Azərbaycanda ali təhsil alan gənclərin əsas gözləntisi təbii olaraq universiteti bitirdikdən sonra ixtisasına uyğun iş tapmaqdır. Təəssüf ki, ali təhsil diplomu əldə etmək həmin gəncin asan şəkildə əmək bazarına daxil olacağı anlamına gəlmir. Bu gün minlərlə gənc məzun ya uzun müddət iş tapa bilmir, ya da ixtisasına uyğun olmayan sahələrdə çalışmağa məcbur qalır.
Rəsmi statistikaya görə, Azərbaycanda gənclər arasında işsizlik hələ də yüksək olaraq qalır. Son məlumata əsasən, 15-24 yaşlılar arasında işsizlik səviyyəsi 12,8% təşkil edir. Bu yaş qrupunda 79,8 min nəfər işsizdir ki, bu da ölkədə qeydə alınan bütün işsizlərin 28,2%-ni təşkil edir. Başqa sözlə, Azərbaycanda hər dörd işsizdən biri gəncdir ki, bura universitet məzunlarının əmək bazarına daxil olmaqda üzləşdiyi çətinliklər də təsir edir.
Elə Dövlət Məşğulluq Agentliyinin (DMA) 2018-2023-cü illəri əhatə edən “Məzunların Məşğulluq Reytinqi” bunun bariz nümunəsidir. Qurumun məlumatına görə, sözügedən dövrdə 138 min 962 nəfər ali təhsil müəssisəsini bitirsə də, onlardan 80 min 128 nəfəri işlə təmin olunub. Bu isə o deməkdir ki, məzunların 57,7 faizi əmək bazarına daxil ola bilib. Başqa sözlə, hər 10 məzundan təxminən 4-ü məzun olduqdan sonra rəsmi iş tapa bilməyib.
Lakin statistikada diqqət çəkən əsas məqam məzunların öz ixtisasından fərqli sahələrə, daha dəqiq desək pərakəndə ticarət şəbəkələrinə üz tutmasıdır. DMA-nın məlumatları göstərir ki, ali məktəb məzunlarını ən çox işə qəbul edən iqtisadi fəaliyyət növlərindən biri ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satış sektorudur. Bu sahədə 2 860 nəfər məzun işə qəbul olunub ki, bu göstərici təkcə Mərkəzi Bankın göstəricisindən geri qalır.
Daha aydın anlamaq qeyd olunan dövrdə məzunların işlə təmin olunduqları əsas sahələri təqdim edirik:
- Mərkəzi Bank – 3995 nəfər;
- Mağazalarda pərakəndə satış – 2 860 nəfər;
- Ümumi xarakterli dövlət idarəetməsi – 2 558 nəfər;
- Ümumi orta təhsil – 2 424 nəfər;
- Restoran fəaliyyəti – 2 251 nəfər;
- Topdansatış fəaliyyəti – 2 237 nəfər;
- Ali təhsil müəssisələri – 2 097 nəfər;
- Digər pərakəndə satış sahələri – 1 654 nəfər;
- Digər qruplara daxil edilməyən sahibkarlıq fəaliyyəti – 1 370 nəfər;
- Sosial proqramların idarə olunması – 1 037 nəfər.
Ən çox məzun işə götürən şirkətlər də elə supermarket şəbəkələridir

Ən çox məzun işə qəbul edən şirkət "Araz Supermarket" MMC olub. Şirkət araşdırılan dövrdə 1 304 məzunu işlə təmin edib.
İlk onluqda yer alan işəgötürənlər:
- Araz Supermarket – 1 304 nəfər;
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi – 1 143 nəfər;
- Kapital Bank – 1 042 nəfər;
- DOST İş Mərkəzi – 781 nəfər;
- ABC Telecom – 622 nəfər;
- McDonald's Azərbaycan – 577 nəfər;
- Oba Market – 552 nəfər;
- Unibank – 549 nəfər;
- ANC Group – 533 nəfər;
- Azərbaycan Supermarket – 518 nəfər.
Maaşlara gəlincə, buradakı mənzərə də ürəkaçıcı deyil. Ən böyük qrup 400 manatadək əməkhaqqı alanlardan ibarətdir:
- 400 manat maaş alanlar – 50667 nəfər;
- 401-500 manat maaş alanlar– 12228 nəfər;
- 501-650 manat maaş alanlar – 8199 nəfər;
- 651-800 manat maaş alanlar– 4394;
- 951 – 1100 manat maaş alanlar – 976;
- 1251-1400 maaş alanlar – 346 nəfər;
- 1401-1550 maaş alanlar– 0;
- 1551 manatdan yuxarı – 666 nəfər.
İqtisadçı Xalid Kərimli “AzPolitika” -ya şərhində bildirib ki, ali məktəb məzunlarının daha çox marketlərdə çalışmasının bir neçə səbəbi var.
Onun sözlərinə görə, ilk səbəb ticarət sektorunda işə qəbul üçün giriş baryerinin aşağı olmasıdır. Belə ki, digər sahələrdə işə qəbul zamanı namizədlərdən peşəkar bilik, ixtisas hazırlığı və iş təcrübəsi tələb olunduğu halda, supermarketlərdə bu tələblər daha azdır.
“Universiteti yeni bitirən və ya qiyabi təhsil alan tələbələrin işləməyə ehtiyacı olur. Gənclər ailədən asılı olmamaq üçün gəlir əldə etməyə çalışırlar. Marketlərdə isə işə qəbul üçün xüsusi iş təcrübəsi və ya dərin ixtisas biliyi tələb edilmir. Kompüterdən elementar istifadə bacarığın, hesab aparmaq bacarığın varsa, işə qəbul olunmaq mümkündür. Əmək bazarına yeni daxil olan gəncin digər sahələrdə tələb olunan yüksək peşə tələblərinə cavab verməsi isə çətindir”, – deyə iqtisadçı bildirib.

X. Kərimlinin sözlərinə görə, supermarket şəbəkələrinin sayının artması da bu sektorda işçi tələbatını yüksəldir: “Bakıda əhali artdıqca, insanların yaşayış səviyyəsi yüksəldikcə ənənəvi bazarlara maraq azalır. İnsanlar vaxt itirmədən evlərinə yaxın marketlərdən alış-veriş etməyə üstünlük verirlər. Supermarket şəbəkələri genişləndikcə yeni iş yerləri və vakansiyalar yaranır. Bu baxımdan tələbələrin və yeni məzunların daha çox marketlərdə, kuryer və digər xidmət sahələrində işləməsi təəccüblü deyil”.
İqtisadçı hesab edir ki, problemin digər mühüm səbəbi ali təhsil sistemi ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqdur: “Universitet təhsilinin keyfiyyəti ilə bağlı məsələlər də var. Universitetlər tələbələri əmək bazarına kifayət qədər yaxşı hazırlamır. Diplom alan tələbə ya öz ixtisasını kifayət qədər yaxşı bilmir, ya da həmin ixtisasa uyğun iş tapa bilmir. Nəticədə mağazalarda və xidmət sektorunda işləməyə üstünlük verir. Bu, ali təhsil sistemi ilə əmək bazarı arasında olan problemləri ortaya qoyur”.
Onun fikrincə, qeyri-neft sektorunun zəif inkişadı, yeni iş yerlərinin kifayət qədər açılmaması da məzunların seçim imkanlarını məhdudlaşdırır: “Əgər ölkədə daha çox iş yeri açılsa, işəgötürənlər universiteti yeni bitirmiş gəncləri də işə qəbul edib təlim keçməyə maraqlı olarlar. Amma yeni iş yerləri az olduğu üçün işəgötürənlər daha təcrübəli namizədləri seçirlər. Yeni məzunlar isə həmin vakansiyalar uğrunda rəqabət aparmaqda çətinlik çəkir və nəticədə marketlərə, xidmət sektoruna yönəlirlər”.
X. Kərimli əlavə edib ki, ticarət sektorunda kadr dövriyyəsinin yüksək olması da marketlərdə vakansiyaların daim açıq qalmasına səbəb olur: “Mağazalarda, xidmət və ticarət sektorunda kadr dövriyyəsi yüksəkdir. İşə qəbul üçün giriş rahat, maaşlar isə çox yüksək olmadığına görə insanlar daha yaxşı maaşlı və ya ixtisaslarına uyğun iş tapan kimi iş yerlərini dəyişirlər. Tələbələr də bu işlərə daha çox müvəqqəti məşğulluq kimi baxırlar. Bu səbəbdən supermarketlərdə davamlı olaraq yeni vakansiyalar yaranır”.
Digər tərəfdən, Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, Azərbaycanda ümumən özəl sektorda çalışanların əsas hissəsi ticarət sahəsində cəmləşib.
2025-ci ilin ilk rübünün sonunda qeyri-dövlət sektorunda çalışan 928 min muzdlu işçinin 329,6 min nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri, 238,1 min nəfəri isə birbaşa pərakəndə satış sahəsində fəaliyyət göstərib. Bu o deməkdir ki, özəl sektorda çalışan hər dörd nəfərdən biri marketlərdə və digər pərakəndə satış müəssisələrində işləyir.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər