Azərbaycanda bir çox gənc xaricdə yaşamağı və işləməyi daha yaxşı gələcək üçün çıxış yolu kimi görür. Xüsusilə iş imkanları, sosial şərait, təhsil və həyat keyfiyyəti ilə bağlı gözləntilər bu düşüncəni daha da gücləndirir. Sosial şəbəkələrdə paylaşılan xarici həyat görüntüləri də gənclərin qərarlarına təsir edən əsas amillərdən biri sayılır.

Bəs gənclər niyə gələcəklərini öz ölkələrində deyil, xaricdə qurmağa çalışırlar? Xaricdə həyat həqiqətən göründüyü qədər rahatdır? Azərbaycanda gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə bir çox gənclər xarici ölkələrdə təhsil və iş üçün daha geniş imkanlar gördüklərinə görə həmin ölkələrə üz tuturlar.

Onun sözlərinə görə, bu, ilk baxışda problem kimi görünsə də, müəyyən mənada normal prosesdir: “Dünyanın müxtəlif ölkələri arasında təhsil, iş və karyera ilə bağlı miqrasiya axını mövcuddur. Çünki heç bir ölkədə bütün imkanlar eyni səviyyədə deyil. Bəzi ölkələr texnologiya sahəsində, bəziləri təhsildə, digərləri isə sosial və iqtisadi imkanlarda daha üstün mövqedədir. İnkişaf etmiş ölkələrdən də başqa ölkələrə gənclərin axını müşahidə olunur. Gənclər daha yaxşı karyera və fərqli həyat imkanları üçün xaricə gedirlər.

Azərbaycandan da xaricə üz tutan gənclərin sayı kifayət qədərdir. Bəzi hallarda gənclər öz bacarıq və istedadlarını ölkə daxilində reallaşdırmaq üçün lazımi şərait tapa bilmirlər. Məsələn, müəyyən sahələrdə istehsalat, texnologiya, elmi imkanlar və ya yüksək gəlir səviyyəsi yetərli olmur. Bu səbəbdən gənclər iqtisadi, elmi, sosial və texniki baxımdan daha inkişaf etmiş ölkələrə üz tuturlar”.

E.Bayramlı vurğulayıb ki, xaricdə uğur qazanan gənclər çox olsa da, problemlərlə üzləşənlərin sayı da az deyil. O, xalq arasında işlənən “Yel əsib, qoz tökülməyib” məsəlini xatırladaraq bildirib ki, xarici ölkədə iş qurmaq və ya bizneslə məşğul olmaq heç də asan deyil: “Bəzi mütəxəssislər yaxşı gəlirli işlər taparaq uğurlu karyera qura bilirlər. Lakin bu, hər kəs üçün mümkün olmur. Xarici ölkələrdə yüksək maaş alan şəxslər eyni zamanda yüksək vergilər ödəyir, yaşayış xərcləri ilə üzləşirlər. Bahalaşma və həyat tərzi də fərqlidir. Buna görə də xaricə getməyin hər zaman ideal nəticə verəcəyinə dair yüz faiz təminat yoxdur”.

Sosioloq hesab edir ki, Azərbaycanda gənclərin bir çoxu öz potensialını tam şəkildə reallaşdıra bilmir: “Müxtəlif sahələrdə problemlər mövcuddur. Bəzi sənaye və ixtisas sahələrində təhsil almış gənclər iş tapa bilmirlər, mövcud vakansiyalar isə olduqca məhduddur. Bu səbəbdən əmək bazarında həmin ixtisaslara tələbat aşağı səviyyədə qalır.

Azərbaycanda gənclərin öz istedad və bacarıqlarını ölkənin inkişafına yönəltməsi üçün xüsusi dövlət proqramları hazırlanmalıdır. Bacarıqlı və istedadlı gənclər müəyyən edilərək startap layihələrinə cəlb olunmalı, innovativ ideyalarının həyata keçirilməsinə və istehsalata tətbiqinə dəstək verilməlidir. Bunun üçün müxtəlif istiqamətlər üzrə klubların və yaradıcı platformaların yaradılması məqsədəuyğun olardı. Məsələn, ixtiraçılar klubu və digər innovasiya mərkəzləri fəaliyyət göstərə bilər”.

O əlavə edib ki, Azərbaycanda sənayenin və elm tutumlu sahələrin inkişafı sürətləndirilməli, müasir texnologiyalar və süni intellekt kimi istiqamətlərdə yeni müəssisələr yaradılmalıdır: “Bu, gənclərin özlərini ölkə daxilində reallaşdırmasına imkan verər. Eyni zamanda innovativ ideyaların maliyyələşdirilməsi mexanizmləri də formalaşdırılmalıdır. Çünki bəzi gənclərin ideyalarına ölkə daxilində diqqət ayrılmır və onlar həmin layihələri xarici şirkətlərə təqdim edirlər. Nəticədə layihələr xaricdə maliyyələşdirilərək həyata keçirilir.

“Beyin axını”nın qarşısını almaq üçün dövlət səviyyəsində ciddi proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İstedadlı və intellektual gənclərin potensialı Azərbaycana yönəldilməli, onların fəaliyyəti ölkənin inkişafına xidmət etməlidir”.

Oğuz Ayvaz

AzPolitika.info”