Azərbaycanda açıqlanan son statistik məlumatlar göstərir ki, ölkədə muzdlu işçilərin sayı azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 792,3 min nəfər olub. Bu göstərici aprelin 1-i ilə müqayisədə 5,3 min nəfər və ya təxminən 0,3 faiz azdır. Belə ki, aprelin əvvəlində ölkədə 1 milyon 797,6 min muzdlu işçi qeydə alınmışdı.
Azalma əsasən dövlət sektorunda müşahidə edilib. Aprelin 1-nə dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 869,5 min nəfər olduğu halda, mayın 1-nə bu rəqəm 862,8 min nəfərə enib. Beləliklə, cəmi bir ay ərzində dövlət sektorunda çalışanların sayı 6,7 min nəfər azalıb. Məlumatlar göstərir ki, bu azalma təkcə son ayla məhdudlaşmır. Bu ilin aprel ayının əvvəlinə olan statistikaya əsasən, son bir il ərzində dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 880117 nəfərdən 869 556 nəfərə düşüb. Nəticədə dövlət sektorunda çalışanların sayı il ərzində 10 561 nəfər və ya 1,2 faiz azalıb.
Regionlar üzrə statistikaya nəzər saldıqda ən yüksək faizli azalma Şuşa rayonunda qeydə alınıb. Burada dövlət sektorunda çalışan muzdlu işçilərin sayı bir il ərzində 2 216 nəfərdən 1 439 nəfərə enib. Bu isə 777 nəfər və ya 35,1 faiz azalma deməkdir.
Faiz baxımından dövlət sektorunda məşğulluğun ən çox azaldığı beş rayon bunlardır:
- Şuşa rayonu – 35,1 faiz;
- Xocavənd rayonu – 27,9 faiz;
- Zəngilan rayonu – 22,4 faiz;
- Babək rayonu – 20,0 faiz;
- Xocalı rayonu – 20,0 faiz.
Say baxımından isə ən böyük azalma Yasamal rayonunda qeydə alınıb. Rayonda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı son bir ildə 104 147 nəfərdən 96951 nəfərə düşüb. Beləliklə, burada çalışanların sayı 7196 nəfər və ya 6,9 faiz azalıb. Ümumilikdə ölkənin 54 şəhər və rayonunda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı azalıb.
Azalmanın ən aşağı səviyyədə olduğu rayonlar isə bunlardır:
- Qax rayonu – 0,7 faiz;
- Quba rayonu – 0,4 faiz;
- Şərur rayonu – 0,4 faiz;
- Daşkəsən rayonu – 0,3 faiz;
- Zaqatala rayonu – 0,2 faiz.
Bununla yanaşı, bəzi rayonlarda dövlət sektorunda çalışanların sayında artım da qeydə alınıb. Faiz baxımından ən yüksək artım Ağdərə rayonunda müşahidə olunub. Burada dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 89 nəfərdən 400 nəfərə yüksəlib. Say baxımından isə ən böyük artım Suraxanı rayonunda qeydə alınıb. Rayonda dövlət sektorunda çalışanların sayı son bir ildə 3798 nəfərdən 7251 nəfərə çatıb.
İqtisadçı Xalid Kərimli "AzPolitika"ya açıqlamasında bildirib ki, dövlət sektorunda çalışanların sayının azaldılması əslində çoxdan həyata keçirilməli olan addımdır.

Mütəxəssisin fikrincə, dövlət sektorunda çalışanların sayının yüksək olması səmərəli yanaşma hesab edilmir: "Uzun illər Azərbaycanda məşğulluqda dövlət sektorunun payı təxminən 50 faiz olub, halbuki bazar iqtisadiyyatına malik ölkələrdə bu göstərici adətən 25-30 faizdən yuxarı qalxmır. Dövlətin sosial problemləri nəzərə alaraq süni məşğulluq yaratması həm dövlət büdcəsi, həm də iqtisadiyyat üçün əlavə yük formalaşdırır. Bu vəziyyət resurslardan səmərəsiz istifadəyə səbəb olur, dövlət idarəçiliyinin effektivliyini azaldır, bürokratiyanı artırır və aşağı əməkhaqları fonunda korrupsiya riskini də yüksəldir".
Xalid Kərimli vurğulayır ki, dövlət aparatının kiçildilməsi vacibdir: "Bir çox insan yalnız sabit maaş naminə dövlət sektorunda qalır və bu, əmək bazarının inkişafına mənfi təsir göstərir. Bundan əlavə, dövlət sektorunda daha yüksək maaşların təklif olunması özəl sektordan işçi axınına səbəb olur və nəticədə özəl sektorun inkişafı ləngiyir".
Dövlət sektorunda son dövrlər müşahidə olunan işçi sayının azalamasının səbəblərinə toxunan Xalid Kərimli bildirib ki, bunun əsas səbəblərindən biri optimallaşdırma və institusional islahatlardır. Onun sözlərinə görə, dövlət qurumlarının birləşdirilməsi, təkrarlanan funksiyaların aradan qaldırılması və dövlət yükünün mərhələli şəkildə azaldılması zəruridir.
X. Kərimlinin sözlərinə görə, dövlət sektorunda işçi sayının azalmasına təsir edən digər mühüm amil isə rəqəmsallaşmadır: "Elektron xidmətlərin genişlənməsi nəticəsində əvvəllər çoxsaylı əməkdaş tələb edən xidmətlər artıq elektron qaydada göstərilir və bu da işçi qüvvəsinə olan tələbatı azaldır. Dövlət aparatının kiçildilməsi istiqamətində islahatlar davam etdirilməlidir. Bununla belə, bu proses tədricən aparılmalı, iqtisadiyyata mənfi təsir göstərməməlidir".
Xalid Kərimli vurğulayıb ki, dövlət bu keçid dövründə investisiyaları, müxtəlif dövlət proqramlarını və sosial layihələri genişləndirməlidir. Bu, həm yeni iş yerlərinin açılmasına, həm də ixtisar olunan şəxslərin ciddi sosial çətinliklərlə üzləşməsinin qarşısını almağa kömək edə bilər.
İqtisadçının qənaətincə, Azərbaycanda böyük dövlət anlayışı sovet dövründən və neft iqtisadiyyatının formalaşdırdığı modeldən qaynaqlanır. O hesab edir ki, ölkə uzunmüddətli perspektivdə bu modeldən tədricən uzaqlaşmalıdır.
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər