Ursula fon der Leyenin Bakıya son səfəri və səfər çərçivəsində aparılan müzakirələr bütün ciddi analitik çevrələrdə ölkəmizin uğurlu geosiyasi gündəliyinin tərkib hissəsi kimi qəbul edildiyi halda, primitiv “təhlil konsepsiyaları”na söykənən Sevinc Osmanqızı kimilər bu səfəri öz səviyyələrinə uyğun şəkildə gözdən salmağa çalışırlar.
Bu zaman bir daha məlum olur ki, haradan “qidalandıqları” çoxdan bəlli olan bu adamlar ölkəmizin istənilən uğurunu gözdən salmağa yönələn “təhlillərini” hazırlayarkən, zəhmət çəkib adi diplomatik etiketləri, qaydaları, iş prinsiplərini, Avropa İttifaqı rəhbərliyində kimin hansı vəzifə və səlahiyyətlər daşıdığını belə dəqiqləşdirmək istəmirılər.
Məsələn, Osmanqızı iddia edir ki, fon der Leyenin Bakıya səfəri uğursuz olub, çünki Aİ nümayəndəsi bu səfər çərçivəsində yalnız memorandumla kifayətlənib və Azərbaycanla "satış müqaviləsi" imzalamayıb. Bununla da Ursula fon der Leyenin timsalında Aİ-nin siyasi rəhbərliyinin vəzifələrini Azərbaycanla təbii qaz müqavilələri bağlayacaq kommersiya strukturlarının funksiyalarıyla qarışdırır.

Hansı ki, Leyenin işi Azərbaycanla qaz müqaviləsi bağlamaq deyil, bunun siyasi əsasını yaratmaq və belə müqavilələrə “yaşıl işıq” yandırmaqdır. Belə müqavilələri hazırlayıb reallaşdırmaq isə “Total”, “Eni” və digər bu kimi Avropa şirkətlərinin işi və səlahiyyəti çərçivəsindədir. Yəni, bu cür hüquqi və texniki sənədlər fon der Leyen səviyyəsində imzalanmır.
Osmanqızının eyni “qərəzli naşılığı” Avropa Komissarı Marta Kosun səfərinə də aiddir. Müəllif hesab edir ki, bu səfər hətta "rüsvayçılıqdır", çünki komissar bəzi hesabatlarda siyasi məhbus kimi təqdim olunan şəxslərin azad edilməsini tələb etmək əvəzinə, təyyarələr, logistika və Orta Dəhliz mövzularını müzakirə edib. Hansı ki, Kosun işi də məhz budur.

Onun vəzifəsi Orta Dəhliz boyunca Rusiyadan yan keçərək Çindən Aİ-yə malların tranzitini təmin etməkdir. Adam iqtisadi texnokratdır, onun missiyası insan hüquqları təşkilatlarının işinə qarışmaq deyil.
Osmanqızı bütün bunları bilmirmi? Bilmirsə pis, bilirsə daha pis. Bu, təsadüf, yaxud savadsızlıqdırmı, yoxsa başqa arqumenitn olmamasından irəli gələn qərəzli “vay-şüvənlik”dir? Doğrusu, hər iki cavab uyğun gəlir…
Ancaq müəllifin “qərəzli savadsızlığı” təkcə Leyenin səlahiyyət çərçivələrini bilməməklə məhdudlaşmır. Adamın deyəsən, Azərbaycan coğrafiyası ilə bağlı da problemləri var. Məsələn, Osmanqızı deyir ki, hər şey bir anda dəyişə və Azərbaycanın Orta Dəhlizdəki rolu asanlıqla ləğv edilə bilər. Necə? Həmin marşrutun Naxçıvandan keçməsi ilə.
Bəli, Osmanqızının özünəməxsus “təhlilə” əsaslan “proqnozuna” görə, Avropaya Ermənistan, Naxçıvan və Türkiyə vasitəsilə tranzit marşrutları tətbiq edilə bilər və bu, Azərbaycanın bu marşrutda kənarda qalması(?) anlamını daşıyır.
Birincisi, müəllif sanki Naxçıvanın da Azərbaycanın tərkib hissəsi olduğunu ya bilmir, ya da bilmək istəmir.

İkincisi, ortada Azərbaycanın Ələt limanı kimi vacib arqumenti var. Bu isə Azərbaycanın istənilən halda kənarda qalmayacağı deməkdir. Orta Dəhliz Xəzər dənizinin logistika infrastrukturu və Ələt limanı ilə sıx bağlıdır və regionda buna sadəcə alternativ yoxdur. Osmanqızı zəhmət çəkib bu məsələni də araşdırsa, pis olmaz…
Müəllif Azərbaycanı, onun imkanlarını, iqtisadi dayanıqlığını və s. kiçiltmək üçün Aİ-nin Ermənistana məlum yardımlarını arqument kimi öz auditoriyasına sırımaq istəyir. Bu arqumentin mahiyyəti ondan ibarətdir ki, Aİ Ermənistana milyonlarla avro ayırdığı halda, eyni yardımlar Azərbaycana ayrılmır və ölkəmizə yalnız vədlər verilir. Yenə də terminlər və münasibətlərin siyasi, iqtisadi fəlsəfəsi qarışdırılır. Məsələ ondadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Aİ-dən yardım, kömək dilənmir. Ölkəmiz bu qurumla tərəfdaş kimi münasibət qurur və bu, daha üstün münasibətlər səviyyəsidir. Aİ Azərbaycan üçün artıq çoxdan iqtisadi donor yox, alıcıdır. Aİ də ölkəmizlə münasibətlərə bu prizmadan yanaşır.
Üstəlik, ciddi enerji çatışmazlığı və təchizatın şaxələndirilməsi tələbi fonunda xüsusilə də Avropanın cənubu Bakıdan çox asılıdır.

Aİ Azərbaycandan fərqli olaraq Ermənistana onu Rusiyanın təsirindən qurtarmaq və büdcəsindəki boşluqları doldurmaq üçün milyonlar ayrılır. Özünün on milyardlarla dollar valyuta ehtiyatları olan Azərbaycanın bu kontekstdə Avropa yardımlarına ehtiyacı yoxdur və Bakı özü böyük regional layihələrdə investor və kreditor kimi çıxış edir.
Digər yandan, Ermənistana ayrılan hansısa 50 milyon dollarlıq yardım Azərbaycan üçün yumşaq desək, böyük vəsait deyil. Ancaq Osmanqızı bunu da ya anlamır, ya da anlamaq istəmir…

Bir sözlə, müəllifin “dərin iqtisadi və siyasi təhlili” çürük, adi hüquqi və siyasi biliklərdən uzaq, bir qədər də melanxolik əsaslara söykənir. Avropa isə kənardan özünü demokratiya, ədalət, hüquq mücəssiməsi kimi göstərsə də, ilk yerə öz siyasi və iqtisadi maraqlarını qoyur. Bu zaman isə istənilən riyakarlığa, iküzlülüyə, ikili standartlara gedir.
Bunu kim bilməsə, görməsə, öz üzərində hiss etməsə də, Azərbaycan, xüsusilə Qarabağ mövzusu və digər məsələlərdə bunu dəfələrlə hiss edib. İndi isə həmin Avropa, yenə də öz maraqlarından çıxış edərək, Azərbaycanın ayağına gəlməyə məcburdur. Rəsmi Bakı bunu çox gözəl anlayır və bütün davranışlarını buna uyğunlaşdırır, addımlarını buna görə atır. Osmanqızı kimilər bunu anlamaq iqtidarındadırmı? Bu artıq başqa bir söhbətin mövzusudur…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər