Son illər dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətinin sərtləşdirilməsi istiqamətində ciddi hüquqi təşəbbüslər irəli sürülür. Əgər əvvəllər əsas diqqət internetə çıxış imkanlarının genişləndirilməsinə yönəlirdisə, indi prioritet uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına keçir.

Azərbaycan da bu qlobal tendensiyaya qoşulan ölkələr sırasındadır. 2026-cı ildə ölkədə sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddinin 16 yaş müəyyən edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açması qadağan edilir, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunur. Eyni zamanda platformaların istifadəçi yaşını yoxlaması, manipulyativ alqoritmlərin (sonsuz "scroll", avtomatik video oynatma və s.) yeniyetmələr üçün məhdudlaşdırılması, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Bu yanaşma təsadüfi deyil. Dünyada aparılan çoxsaylı tədqiqatlar göstərir ki, erkən yaşlarda sosial media istifadəsi uşaqlarda depressiya, narahatlıq, diqqət pozuntuları, kibertəzyiq, onlayn zorakılıq və asılılıq riskini artırır. Xüsusilə alqoritmlərin istifadəçini platformada daha uzun saxlamaq məqsədi daşıması uşaqların psixoloji inkişafına mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur.

Azərbaycanın məqsədi nədir?

Azərbaycanın hazırladığı model yalnız yaş məhdudiyyəti tətbiq etməkdən ibarət deyil. Layihənin mahiyyəti üç əsas istiqaməti əhatə edir:

-uşaqların zərərli kontentdən qorunması;

-sosial şəbəkələrin uşaqların davranışını manipulyasiya edən alqoritmlərinin məhdudlaşdırılması;

-platformaların hüquqi məsuliyyətinin artırılması.

Bu yanaşma göstərir ki, dövlət məsuliyyəti yalnız valideynlərin üzərinə qoymaq istəmir, eyni zamanda texnologiya şirkətlərini də məsul tərəf kimi görür.

Qeyd edək ki, bu istiqamətdə dünyanın müxtəlif ölkələrində daha sərt addımlar atılır. Məsələn, Türkiyə və Norveçin təcrübəsinə diqqət edək.

Türkiyə təcrübəsi: daha sərt dövlət nəzarəti modeli

Türkiyə son illərdə sosial media üzərində ən sərt tənzimləmə tətbiq edən ölkələrdən biridir.


2026-cı ildə qəbul olunan qanuna əsasən, 15 yaşdan kiçik uşaqlara sosial media xidmətlərinin göstərilməsi qadağan edilir. Platformalar yaşın təsdiqlənməsi üçün effektiv mexanizmlər qurmağa borcludur. Bundan əlavə, Türkiyə hökuməti bütün sosial media hesablarının real şəxsiyyət məlumatları ilə əlaqələndirilməsi istiqamətində ayrıca hüquqi mexanizm hazırlayır.

Türkiyə modelinin əsas xüsusiyyətləri bunlardır:

-15 yaşadək istifadəçilərə tam qadağa;

-yaş təsdiqləmə sisteminin məcburiliyi;

-platformaların ölkə qanunlarına tabe edilməsinin gücləndirilməsi;

-anonim hesabların məhdudlaşdırılması istiqamətində siyasət.

Türkiyə modelinin bir sıra üstünlükləri mövcuddur. Belə ki, bu model uşaqların qorunması baxımından effektiv hesab edilir. Platformalar qanunlara əməl etməyə məcbur olur, kibercinayətkarlıqla mübarizə asanlaşır və saxta hesabların sayı azalır.

Düzdür, beynəlxalq hüquq müdafiə təşkilatları hesab edirlər ki, şəxsiyyətin məcburi təsdiqlənməsi anonim ifadə azadlığını zəiflədə, şəxsi məlumatların qorunması və vətəndaşların məxfiliyi ilə bağlı risklər yarada bilər. Ancaq 15 yaşdan kiçik uşaqlara social medianın zərərli təsirlərindən qorumaq üçün başqa bir mexanizm də yoxdur. Bu səbəbdən Türkiyə modeli bəzən uşaqların müdafiəsi naminə sərt dövlət nəzarətinin hayata keçirilməsi kimi də qiymətləndirilir.

Norveç təcrübəsi: təhlükəsizlik və məxfiliyin balansı

Bu istiqamətdə Norveç tamamilə fərqli yanaşma nümayiş etdirir. Belə ki, ötən il hökumət sosial media platformalarında məlumatların emalına razılıq vermək üçün minimum yaşı 13-dən 15-ə qaldırmağı və effektiv yaş yoxlama sisteminin yaradılmasını təklif etmişdi. Ancaq bu sahədə artan narahatçılıq hökumətin daha sərt model irəli sürməsinə səbəb olub.

Yeni qanun layihəsinə əsasən:

-16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir;

-yaş həddi uşağın 16 yaşı tamam olduğu gün deyil, 16 yaşı tamam olacağı ilin 1 yanvarından tətbiq olunur.

Məsələn, 2011-ci il təvəllüdlü uşaq 2027-ci ilin istənilən ayında 16 yaşını tamam edəcəksə, o, 1 yanvar 2027-ci ildən sosial şəbəkələrdən istifadə edə bilər. Bu yanaşma eyni sinifdə oxuyan uşaqlar arasında fərqin yaranmaması üçün seçilib.

Norveçdə geniş istifadə olunan BankID sistemi yaşın yoxlanılması üçün mümkün variant kimi müzakirə olunsa da, hökumət bunun bütün vətəndaşlar üçün əlçatan olmaması və artıq şəxsi məlumat paylaşılmasına səbəb olması səbəbindən ehtiyatlı mövqe tutur.

Norveç modeli məsuliyyəti valideynlərə deyil, texnologiya şirkətlərinə yükləyir. Qanun layihəsinə görə:

-TikTok, Instagram, Snapchat, Facebook kimi platformalar istifadəçinin yaşını qeydiyyat zamanı etibarlı üsulla yoxlamalıdır;

-yaşın təsdiqi üçün effektiv elektron identifikasiya və ya digər təhlükəsiz yaş yoxlama mexanizmləri tətbiq edilməlidir;

-məqsəd istifadəçinin bütün şəxsiyyət məlumatlarını toplamaq deyil, yalnız onun qanunda nəzərdə tutulan yaş həddinə çatıb-çatmadığını təsdiqləməkdir.

Yəni, Norveç yalnız yaş faktının təsdiqlənməsinə üstünlük verir, artıq şəxsi məlumatların paylaşılmasının qarşısını almağa çalışır.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin vəziyyətinə görə bu qaydalar hələ qanun layihəsi mərhələsindədir. Hökumət qanun layihəsini parlamentə təqdim edib və qəbul ediləcəyi təqdirdə texnologiya şirkətləri yaş yoxlanmasını məcburi qaydada həyata keçirməli olacaqlar.

Norveç modelinin üstünlükləri ondadır ki, həm uşaqların müdafiəsini təmin edir, həm də vətəndaşların rəqəmsal hüquqlarını qoruyur. Dövlət istifadəçilərin bütün şəxsiyyət məlumatlarını deyil, yalnız yaş meyarını təsdiqləyən sistem qurmağa çalışır.

Bununla belə modelin tətbiqini çətinlikləri də var. Belə ki, Norveç modeli texniki baxımdan daha mürəkkəbdir. Yaşın dəqiq yoxlanılması, şəxsi məlumatların qorunması və platformaların buna uyğunlaşdırılması həm maliyyə, həm də texnoloji baxımdan daha böyük resurs tələb edir.

Azərbaycan hansı təcrübədən yararlana bilər?

Azərbaycan üçün ən məqsədəuyğun yanaşma Türkiyə və Norveç modellərinin müsbət tərəflərinin birləşdirilməsidir.


Türkiyədən öyrənilə biləcək istiqamətlər:

-platformaların hüquqi məsuliyyətinin artırılması;

-yaş təsdiqləmə sisteminin məcburi olması;

-manipulyativ alqoritmlərin məhdudlaşdırılması;

-uşaqların təhlükəsizliyinə üstünlük verilməsi.

Norveçdən götürülə biləcək elementlər:

-şəxsi məlumatların maksimum qorunması;

-yalnız yaş faktının təsdiqlənməsi prinsipi;

-məlumatların kommersiya məqsədilə istifadəsinin qadağan olunması;

-rəqəmsal hüquqlarla təhlükəsizlik arasında balansın saxlanılması.

Azərbaycanın hazırladığı qanun layihəsində artıq bu iki modelin müəyyən elementləri görünür. Layihədə həm yaşın təsdiqlənməsi, həm valideyn razılığı, həm də şəxsi məlumatların kommersiya məqsədilə istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Ancaq beynəlxalq təcrübə göstərir ki, yaş məhdudiyyəti problemin yalnız bir hissəsini həll edir. Əgər uşaqlar VPN, saxta hesab və ya digər vasitələrlə qadağanı asanlıqla keçə bilirlərsə, qanunun effektivliyi azalır. Digər tərəfdən, valideyn nəzarəti və rəqəmsal savadlılıq zəif olduqda, hüquqi məhdudiyyətlər gözlənilən nəticəni verməyə bilər.

Bu səbəbdən mütəxəssislər üç istiqamətin paralel həyata keçirilməsini vacib hesab edirlər:

-hüquqi tənzimləmə;

-rəqəmsal savadlılığın artırılması;

-valideyn və məktəbin rəqəmsal nəzarət imkanlarının gücləndirilməsi.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək təşəbbüsü dünya miqyasında formalaşan yeni rəqəmsal siyasətin tərkib hissəsidir. Məqsəd interneti qadağan etmək deyil, uşaqları alqoritmlərin, zərərli məzmunun, kibertəzyiqin və rəqəmsal asılılığın təsirlərindən qorumaqdır.

Elman İsmayıllı

“Azpolitika.info”