Bəzən bir insanın həyatı yalnız onun keçdiyi ömür yolunun deyil, bütöv bir dövrün mənəvi dəyərlərinin aynasına çevrilir. Elə şəxsiyyətlər var ki, onlar tutduqları vəzifə ilə deyil, xarakteri, insanlara münasibəti, ədalətə bağlılığı və çətin məqamlarda nümayiş etdirdikləri möhkəm mövqe ilə yadda qalırlar. Məhəmməd Əhmədov da məhz belə şəxsiyyətlərdən biri idi. Onun ömür yolu hüquqşünas peşəsinin yalnız xidməti fəaliyyət deyil, həm də haqqın, ədalətin, mərdliyin və mənəvi bütövlüyün müdafiəçisi olduğunu göstərən dəyərli bir həyat salnaməsidir.

Yaşasaydı, bu gün – 25 avqust 2026-cı ildə 70 illik yubileyini qeyd edəcəkdik. Lakin amansız ölüm 20 mart 2020-ci ildə onu aramızdan vaxtsız apardı. Bununla belə, onun ömrünün fiziki sonluğu mənəvi izlərinin sonu olmadı. Əksinə, aradan keçən hər il Məhəmməd Əhmədovun hüquqşünas kimi formalaşmış mövqeyini, ədalətə sədaqətini, insan taleyinə həssas münasibətini və dostları üçün əziz olan şəxsiyyətini daha aydın göstərdi.

Əhmədov Məhəmməd Əhmədalı oğlu 1956-cı il avqustun 25-də Bərdə rayonunda qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini yüksək nəticələrlə başa vuraraq 1974-cü ildə qızıl medalla məzun olmuş, elə həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul edilmişdir. 1979-cu ildə ali hüquq təhsilini başa vurduqdan sonra təyinatla daxili işlər orqanlarında xidmətə göndərilmiş və Kirov rayon Milis İdarəsində (indiki Binəqədi Rayon Polis İdarəsi) CAX üzrə əməliyyatçı kimi əmək fəaliyyətinə başlamışdır. Lakin əməliyyat xidmətinə marağı olmadığından, 1981-ci ildə öz xahişi ilə Masallı rayon DİŞ-nin İstintaq bölməsinə müstəntiq vəzifəsinə keçirilmişdir.

Məhəmmədin həyat yolunun məhz bu mərhələsi onun hüquqşünas kimi xarakterinin, peşə prinsiplərinin və dünyagörüşünün daha aydın üzə çıxdığı illər idi. Mən onunla ilk tanış olduğumuz gündən həyata və hadisələrə münasibətimizdəki oxşarlığı hiss etmişdim. Ədaləti hər şeydən üstün tutmaq, insan taleyinə biganə qalmamaq, hüquqi məsələlərə yalnız formal yanaşmamaq bizi yaxınlaşdıran əsas mənəvi bağlardan idi. Yaş fərqinə baxmayaraq, aramızda illərlə davam edən səmimi yoldaşlıq və möhkəm dostluq yarandı. Həmin dövrdə mən Masallı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyirdim.

Məhəmməddə məni ən çox cəlb edən onun ədalət hissinin güclü olması və qərar qəbul edərkən cəsarət göstərməsi idi. O, qanunun tələblərini yalnız normativ göstərişlərin məcmusu kimi qəbul etmirdi. Hüququn arxasında konkret insan taleyinin dayandığını yaxşı anlayırdı. Buna görə də hər hansı inzibati və ya xidməti maraqla insanın hüquq və mənafeyi arasında seçim etmək zərurəti yarandıqda, onun mövqeyi aydın olurdu: insan taleyi idarəçilik mənafeyindən üstün tutulmalı idi. Məhz bu prinsipial mövqe sonralar onun müstəntiq kimi fəaliyyətində dəfələrlə özünü göstərdi və Məhəmməd Əhmədovun peşəkar portretinin əsas cizgilərindən birinə çevrildi.

Məhəmməd Əhmədovun müstəntiq kimi fəaliyyətinin ilk aylarında baş vermiş bir hadisə onun sonrakı peşəkar taleyində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Həmin hadisədən sonra ona münasibət birmənalı olmadı: bir qisim üçün o, mövcud yanaşmalarla barışmayan, hətta “arzuolunmaz” hesab edilən müstəntiqə, digər qisim üçün isə xidməti vəzifəsinin məsuliyyətini şəxsi maraqlardan üstün tutan, haqqın və ədalətin müdafiəsi yolunda çəkinmədən mövqe nümayiş etdirən mərd və cəsarətli hüquqşünasa çevrildi.

Hadisə rayon DİŞ-nin növbətçi hissəsində baş vermişdi. Sovxozlardan birində manqa başçısı işləyən şəxsin üzərinə baxış keçirilərkən onun pencəyinin cibindən narkotik maddəyə oxşar bükülü aşkar edilərək götürülmüşdü. Şübhəli şəxs qismində saxlanılan manqa başçısı barədə toplanmış materiallar istintaq bölməsinə göndərilir. Məhəmməd Əhmədov fakta görə cinayət işi başlayır və istintaq aparır. İlk andan iş üzrə vəziyyət kifayət qədər aydın görünür: baxışda iştirak edən milis əməkdaşları və hal şahidləri bükülünün həmin şəxsin pencəyinin cibindən aşkar edildiyini təsdiqləyir, ekspertiza rəyi isə maddənin narkotik vasitə olduğunu müəyyən edir.

Lakin peşəkar müstəntiq üçün ilkin görüntü heç vaxt yekun nəticə demək deyildi. Məhəmməd istintaqın yalnız hazır ifadələr və formal sübutlarla məhdudlaşmasına imkan vermir. İşin faktiki hallarını diqqətlə araşdırdıqca hadisənin başqa tərəfləri də üzə çıxmağa başlayır. İstintaq zamanı müəyyən edilir ki, milis əməkdaşları iki dəfə manqa başçısının iş yerinə getmiş, onu tapmadıqlarına görə fəhlələrə şöbəyə gəlməsini tapşırmışlar. Manqa başçısı ifadəsində milis əməkdaşlarının iki dəfə dalınca gəlmələrini, hər ikisində işdə olmamasını, DİŞ-nə çağırılmasını eşidən kimi evə gedib özünü səliqəyə salıb, üst-başını dəyişib şöbəyə gəlməsini, üstünə baxış keçirilərkən pencəyinin cibindən bükülü çıxmasını, lakin heç bir vaxt narkotik maddədən istifadə etməməsini, həyatı boyu içki içməməsini, hətta siqaret çəkməməsini, bükülünün onun cibinə başqaları tərəfindən qoyulmasını göstərir.

Bu ifadələrin sadəcə müdafiə məqsədilə irəli sürülmüş versiya olub-olmadığını müəyyənləşdirmək üçün Məhəmməd onları digər sübutlarla müqayisə edir. Nəticədə manqa başçısının iş yerinə iki dəfə gələn milis əməkdaşlarının axtarışları, onun şöbəyə çağırılmasını bilən kimi evə gedərək paltarını dəyişməsi və şöbəyə gəlməsi, eləcə də həyat tərzi ilə bağlı dedikləri həm manqa üzvləri, həm də ailə üzvləri tərəfindən təsdiqlənir.

Doğrudan da milis şöbəsinə gələn adamın cibinə narkotik maddə qoyması absurddur!

Məhəmməd mənimlə də məsləhətləşdi. İşin faktiki hallarına görə həmin şəxsə ittiham elan etmək olmazdı. Ona görə də cinayət işinin manqa başçısı haqqında olan hissəsi xitam olundu və iş bağlı qaldı. Müstəntiqin bu hərəkəti DİŞ-nin rəhbərliyi tərəfindən narazılıqla qarşılansa da, Məhəmməd qərarında israrlı idi.

İlk vaxtlar DİŞ rəhbərliyi Məhəmməd Əhmədovun qanunun tələblərindən və öz hüquqi mövqeyindən geri çəkilməməsini təcrübəsizlikdən doğan bir “ərköyünlük”, hətta “özbaşınalıq” kimi qiymətləndirirdi. Lakin zaman göstərdi ki, yanılan məhz onlar idi. Məhəmmədin prinsipiallığı ötəri həvəs deyil, onun xarakterinin və peşə əqidəsinin ayrılmaz tərkib hissəsi idi. O, saxtakarlıq və ədalətsizlik qarşısında keçilməz sədd kimi dayanır, xidməti münasibətlərdən asılı olmayaraq düzgün bildiyi mövqeni müdafiə edirdi. Bu xüsusiyyətinə görə qısa müddətdə rayon sakinlərinin etimadını və dərin rəğbətini qazandı.

Onun insanlarla münasibətdə yalnız hüquqşünas deyil, həm də cəmiyyətin sosial-psixoloji mühitini düzgün qiymətləndirə bilən bir şəxs olması da diqqətəlayiq idi.

...1990-cı ildə prokurorluğa yeni təyin olunmuş gənc əməkdaşın yol verdiyi uyğunsuz hərəkət rayon ictimaiyyətində ciddi narazılıq yaratmışdı. Narazılıq getdikcə genişlənir, məsələ ictimai qarşıdurma həddinə yaxınlaşırdı. Vəziyyətin ciddiliyini görən Məhəmməd məsələyə müdaxilə etdi. Rayonun ağsaqqalları və ziyalıları ilə görüşərək onları dinlədi, yaranmış gərginliyin səbəblərini araşdırdı və qarşılıqlı anlaşmanın bərpasına nail oldu. Əslində, o, həmin məqamda yalnız hüquq-mühafizə əməkdaşı kimi deyil, cəmiyyətlə dövlət qurumları arasında etimad körpüsü yaradan bir vətəndaş kimi çıxış etmişdi. Prokurorun və DİŞ rəhbərinin görə bilmədiyi və ya həll edə bilmədiyi məsələni o, şəxsi nüfuzu, təmkinli mövqeyi və insanlarla işləmək bacarığı hesabına aradan qaldırdı.

Bir neçə ildən sonra Məhəmməd Masallı rayon DİŞ-nin İstintaq bölməsinə rəis təyin edildi. Vəzifəsinin yüksəlməsi onun prinsipial mövqeyində heç nəyi dəyişmədi. O, nə rəhbərliyin diqtəsi, nə də əməliyyat işçilərinin istəyi ilə prosessual qərar qəbul edirdi. İstintaqın nəticəsi onun üçün əvvəlcədən müəyyən edilmiş qənaətə uyğunlaşdırılmalı materiallar toplusu deyil, faktların, sübutların və qanuni prosedurun əsasında həqiqətin müəyyən edilməsi prosesi idi.

Məsələn, 1987-1988-ci illərdə Masallının kəndlərində qəribə oğurluq hadisəsi baş vermişdi. İribuynuzlu heyvanın başı kəsilir, bud hissələri aparılır, heyvanın leşi qurda-quşa yem olurdu. Bir ildən artıq aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində bu hadisəni törədən şəxs tapılıb istintaqa cəlb edildi. Müqəssir 65 yaşında cəlimsiz bir adam idi. O, ilkin ifadələrində törətdiyi cinayət əməlini etiraf edərək, hadisə yerlərini dəqiqliklə göstərirdi. İstintaq yolu ilə onun 12 baş heyvanı oğurlayıb kəsməsi, hara və kimlərə verməsi və.s. tam sübut olundu. Lakin, bu, əməliyyatçıları qane etmirdi. Bu yaşda və görkəmdə kişinin cinayətləri təkbaşına törətməsi onlara şübhəli görünürdü. Odur ki, qeyri-prosessual qaydada onu sorğu-sual edir, dəfələrlə “cinayətkar yoldaşlarının kimliyini” soruşurdular (Görünür, bağlı qalan digər oğurluq işlərini də ona calamaq istəyirmişlər.).

Məhəmməd istintaq eksperimenti aparmaq qərarına gəlir. DİŞ-nin həyətində hal şahidləri və milis əməkdaşlarının iştirakı ilə keçirilən istintaq eksperimenti hamını təəccübləndirir. 65 yaşlı çəlimsiz kişi iri cöngənin başına bağlanmış ipi ayaqlarına dolayıb, 3 dəqiqə ərzində heyvanı yerə yıxaraq əlindəki kiçik bıçaqla başını kəsir. Həmin cinayət işinin istintaq və məhkəmə görüntüləri iki dəfə Respublika televiziyası ilə göstərildi…

Məhəmməd ədalətli olmaqla yanaşı, cəsarətli və hazırcavab adam idi. Onun cəsarəti və hazırcavablığı ilə əlaqədar iki hadisəni xatırlamaq istəyirəm.

Fedorçukun agentinin susdurulması

1982-ci il SSRİ DİN sistemində ciddi dəyişikliklərlə əlamətdar olmuşdu. Nazirlər Soveti yanında DTK-nın sədri Fedorçuk SSRİ Daxili İşlər naziri təyin edilmişdi. Milis sistemində çoxlu kadr dəyişikliyi baş verirdi. Bir çox respublikalarda milis işçiləri haqqında cinayət işləri başlanır, yüksək çinli əməkdaşlar həbs olunur, bir çox əməkdaşlar orqandan xaric edilir, çox vaxt qurunun oduna yaş da yanırdı. Bircə məlumat kifayət edirdi ki, əməkdaşı cəzalandırsınlar və yaxud orqandan xaric etsinlər. İşin xüsusiyyəti, kadr potensialı nəzərə alınmadan, təhlükəsizlik orqanlarına qoyulan tələb DİO sisteminə də tətbiq edilirdi. Bir sözlə, milis işçiləri arasında ciddi çaxnaşma başlamışdı. Belə gərgin dövrdə Moskvadan SSRİ DİN-nin İqor adlı əməkdaşı Masallı Rayon Milis Şöbəsinə “məxviçilik işində praktiki kömək” məqsədi ilə beş günlük ezamiyyətə gəlmişdi.

1983-cü ilin yayında, həftənin bazar günü Məhəmməd Əhmədov telefonla məndən xahiş etdi ki, dənizə getsən, bizim qonagı da apararsan. Masallı rayon dövlət notariusu Şükür Məmmədovla yaxın dostum Vadar müəllimin maşınında İqorla birlikdə Lənkərana, çimərliyə getdik. İqor bir neçə dəfə bizi təəccübləndirdi. Əvvəla, məlum oldu ki, o, ingilis dilini təmiz bilir. Çimərlikdə üzməyi baçarıb-bacarmadığını soruşduqda “Xeyr, üzə bilmirəm” cavabını verdi. Lakin birdən suya baş vurub, təxminən 300 metr sahildən uzaqlaşdı. Bu zaman o, üzgüçülüyün bütün növlərini nümayiş etdirirdi. Yemək yeyərkən xeyli içməsinə baxmayaraq, sifətinin rəngində və danışığında heç bir dəyişiklik hiss olunmurdu.

Şükür Məmmədov yumor sevən adam idi. Azərbaycan dilində atmacalar atır, partiya və hökumət rəhbərləri barədə lətifələr danışır, bəzən də əndazədən çıxırdı. İqor bir neçə dəfə onun da başa düşməsi üçün rus dilində danışmağı xahiş etsə də, Şükür zarafatlarından qalmırdı. Axşamüstü İqoru milis şöbəsində düşürub onunla xudahafizləşdik. Çünki saat 22-də qatarla Bakıya getməli idi. Axşam saat 22 radələrində milis rəisi İnşalla Əsədov telefonla mənə zəng edərək, şöbəyə gəlməyimi xahiş etdi. Şöbəyə gəlib rəisin otağına girəndə, rəhbər heyətin bir yerdə olduğunu gördüm. Hamının üzündə həyəcan var idi...

Səbəbi...

Biz xudahafizləşib gedəndən sonra İqor müstəntiqlərin otağına gəlir. Edisson Səfərov İqordan bizimlə əlaqədar təəssüratını soruşarkən, İqor təmiz Azərbaycan dilində danışmağa başlayır:

- Yaxşı yoldaşlardır, amma Şükür bütün günü anti-sovet lətifələr danışırdı. O, haradan bilsin ki, mən Azərbaycan dilini təmiz bilirəm...

Sonra o, sözünə davam edərək, - “Qorxmayın, sizi satmaram” - deyir.

Bu zaman Məhəmməd “Biz niyə qorxuruq ki, sən özün dünən bizim yanımızda Fedorçuku söymürdün?” - deyə cavab verir və onun bu cavabından sonra İqor çaşıb qalır.

Məsələ burasındadır ki, İqorun ezamiyyətdə olduğu beş gün ərzində ona Azərbaycan qonaqpərvərliyinin bütün çalarlarını göstərmişdilər. Sahə müvəkkili Nurəlinin təqaüdə çıxması ilə əlaqədar təşkil edilmiş, İqorun da iştirak etdiyi yolasalma mərasimi səhərə qədər davam etmişdi. Bu hadisədən sonra ilin axırına kimi hamı təşviş içərisində qaldı...

Əlikramın Masallıdan qaçması...

1993-cü ilin avqust ayında Əlikram Hümbətov yaraqlıları ilə Masallı rayonuna gəlir. Bundan bir gün əvvəl Əlikramın yaraqlıları Cəlilabada “hücum etmiş”, rayon prokuroru Kərimağa Tağıyevi tapa bilmədiklərindən köməkçi Mircavan Kazımovu tutub Lənkərana aparmışdılar.

Rayon İcra Hakimiyyətinin binasında məskunlaşmış Əlikram dörd nəfər yaraqlını şöbəyə göndərir. Növbətçi hissəyə yaxınlaşan yaraqlılar “Böyüklərdən kim var?” deyə soruşduqda, növbətçi zabit yalnız istintaq bölmə rəisinin yerində olduğunu bildirir. Yaraqlılar Məhəmmədin iş otağına girir və onların arasında aşağıdakı dialoq baş verir.

Yaraqlı:

- Bizimlə getməlisiniz. Sizi Bəy çağırır.

Məhəmməd:

- Bəy kimdir?

Yaraqlı:

- Talış Muğan respublikasının prezidenti Əlikram Hümbətov.

Məhəmməd:

- Mən nə Talış Muğan respublikasını, nə də Əlikram adlı prezidenti tanıyıram. Əgər görüşmək istəyirsə, özü mənim yanıma gəlsin.

Yaraqlılar gözləmədiyi sərt cavabdan duruxur və tez Əlikramın yanına qayıdırlar. Əlikram bu cəsarətli söhbəti eşidən kimi “qardaş qanı tökülməsin” bəhanəsi ilə dəstəsini də götürüb Masallıdan çıxır.

...Biz gənclik illərində hansısa çətin işi açmaqla deyil, kimi isə əsassız məhkumluqdan qurtarmağımızla fəxr edirdik. Başqaları, kimi isə ilişdirməkdən zövq aldığı vaxt, biz insanların hüquqlarını qorumaqdan zövq alırdıq. Bizi birləşdirən də bu idi. Bəzən düşünürsən ki, eyni təhsilə, eyni vəzifəyə malik əməkdaşın biri müti, buyruq qulu olur, digəri qanunun aliliyini hər şeydən üstün tutub, insan taleyinə həssas yanaşır, bu yolda əziyyətləri də olur. Mən bunun səbəbini genefondda və ailə tərbiyəsində görürəm. Məhəmmədin atası Əhmədalı kişi Samuxun sayılıb seçilən, sözü üzə deyən, mərd insanlarından biri olub. 1941-ci ildə o, kəndlərində kolxoz sədri işləyirdi. Bir gün qardaşı Məşdi üçün hərbi komissarlıqdan çağırış vərəqi gəlir. Əhmədalı kişinin qardaşını əsgərlikdən saxlamaq imkanı olsa da, bunu etmir. Sonralar qohumları Əhmədalı kişini qınayırlar: “İstəsəydin, qardaşını əsgərlikdən saxlayardın”, – deyirlər. O isə cavabında: “İki qardaşdan biri getməli idi”, – deyir. Deməli, Əhmədalı kişi elin qınağından qorxurmuş. Bu, həmin Məşdidir ki, Xalq yazıçısı İsmayıl Şıxlı “Kerç sularında” adlı yazısında onu xüsusi qeyd etmişdi. Anasının məktubunu bir yerdə oxumuşdular...

Məhəmmədin böyük qardaşı Nizami müəllim 1966-cı ildə hüquq fakültəsini btirdikdən sonra DİO-da müstəntiq vəzifəsində işləyir. Həmin vaxt Lənkəran rayon DİŞ-nin istintaq bölmə rəisi işləmiş Babaxan Cahangirov mənimlə söhbətində Nizami haqqında deyirdi ki, tərbiyəli, ədəbli və utancaq oğlan idi. Lakin bildiyini, necə deyərlər, dədəsinə də verməzdi. Olduqca prinsipial adam idi. Sonra o, Şəmkir rayonunda xalq hakimi işləyir. Lakin I katib Məmməd Əsgərovla yola getmir, sifariş qəbul etmir və nəhayət, raykomun büro qərarı ilə hakimlikdən geri çağırılır.

Mən əminəm ki, Məhəmmədin ədalətliliyi və cəsarəti də məhz ailə tərbiyəsindən və qandan gəlir. Bütün bunlar, əslində bir ailənin, hətta bir nəslin kimliyi – “Ömür kitabının” hay-küysüz, necə deyərlər, səssiz, için-için oxunan hekayələridir. Bu hekayələrin mövzusu da, ana xətti də, qəhrəmanı da, inanc və inamı da Ədalət, Mərdlik, Dəyanət, Kişilik və Əyilməz Bütövlükdür!

Təbii ki, bütün bu çalarların, xüsusiyyətlərin həyat kredosu isə İnsan və Təssübkeş Vətəndaşdı! Bax, mənim dostum Məhəmməd də bu özülün üzərində qürurla dayanmağı haqq etmiş bir nümayəndə idi!

Bir haşiyə çıxım, Azərbaycanın tarixi günlərinə, bayramlarına və hüznlü tarixlərinə həmişə böyük önəm verirdi. Amma ən çox sevdiyi gün 28 May – Cümhuriyyət Günü idi. Həmin gün bütün dostlarına zəng edər, onları təbrik edər, bu tarixi günün sevincini yaxınları ilə bölüşərdi. Təəssüf ki, torpaqlarımızın işğaldan azad olunmasını görmək ona qismət olmadı. Əminəm ki, 8 Noyabr – Zəfər Günü onun üçün ən böyük bayramlardan biri olardı. Çünki Vətən sevgisi onun həyatının ayrılmaz parçası idi.

Allah rəhmət eləsin!

P.S. Yazını Məhəmmədin tələbə yoldaşı və yaxın dostu, tanınmış vəkil Vidadi Mahmudovun xatirələrindən bir parçanı əlavə etməklə bitirmək istəyirəm.

“Son vaxtlar Mümin Sarıkayanın ``Ben yoruldum hayat`` mahnısını zümzümə edərdi Məhəmməd:

Ben yoruldum hayat, gelme üstüme,

Diz çöktüm dünyanın namert yüzüne.

Gözümden gönlümden düşen düşene

Bu öksüz başıma göz dağı verme.

Məhəmmədin Buzovna qəsəbəsində ``Kristalnı`` deyilən yerdəki qəbiristanlıqda qurulmuş qəbirüstü abidəsində bu şeirin iki bəndinin misraları həkk olunub. Bu, dostlarının istəyi ilə olub. İndi biz Məhəmmədi xatırlayanda gözlərimiz önündə onun bu mahnını zümzümə edən xəyalı canlanır. Doğrudan da onun həyat yoluna, 63 illik həyatında baş verənlərlə bu mahnının rəvayəti çox oxşardı. Görünür, ona görə də, olub keçənləri xatırlamaq, özünə təsəlli vermək üçün, həyatının son günlərində, xüsusi ilə xəstəliyinin şiddətli vaxtında bu mahnının sözlərini seçmişdi”.

Ələmdar Məmmədov,

təqaüddə olan baş ədliyyə müşaviri