2026-cı il yanvarın 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda dövlət qulluqçularının sayı 27 293 nəfərdir.İnzibati vəzifələr təsnifatlara bölündüyündən, bu araşdırmamızı bir təsnifat üzrə aparmışıq: ali–üçüncü təsnifatına aid inzibati vəzifələr üzrə.
Qeyd edək ki, dövlət qulluğunun ali–üçüncü təsnifatına aid inzibati vəzifələr kateqoriyasıa nazirliklər, dövlət komitələri, agentliklər, xidmətlər, dövlət inspeksiyaları və qanunvericiliyə uyğun olaraq dövlət qulluğu tətbiq edilən digər dövlət orqanlarında çalışan rəhbər vəzifəli şəxslər daxildir. Buraya rəhbərlər, rəhbər müavinləri, aparat rəhbərləri, şöbə müdirləri, şöbə müdirinin müavinləri, sektor müdirləri, baş, böyük və aparıcı məsləhətçilər, eləcə də məsləhətçilər aid edilir. Statistikaya dövlət müəssisələri, dövlət şirkətləri, bələdiyyələr və siyasi vəzifə tutan şəxslər daxil deyil.
Ali–üçüncü təsnifat üzrə inzibati vəzifələrdə ümumilikdə 2 070 dövlət qulluqçusu çalışır. Onlardan 9 nəfəri 25 yaşadək, 79 nəfəri 25–29 yaş, 231 nəfəri 30–34 yaş, 377 nəfəri 35–39 yaş, 422 nəfəri 40–44 yaş, 310 nəfəri 45–49 yaş, 237 nəfəri 50–54 yaş, 135 nəfəri 55–59 yaş, 178 nəfəri 60–64 yaş, 92 nəfəri isə 65 yaş və yuxarı yaş qrupuna daxildir.
Qeyd edək ki, inzibati vəzifələr müxtəlif təsnifatlara bölünür. Üçüncü təsnifat dövlət qulluğunda yüksək rəhbər vəzifələrdən hesab olunur. Buraya rəhbər, rəhbər müavini, aparat rəhbəri, şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələri daxildir.

Üçüncü təsnifat üzrə ümumilikdə 2 070 dövlət qulluqçusu çalışır.
Yaş bölgüsü belədir:
- 25 yaşadək – 9 nəfər;
- 25–29 yaş – 79 nəfər;
- 30–34 yaş – 231 nəfər;
- 35–39 yaş – 377 nəfər;
- 40–44 yaş – 422 nəfər;
- 45–49 yaş – 310 nəfər;
- 50–54 yaş – 237 nəfər;
- 55–59 yaş – 135 nəfər;
- 60–64 yaş – 178 nəfər;
- 65 yaşdan yuxarı – 92 nəfər.
Bu rəqəmlər göstərir ki, 30 yaşadək cəmi 88 nəfər müxtəlif dövlət qurumlarında ali–üçüncü təsnifata aid inzibati vəzifələr tutur. Bu isə həmin təsnifat üzrə çalışanların cəmi 4,3 faizini təşkil edir.
Bununla yanaşı, 60 yaşdan yuxarı rəhbər vəzifəli dövlət qulluqçularının sayı 270 nəfərdir. Başqa sözlə, bu yaş qrupunda olanların sayı 30 yaşadək rəhbər vəzifə tutanlardan üç dəfədən çoxdur.
Bəzi rəhbər vəzifələrində isə gənclərin təmsilçiliyi ya ümumiyyətlə yoxdur, ya da olduqca məhduddur.
Məsələn, "rəhbər" vəzifəsi üzrə 40 yaşadək heç bir dövlət qulluqçusu yoxdur. Rəhbər müavini vəzifəsində 209 nəfər çalışır. Onların arasında 25 yaşadək heç kim yoxdur, 25–29 yaş qrupunda isə cəmi 7 nəfər təmsil olunur.
Şöbə müdiri vəzifəsində 314 nəfər çalışır. Bu vəzifədə də 25 yaşadək dövlət qulluqçusu yoxdur.
Şöbə müdirinin müavini vəzifəsində 245 nəfər çalışır. Bu kateqoriyada da gənclərin sayı olduqca azdır. Əvəzində, 60 yaşdan yuxarı 17 nəfər həmin vəzifəni tutur.
Üçüncü təsnifatda 43 nəfər sektor müdiri var. Onların yalnız 2 nəfəri 30 yaşdan aşağıdır. Ən çox təmsil olunan yaş qrupu isə 40–54 yaş aralığıdır.
Məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində gənclərin sayı rəhbər vəzifələrlə müqayisədə nisbətən çoxdur.
- Böyük məsləhətçilərin 6 nəfəri 25–29 yaşdadır;
- Aparıcı məsləhətçilərin 5 nəfəri 25–29 yaşdadır;
- Məsləhətçilərin 10 nəfəri isə 25 yaşadəkdir.
Statistikada diqqət çəkən məqamlardan biri də 65 yaşdan yuxarı dövlət qulluqçularının sayıdır. Dövlət qulluğunda müəyyən edilmiş yaş həddini keçmələrinə baxmayaraq, rəhbər vəzifələrdə çalışan 65 yaşdan yuxarı şəxslərin sayı 92 nəfərdir.
Məlumat üçün bildirək ki, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq, ümumilikdə isə ən çoxu 5 dəfə uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Bununla belə, ali–üçüncü təsnifata aid inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında 5 ildən artıq müddətə də uzadıla bilər.

Dövlət qulluğunda olma müddətinin uzadılması üçün aşağıdakı əsaslardan ən azı biri olmalıdır:
- dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
- elmi dərəcənin və ya elmi adın olması;
- dövlət təltifi ilə təltif olunması;
- attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçməsi.
Dövlət orqanında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Dövlət orqanının aparatında və tabeliyində olan qurumlarda isə bu göstərici müvafiq olaraq işçilərin sayının 2 faizindən artıq olmamalıdır. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına yalnız onun razılığı əsasında yol verilir.
Rəqəmlər göstərir ki, dövlət qulluğunda ali–üçüncü təsnifata aid rəhbər vəzifələrdə gənclərin təmsilçiliyi hələ də məhduddur. 30 yaşadək rəhbər vəzifə tutanların sayı cəmi 88 nəfər olduğu halda, 60 yaşdan yuxarı 270 nəfər, 65 yaşdan yuxarı isə 92 nəfər müxtəlif rəhbər vəzifələrdə fəaliyyətini davam etdirir. Bu statistika dövlət idarəçiliyində nəsillərarası balans, karyera yüksəlişi imkanları və gənclərin rəhbər vəzifələrə çıxışı ilə bağlı müzakirələrin aktuallığını bir daha gündəmə gətirir.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər