Əmlak bazarında qiymətlərin yüksəlməsi ev almaq istəyən vətəndaşları qərar verməkdə çətin vəziyyətdə qoyur. Son göstəricilər mənzil bazarında bahalaşma meylinin davam etdiyini göstərir.
Bəs mənzil almaq üçün hazırkı dövr əlverişlidir, yoxsa qiymətlərin dəyişməsini gözləmək daha sərfəlidir? Mənzil almağı planlaşdıranlar hansı amilləri nəzərə alaraq qərar verməlidirlər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, 2021-ci ildən etibarən ölkədə daşınmaz əmlakın qiymətində artım dinamikası davam edir.
Onun sözlərinə görə, hər ilin sonunda mənzil sektorunda, xüsusilə Bakı şəhərində qiymət artımı orta hesabla 12-13 faiz təşkil edir: “Beləliklə, 2021-ci illə bu ili müqayisə etdikdə daşınmaz əmlakın qiymətində artımın təxminən 80 faizə çatdığını görürük”.
E.Azadov daşınmaz əmlak sektoruna investisiya qoyuluşunun da son illərdə əlverişli olduğunu bildirib: “Hətta ipotekadan investisiya məqsədilə istifadə edənlərin sayı da artıb. Əslində, ipoteka yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulub. Lakin ölkədə yaranmış əlverişli şəraitə görə ipotekadan investisiya aləti kimi istifadə edənlərin sayı çoxalıb”.
Ekspert daşınmaz əmlakın qiymət artımının əsas səbəblərindən birinin tikinti sektorunda şirkətlərin aktivliyinin azalması olduğunu vurğulayıb: “Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti şirkətlərinə verilən icazələrin sayının məhdudlaşdırılması yeni layihələrin sayının azalmasına və tikinti şirkətləri arasında rəqabətin zəifləməsinə səbəb olub.
2016-cı illə 2026-cı ili müqayisə etsək, yeni başlayan çoxmənzilli binaların layihələrinin həcmi 8-10 dəfə azalıb. Bu, çox ciddi azalmadır. Yaxın vaxtlarda hər hansı ciddi canlanmanın baş verəcəyini gözləmirəm”.
E.Azadov hesab edir ki, tikinti sektorunda aktivliyin bərpa olunmaması daşınmaz əmlak bazarında qiymət artımının davam etməsinə səbəb olacaq: “Bu səbəbdən daşınmaz əmlakın qiymətində artımın ən azı 1-2 il ərzində davam edəcəyini düşünürəm”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər