Özbəkistan son illərdə iqtisadi və institusional islahatlarla yanaşı, şəhərsalma baxımından da miqyası ilə seçilən layihələr həyata keçirir. Bu layihələrin ən iddialılarından biri paytaxt Daşkəndin şərqində formalaşdırılan “Yeni Daşkənd” şəhəridir. Miqyasına, nəzərdə tutulan əhali sayına, nəqliyyat və sosial infrastrukturuna, eləcə də elm-təhsil və innovasiya funksiyalarına görə layihə sadəcə yeni yaşayış massivinin yaradılması deyil, Daşkəndin gələcək inkişaf modelinin dəyişdirilməsi cəhdi kimi qiymətləndirilə bilər.
Rəsmi məlumatlara görə, layihənin təməli 18 mart 2023-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə qoyulub. Layihə Daşkənd vilayətinin Yuqori Çirchiq və Orta Çirchiq rayonlarını əhatə edir. İlkin sənədlərdə təxminən 20 min hektarlıq ərazidən bəhs edilsə də, sonrakı rəsmi məlumatlarda layihə ərazisi 19,7 min hektar kimi göstərilir. Tam reallaşdıqda Yeni Daşkəndin 2 milyon nəfərlik müasir meqapolisə çevrilməsi, ilk mərhələdə isə 6 min hektar ərazidə 600 min nəfər üçün infrastruktur yaradılması nəzərdə tutulur.
Bu rəqəmlər layihənin miqyasını təsəvvür etmək üçün kifayətdir. Söhbət bir neçə yaşayış kompleksindən və ya ayrıca inzibati rayondan deyil, uzun illər ərzində formalaşacaq, öz iqtisadi, sosial, nəqliyyat və elm-təhsil ekosisteminə malik yeni şəhərdən gedir.
Daşkəndin böyüməsinə yeni cavab
Yeni Daşkənd ideyasının arxasında ilk növbədə paytaxtın sürətli böyüməsi dayanır. Özbəkistan hakimiyyətinin yanaşmasına görə, mövcud Daşkəndin ərazisində tikintinin davamlı genişləndirilməsi əvəzinə şəhər inkişafının yeni istiqamətə yönəldilməsi daha məqsədəuyğundur.

2023-cü ildə layihənin təməlqoyma mərasimində Prezident Mirziyoyev şəhərin inkişafının uzunmüddətli perspektivdən nəzərdən keçirilməsinin vacibliyini vurğulamışdı. Yeni Daşkəndin yaradılması ideyası məhz paytaxtın gələcək inkişafını əvvəlcədən planlaşdırmaq, yeni yaşayış və iş yerləri yaratmaq, nəqliyyat yükünü bölüşdürmək və şəhər ətrafında daha sistemli urbanizasiya yaratmaq məqsədləri ilə əlaqələndirilmişdi.
Bu baxımdan Yeni Daşkəndi “köhnə şəhərin davamı”ndan daha çox, Daşkəndin ikinci urban mərkəzi kimi təsəvvür etmək mümkündür.
Layihənin konsepsiyasının hazırlanmasında Böyük Britaniyanın “Cross Works” şirkəti ilə yanaşı, müxtəlif ölkələrdən şəhərsalma və infrastruktur üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulub. Rəsmi açıqlamalarda Sinqapur, İngiltərə, Çin, Almaniya, Türkiyə, Niderland, Cənubi Koreya və BƏƏ-dən şirkətlərin və ekspertlərin prosesə cəlb edildiyi bildirilir.
Bu isə layihənin yalnız tikinti deyil, beynəlxalq şəhərsalma təcrübəsinin tətbiq edildiyi kompleks urbanizasiya proqramı olduğunu göstərir.
19,7 min hektarlıq şəhər: miqyas nə deməkdir?
Yeni Daşkəndin planlaşdırılan ərazisi təxminən 19,7 min hektardır. İlk mərhələdə 6 min hektar ərazidə tikinti aparılır və burada 600 min nəfərlik yaşayış və şəhər infrastrukturu yaradılması nəzərdə tutulur. Layihənin tam həyata keçirilməsi nəticəsində əhalinin 2 milyona çatdırılması planlaşdırılır.

Burada diqqət çəkən məqam şəhərin yalnız mənzil fondundan ibarət olmamasıdır.
Rəsmi konsepsiyada Yeni Daşkənddə yaşayış məhəllələri, dövlət və inzibati binalar, biznes və innovasiya rayonları, təhsil və elm mərkəzləri, tibb klasterləri, turizm obyektləri,mədəniyyət məkanları, park və yaşıllıq zonaları, metro və digər ictimai nəqliyyat sistemləri, piyada və velosiped infrastrukturu yaradılması nəzərdə tutulur.
Beləliklə, şəhərin əsas fəlsəfəsi “insanları yeni əraziyə köçürmək” deyil, insanların yaşadığı, işlədiyi, təhsil aldığı, xidmətlərdən yararlandığı və istirahət etdiyi tamhüquqlu urban ekosistem yaratmaqdır.
Yeni şəhərin ən böyük üstünlüyü – şəhər əvvəlcədən planlaşdırılır
Müasir şəhərsalmanın ən mühüm prinsiplərindən biri mövcud şəhərin problemlərini sonradan həll etmək əvəzinə, həmin problemləri şəhər layihələndirilərkən nəzərə almaqdır.
Yeni Daşkənd layihəsində də məhz bu yanaşmanın tətbiqi diqqəti çəkir.
Rəsmi məlumatlara əsasən, hazırda şəhərin “yeraltı skeleti” formalaşdırılır. İstilik, su, elektrik enerjisi və telekommunikasiya şəbəkələrinin yeraltı kollektorlar vasitəsilə yerləşdirilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna şəhərdə tikinti sahələrinin ümumi həcminin 3 milyon kvadratmetrə çatdığı bildirilmişdi.
Bu, ilk baxışdan görünməyən, lakin şəhərin gələcək fəaliyyəti üçün həlledici əhəmiyyət daşıyan mərhələdir.
Çünki milyonlarla insanın yaşayacağı şəhərdə kanalizasiya, su, elektrik, istilik və rəqəmsal rabitə sistemlərinin sonradan deyil, ilk gündən vahid urban planın tərkibində yaradılması gələcəkdə həm xərcləri, həm də texniki problemləri azaltmağa imkan verə bilər.
“Ağıllı şəhər” yalnız texnologiya deyil
Yeni Daşkəndin əsas konseptual xüsusiyyətlərindən biri onun “ağıllı və yaşıl şəhər” kimi qurulmasıdır.

Burada “smart city” anlayışı yalnız kameraların, sensorların və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə məhdudlaşmır. Rəsmi konsepsiyada şəhərin nəqliyyat, kommunal təsərrüfat, enerji, su, ekologiya və ictimai məkanlarının bir-biri ilə əlaqələndirilmiş şəkildə idarə edilməsi nəzərdə tutulur.
Prezidentin 2023-cü ildəki təqdimatında metro və elektrobusların inteqrasiyası, piyada və velosiped hərəkəti üçün əlverişli şərait yaradılması, bütün əsas kommunikasiya xətlərinin yeraltı yerləşdirilməsi kimi məsələlər xüsusi vurğulanmışdı.
Şəhərin nəqliyyat sistemində avtomobildən asılılığın azaldılması da əsas məsələlərdəndir.
Layihədə 100 min avtomobil üçün yeraltı dayanacaq, 14 müasir tunel, 7 körpü, metro, elektrobus, velosiped və piyada yollarının yaradılması nəzərdə tutulur.
Bu yanaşma mühüm mesaj verir: Yeni Daşkənddə avtomobil şəhərin əsas elementi deyil, şəhər nəqliyyat sisteminin komponentlərindən biri kimi nəzərdə tutulur.
Yaşıl şəhər ideyası: 420 hektarlıq Mərkəzi Park
Yeni Daşkənd layihəsinin ən diqqətçəkən istiqamətlərindən biri ekoloji komponentdir.

Şəhərin mərkəzində 420 hektarlıq Mərkəzi Parkın yaradılması və burada təxminən 200 min ağacın əkilməsi nəzərdə tutulur. Bu ərazi daha geniş “Daşkəndin yaşıl qurşağı” konsepsiyasının başlanğıc nöqtəsi kimi təqdim olunur.
2024-cü ilin sonunda rəsmi məlumatlarda artıq park üçün 50 hektarlıq tinglik sahəsinin yaradıldığı, burada gələcəkdə köçürülmək üçün 27 min dekorativ ağac tinginin yetişdirildiyi bildirilirdi.
Bundan əlavə, şəhərdə təxminən 10 kilometrlik sahil parkının yaradıldığı və 1 milyon kol və ağac tinginin əkildiyi barədə də rəsmi məlumat verilib.
Bu göstəricilər Yeni Daşkənddə yaşıllığın sadəcə estetik element deyil, şəhər infrastrukturunun fundamental hissəsi kimi nəzərdə tutulduğunu göstərir.
Su məsələsi: Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyan istiqamət
Yeni Daşkənd layihəsinin ən mühüm tərəflərindən biri də su ehtiyatlarının səmərəli idarə olunmasıdır.

Rəsmi konsepsiyaya görə, suya qənaət edən texnologiyaların tətbiqi nəticəsində şəhərdə su sərfinin iki dəfə azaldılması planlaşdırılır. Tullantı sularının təmizlənərək suvarma və texniki məqsədlər üçün yenidən istifadəsi də nəzərdə tutulur.
Bu məsələ Özbəkistan üçün xüsusilə əhəmiyyətlidir. İqlim və su ehtiyatları ilə bağlı uzunmüddətli çağırışlar fonunda yeni şəhərin su sisteminin ənənəvi “götür–istifadə et–at” modelindən fərqli qurulması şəhərin davamlılığı baxımından mühüm üstünlük yarada bilər.
Başqa sözlə, Yeni Daşkənd şəhərsalma ilə yanaşı, resursların idarə olunması üzrə də bir model olmaq iddiasındadır.
Yeni Daşkəndin iqtisadi missiyası: 200 min iş yeri
Yeni şəhərin yalnız yaşayış məkanı olması layihənin iqtisadi məqsədləri baxımından kifayət etməzdi.

Məhz buna görə rəsmi konsepsiyada innovativ texnologiyalara əsaslanan 200 min yüksək gəlirli iş yerinin yaradılması nəzərdə tutulur. Bunun üçün texnoparklar, IT Park, təhsil və tibb klasterlərinin formalaşdırılması planlaşdırılır.
Bu yanaşma layihənin regional iqtisadi inkişaf baxımından əhəmiyyətini artırır.
Əgər yaşayış məntəqəsi yalnız “yataqxana şəhəri” funksiyası daşıyırsa, sakinlərin böyük hissəsi hər gün başqa şəhərə və ya rayona işləməyə getməli olur. Bu isə nəqliyyat yükünü artırır.
Yeni Daşkənd modelində isə məqsəd başqa cürdür: yaşayış → iş → təhsil → xidmət → istirahət funksiyalarının mümkün qədər eyni urban sistem daxilində cəmləşdirilməsi.
Bu, şəhərin iqtisadi dayanıqlığı üçün mühüm şərtdir.
Yeni Daşkəndin ürəyi – elm və təhsil
Layihənin ən fərqli cəhətlərindən biri Yeni Daşkəndin tikintisinin iri ticarət mərkəzlərindən və göydələnlərdən deyil, elm və təhsil obyektlərindən başlanmasıdır.

Bu, təsadüfi seçim deyil.
Yeni şəhərdə Özbəkistan Milli Kitabxanasının yeni binası, “Yeni Özbəkistan” Universitetinin kampusu, Alisher Nəvai adına beynəlxalq elmi-tədqiqat mərkəzi, muzey, ixtisaslaşdırılmış məktəb, Milli Muğam Mərkəzi və digər elm-mədəniyyət obyektləri yaradılır.
2026-cı ilin iyulunda Prezident Mirziyoyev Yeni Daşkənddə Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin kampusundakı işlərlə də tanış olub. Rəsmi məlumata görə, burada tədris binaları, elmi laboratoriyalar, informasiya-resurs mərkəzi, elektron kitabxana, tələbə yataqxanaları, idman və mədəniyyət obyektləri yaradılır. Təhsil prosesinin rəqəmsal platformalar üzərindən idarə olunması, beynəlxalq təhsil standartlarının tətbiqi və universitetin idarəetmə sisteminin transformasiyası nəzərdə tutulur.
Bu, Yeni Daşkəndin gələcəkdə “bilik şəhəri” funksiyasını daşımaq niyyətini göstərir.
Milli Kitabxana: yeni şəhərin intellektual simvollarından biri
Yeni Daşkənddə tikilən Özbəkistan Milli Kitabxanasının yeni kompleksi 30 min kvadratmetrdən artıq sahəyə malik dördmərtəbəli bina olacaq. Burada eyni vaxtda 1 420 oxucuya xidmət göstərilməsi planlaşdırılır.

2026-cı ilin iyulundakı rəsmi məlumata görə, obyekt üzrə tikinti və tamamlama işlərinin 90 faizi başa çatmışdı və kitabxananın həmin il istifadəyə verilməsi planlaşdırılırdı. Kompleksdə elektron bazalara çıxış, xüsusi tədqiqat mühiti, 300 yerlik kafe, qalereya və istirahət zonaları da nəzərdə tutulub.
Bu obyektin simvolik əhəmiyyəti də var: Yeni şəhərin gələcəyi yalnız beton, asfalt və şüşə ilə deyil, bilik və insan kapitalı ilə qurulmaq istənilir.
“Yeni Özbəkistan” Universiteti və yeni nəsil insan kapitalı
Yeni Daşkənddə daha bir mühüm elm-təhsil mərkəzi “Yeni Özbəkistan” Universitetinin yeni kampusudur.

2026-cı ilin iyul məlumatına əsasən, universitetin 50 hektarlıq ərazidə yaradılan yeni kampusu 10 min tələbə üçün nəzərdə tutulur. Burada fakültələr və rektorluqla yanaşı kitabxana, muzey, sərgi və multimedia zalları, idman kompleksi, üzgüçülük hovuzu və tələbə yataqxanaları yerləşəcək.
Beləliklə, Yeni Daşkəndin təhsil xəritəsi tək bir universitetdən ibarət olmayacaq. Müxtəlif ali məktəblərin, elmi mərkəzlərin, laboratoriyaların və mədəniyyət institutlarının bir ərazidə cəmləşməsi innovasiya ekosisteminin formalaşmasına şərait yarada bilər.
“Böyük İpək Yolu” – tarixi yaddaşla müasir şəhər arasında körpü
2026-cı ilin martında Yeni Daşkənddə “Böyük İpək Yolu” layihəsi təqdim edilib.

32 hektar ərazini əhatə edəcək kompleksin yaşayış və kommersiya binaları, mehmanxanalar, mədəniyyət və təhsil mərkəzlərindən ibarət olması planlaşdırılır. Konsepsiyanın maraqlı tərəfi isə müxtəlif sivilizasiyalara və İpək Yolu boyunca yerləşən ölkələrə həsr olunmuş tematik məhəllələrin yaradılmasıdır.
Bu layihə Yeni Daşkəndin yalnız funksional deyil, həm də mədəni və turizm şəhəri kimi formalaşdırılması baxımından əhəmiyyətlidir.
Tarixi İpək Yolunun mühüm coğrafi məkanlarından biri olan Daşkəndin yeni şəhərində həmin irsin müasir urban məkan vasitəsilə təqdim edilməsi həm daxili turizm, həm də beynəlxalq ziyarətçilər üçün yeni imkanlar yarada bilər.
55 minlik stadion: Yeni Daşkəndin beynəlxalq vitrinlərindən biri
Yeni şəhərin tikintisində idman infrastrukturu da xüsusi yer tutur.

2025-ci il noyabrın 11-də Yeni Daşkənddə 55 min tamaşaçı tutumuna malik futbol stadionunun təməli qoyulub. Rəsmi məlumata görə, stadionun tikintisinin dəyəri təxminən 100 milyon dollar təşkil edir.
2026-cı il iyulun 27-də Prezident Mirziyoyevin stadiondakı tikinti işləri ilə tanışlığı zamanı işlərin 65 faizinin tamamlandığı bildirilib. Altı mərtəbəli stadionda üç məşq meydançası və 5 500 avtomobillik dayanacaq yaradılacaq. Arenanın yaxınlığında metro stansiyasının da tikilməsi planlaşdırılır.
Stadionun tikintisi xüsusilə əhəmiyyətlidir, çünki Özbəkistan və Azərbaycan 2027-ci ildə U-20 futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yeni Daşkənd stadionunda turnirin yarımfinal və final görüşlərinin keçirilməsi planlaşdırılır.
Beləliklə, stadion sadəcə idman obyekti deyil. O, Yeni Daşkəndin beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm vasitəyə çevrilə bilər.
Yeni Daşkənd aeroportu: şəhərin regional qapısı
Yeni şəhərin inkişafını yalnız daxili nəqliyyat sistemi ilə təsəvvür etmək çətindir. Bu baxımdan layihə ilə paralel həyata keçirilən Yeni Daşkənd Beynəlxalq Hava Limanı layihəsi strateji əhəmiyyət daşıyır.

Rəsmi məlumatlara görə, yeni aeroportun illik 20 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır. Layihəyə 208 400 kvadratmetrlik sərnişin terminalı, 169 hava gəmisinin dayanacağı və hər biri 4 kilometr uzunluğunda iki uçuş-enmə zolağı daxildir.
Layihə çərçivəsində beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun ekoloji və sosial təsirin qiymətləndirilməsi də aparılıb.
Daha maraqlısı odur ki, layihə artıq yalnız kağız üzərində deyil. 2026-cı ilin mayında aeroport ərazisində kanal, kollektor və elektrik şəbəkələrinin köçürülməsinə başlanıldığı, layihə və podratçı təşkilatlarla danışıqların aparıldığı bildirilib.
2026-cı il fevralın 20-də isə layihə üzrə ictimai dinləmə keçirilib. Burada yerli sakinlər, dövlət qurumları və layihə iştirakçıları iştirak edib, mümkün ekoloji və sosial təsirlər, torpaq sahələri, infrastruktur, mümkün köçürülmə məsələləri və təsirlərin azaldılması tədbirləri müzakirə olunub.
İyul ayında isə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə layihənin ekoloji və sosial standartlara uyğunlaşdırılması məsələləri yenidən müzakirə edilib.
Bu proses mühüm bir məqamı göstərir: Yeni Daşkənd kimi nəhəng layihənin uğuru yalnız tikinti sürəti ilə deyil, onun sosial və ekoloji təsirlərinin necə idarə olunması ilə də ölçüləcək.
2045: bir gündə yaranacaq şəhər deyil
Yeni Daşkənd haqqında danışarkən ən çox diqqət yetirilməli məqamlardan biri layihənin mərhələli xarakter daşımasıdır.

Bu şəhərin bir tarixdə tam şəkildə hazır vəziyyətə gətiriləcəyini düşünmək düzgün olmaz. Rəsmi sənədlər və açıqlamalar göstərir ki, layihə uzunmüddətli şəhərsalma prosesi kimi nəzərdə tutulur.
Daşkəndin 2045-ci ilə qədər baş planı şəhərin tikinti, mühəndis və yol-nəqliyyat infrastrukturu, qorunan ərazilər və digər əsas inkişaf istiqamətlərini müəyyən edir. Yeni Daşkənd də bu daha geniş metropolitan inkişaf çərçivəsinin mühüm elementlərindən biridir.
Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: 2045-ci il Yeni Daşkəndin “mütləq tamamlanma tarixi” kimi təqdim edilməməlidir. Daha düzgün yanaşma budur ki, 2045-ci il Daşkəndin uzunmüddətli şəhərsalma perspektivində əsas planlaşdırma üfüqlərindən biridir. Yeni Daşkəndin ayrı-ayrı funksional və yaşayış hissələri isə mərhələlərlə istifadəyə veriləcək.
Bu, dünyanın iri şəhərsalma layihələrinin məntiqinə də uyğundur. 2 milyon nəfərlik şəhər bir neçə ilə deyil, onilliklər ərzində formalaşan urban sistemdir.
Layihənin qarşısında duran əsas suallar
Yeni Daşkəndin miqyası nə qədər böyükdürsə, qarşısında duran vəzifələr də bir o qədər mürəkkəbdir.
Birinci məsələ nəqliyyat inteqrasiyasıdır. Yeni şəhər mövcud Daşkənddən təcrid olunmuş “peyk şəhər”ə çevrilməməlidir. Metro, avtomobil yolları, ictimai nəqliyyat və gələcək hava limanı arasında vahid sistem qurulması əsas şərtlərdən biridir.
İkinci məsələ su və ekologiyadır. İki milyon nəfərlik şəhərin su təminatı və tullantı sularının idarə edilməsi uzunmüddətli resurs planlaşdırması tələb edir.
Üçüncü məsələ insan kapitalıdır. 200 min yüksək gəlirli iş yerinin yaradılması yalnız binaların tikilməsi ilə mümkün deyil. Bunun üçün universitetlər, peşə təhsili, innovasiya mərkəzləri, texnologiya şirkətləri və əmək bazarı arasında real əlaqə yaradılmalıdır.
Dördüncü məsələ sosial inklüzivlikdir. Yeni şəhər yalnız yüksək gəlirli əhali üçün nəzərdə tutulan məkan deyil, müxtəlif gəlir və peşə qruplarının yaşaya bildiyi sosial baxımdan balanslı şəhər olmalıdır.
Beşinci məsələ isə şəhərin iqtisadi həyatının formalaşdırılmasıdır. Əgər insanlar burada yaşayacaq, amma işləmək və xidmət almaq üçün daim köhnə Daşkəndə gedəcəksə, layihənin nəqliyyat və urbanizasiya baxımından əsas məqsədlərindən biri zəifləyə bilər.
Yeni Daşkəndin əsas fərqi: şəhərdən daha çox sistem
Yeni Daşkənd layihəsinin mahiyyətini yalnız “2 milyon nəfərlik yeni şəhər tikilir” cümləsi ilə ifadə etmək mümkün deyil.

Burada əslində bir neçə proses eyni vaxtda həyata keçirilir:
şəhərsalma + nəqliyyat + elm və təhsil + insan kapitalı + yaşıl infrastruktur + rəqəmsal idarəetmə + sənaye və xidmətlər + beynəlxalq logistika.
Yeni aeroport, metro, universitetlər, kitabxana, stadion, parklar, texnoparklar, tibb və biznes klasterləri ayrı-ayrı layihələr kimi görünsə də, onların hamısı eyni urban sistemin elementləridir.
Bu baxımdan Yeni Daşkənd Özbəkistanın son illərdə həyata keçirdiyi modernləşmə siyasətinin şəhər məkanında ifadəsi kimi də qiymətləndirilə bilər.
Yeni Daşkənddən hansı şəhər doğulacaq?
Yeni Daşkənd hələ tam formalaşmış şəhər deyil. Hazırda onun ayrı-ayrı hissələri tikilir, əsas infrastrukturu yaradılır, təhsil və mədəniyyət obyektləri tamamlanır, nəqliyyat və aeroport layihələri inkişaf etdirilir.

Lakin artıq layihənin əsas konturları görünür.
Bu, 2 milyon nəfərlik, böyük yaşıl zonalara malik, metro və elektrobus sistemini inkişaf etdirən, suya qənaət edən texnologiyalardan istifadə edən, universitetləri və elmi mərkəzləri şəhər həyatının mərkəzinə gətirən, yeni iş yerləri yaratmağı qarşıya məqsəd qoyan bir meqapolis modeli kimi formalaşır.
Əgər layihədə nəzərdə tutulan prinsiplər ardıcıl şəkildə həyata keçirilərsə, Yeni Daşkənd təkcə Özbəkistanın yeni inzibati və yaşayış məkanı olmayacaq. O, Mərkəzi Asiyada yeni nəsil şəhərsalmanın nümunələrindən birinə çevrilmək potensialına malikdir.
Amma bu potensialın reallığa çevrilməsi tikilən binaların sayından daha çox bir suala cavabdan asılı olacaq:
Yeni Daşkənd sadəcə böyük şəhər olacaq, yoxsa insan üçün rahat, iqtisadi cəhətdən canlı, ekoloji baxımdan dayanıqlı və texnoloji baxımdan ağıllı şəhər olmağı bacaracaq?
Layihənin qarşıdakı onilliklərdəki inkişafı bu suala cavab verəcək.
Bir şey isə artıq aydındır: Yeni Daşkənd bir tikinti layihəsindən çox, Özbəkistanın paytaxtının növbəti əsrə hazırlığıdır.
Gülnar İsmayıllı
"Azpolitika.info"

Şərhlər