəbin və cəmiyyətin üzərində qalacaq. Lakin hüquqi mexanizmlərin yaradılması bu mübarizənin vacib hissəsidir.

Ona görə də bu təşəbbüsü "sosial şəbəkələrə qadağa" kimi təqdim etmək doğru yanaşma deyil. Daha düzgün ifadə "sosial şəbəkələrdə yaş yoxlamasının tətbiqi" və "uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi" olardı. Çünki burada məhdudlaşdırılan uşağın hüququ deyil, onu təhdid edən risklərdir.

Müasir dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri uşaqları yalnız küçənin deyil, internetin də təhlükələrindən qorumaqdır. Azərbaycanın seçdiyi yol da məhz bu məqsədə xidmət edir.

S. Mirzə

"AzPolitika.info"