Azərbaycanın müstəqillik dövründə çəkilən filmlər arasında həm mövzu, həm də bədii keyfiyyət baxımından seçilən ekran əsərləri var. Bu filmlər milli kinonun son 30 ildən artıq dövrünü əks etdirməklə yanaşı, müxtəlif rejissorların yaradıcılıq üslubunu da ortaya qoyur. Bəs müstəqillik dövründə çəkilən ən uğurlu Azərbaycan filmləri hansılardır? Hansı ekran əsərləri Azərbaycan kinosunun tarixində xüsusi yer tutacaq?

“AzPolitika” mövzu ilə bağlı kino adamları arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Aktyor Elmir Mehdiyev: Bəzi kommersiya filmləri heç baxımlı deyil. Elə filmlərimiz var ki, başqa ölkələrdə nümayiş olunur, amma bəzi kanallarımız onları efirdə göstərmirlər. Qarabağ haqqında çəkilən filmlərdən, “Biz qayıdacağıq”, “Dolu”. Bundan başqa “Cavad xan”, “Hökmdarın taleyi”, mənim də çəkildiyim “Yuxu” filmlərini qeyd edərdim. Bir də sonda müasir dövrdə kommersiya olan “Vağzalı” filminin deyərdim”.

Aktrisa Zülfiyyə Qurbanova: “Kifayət qədər yaxşı və qənaətbəxş filmlərimiz var. Hansının tarixdə qalıb qalmayacağı artıq onu zaman göstərəcək. Şəxsən mənim bəyəndiyim filmlər də var, baxmayaraq ki, onların siyahısı elə də geniş deyil. “Fəryad”, “Yuxu”, “Suğra və oğulları”, “Dolu” və s. kimi filmləri xüsusilə bəyəndiyim ekran əsərləri sırasında qeyd edə bilərəm”.

Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov: “Müstəqillik dövrü Azərbaycan kinosunu qiymətləndirərkən düşünürəm ki, yalnız tamaşaçı və ya kommersiya uğurunu əsas meyar götürmək düzgün olmaz. Bu dövrün ən dəyərli filmləri, ilk növbədə, öz dövrünü hiss edən, Azərbaycan cəmiyyətinə fərqli rakursdan baxan və kino dilində müəyyən yenilik gətirən filmlərdir.

Bu baxımdan mənim üçün son otuz ilin Azərbaycan kinosunda xüsusi yeri olan filmlər sırasında Elçin Musaoğlunun “Nabat”, Asif Rüstəmovun “Mərmər soyuğu”, Oleq Səfərəliyevin “Əlvida, Cənub şəhəri” və s. kimi filmlərini qeyd etmək olar. Eyni zamanda, müstəqillik dövrünün müxtəlif mərhələlərini və fərqli kino axtarışlarını təmsil edən başqa mühüm ekran əsərləri də var.

Məncə, burada əsas məsələ ən yaxşı film siyahısı yaratmaq deyil. Çünki zaman keçdikcə bəzi filmlərin əhəmiyyəti daha aydın görünür. Kino tarixində xüsusi yer tutacaq əsərlər, məncə, yalnız çəkildiyi dövrdə uğur qazanan filmlər olmayacaq. Onlar həm də gələcək nəsillərin həmin dövrün Azərbaycanını anlamaq üçün müraciət edəcəyi filmlər olacaq. Burada bir fikir yadıma düşür. Rüstəm İbrahimbəyov bizə həmişə deyərdi ki, yazdığınız və çəkdiyiniz filmlərə diqqət edin, çünki gələcək nəsil bu dövrü sizin filmlərinizlə qiymətləndirəcək.

Müstəqillik dövrünün Azərbaycan kinosunun ən qəribə xüsusiyyətlərindən biri də budur ki, bu illərdə vahid estetik xətt formalaşmayıb. Müxtəlif rejissorların fərqli kino dilləri, mövzuları və dünyaya baxışları meydana çıxıb. Mən bunu çatışmazlıqdan daha çox, milli kinonun inkişaf prosesinin göstəricisi hesab edirəm.

Əslində, qarşıdakı illərdə Azərbaycan kinosunun tarixini yenidən nəzərdən keçirərkən bu dövrə başqa cür baxacağıq. Hansı filmlərin həqiqətən zamanın sınağından keçdiyini, hansı rejissorların özünəməxsus kino dili yaratdığını və hansı əsərlərin Azərbaycan kinosuna təsir etdiyini məhz zaman müəyyənləşdirəcək”.

Kinotənqidçi, Avropa Film Akademiyasının üzvü Hacı Səfərov: “Müstəqillik dövründə Azərbaycan kinosunda bir sıra dəyərli və yaddaqalan filmlər çəkilib. Bu filmlər arasında “Nabat”, “Axınla aşağı”, “Sarı gəlin”, “Kuklalar”, “Hər şey yaxşılığa doğru”, “Fəryad” və “Yarasa” kimi ekran əsərlərini xüsusi qeyd etmək olar. Onların hər biri mövzu, rejissor yanaşması və aktyor ifası baxımından Azərbaycan kinosunun inkişafında müəyyən iz qoyub.

Xüsusilə “Yarasa” filmi Azərbaycan kino tarixinin diqqətçəkən ekran əsərlərindən biridir. Filmdə insanın daxili dünyası, cəmiyyətlə münasibəti və dövrün sosial-psixoloji mənzərəsi özünəməxsus şəkildə təqdim edilir. Ümumilikdə, müstəqillik illərində çəkilən bu filmlər Azərbaycan kinosunun yeni mərhələsinin formalaşmasına mühüm töhfə verib”.

Oğuz Ayvaz 

“AzPolitika.info”