“Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir”. 

Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə növbəti səfərindən öncə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirdiyi bu fikri ölkələrimiz arasında münasibətlərin önəminin və hər bir səfərin ayrı-ayrılıqda əhəmiyyətinin altını cizmiş olur...

Əslində, Özbəkistan təkcə Azərbaycanın, Türk və İslam dünyasının deyil, böyük dünya güclərinin də getdikcə daha çox maraq göstərdiyi bir ölkəyə çevrilməkdədir. Qərb dövlətlərinin, ABŞ-nin, Çinin, Rusiyanın son dövrlər Özbəkistana verdiyi önəm göz önündədir.

Məsələn, bu il Sankt-Peterburqda keçirilən İqtisadi Forumda Vladimir Putin məhz Özbəkistan barədə danışarkən, bu ölkəni “hazırkı iqtisadi artım mərkəzlərindən biri” adlandırmışdı. 2024-cü ilin iyununda fransız jurnalistə müsahibəsində isə Putin Özbəkistanda əhali artımına “heyran qaldığını” demiş, onun “tezliklə Fransa əhalisinin sayına çatacağını” bildirmişdi. Postsovet ölkələrində məlum maraqları olan və onları daim öz təsiri altında saxlamağa çalışan Rusiyanın bu qiymətləndirməsi təsadüfi deyil.

Doğrudan da əhalisi 38 milyona çatan Özbəkistanda üstəlik, illik əhali artımı da 1 milyon nəfərə yaxındır. Bu qeyd edilənlər bu ölkəni siyasi, iqtisadi, demoqrafik və s. baxımdan Orta Asiyanın ən cazibədar məmləkətinə çevirir və Özbəkistan dünyadakı güc mərkəzlərini özünə cəlb edir...

Ancaq Azərbaycanın Özbəkistanla münasibətləri sadəcə siyasi və iqtisadi maraqlara deyil, həm də daha dərin tarixi, mənəvi və mədəni köklərə dayanır. Xalqlarımızı, dövlətlərimizi birləşdirən dil, din, mədəniyyət, adət-ənənə və digər oldquca bənzər, ortaq sütunlar var ki, bunlar da müttəfiqlik münasibətlərini daha da möhkəmləndirir. Ona görə də dövlətlərimiz, eləcə də onların liderləri arasındakı münasibətlər adi rəsmi, siyasi çərçivəni xeyli aşaraq yaxın qardaşlıq səviyyəsinə çatıb və Azərbaycan Prezidentinin Daşkəndə səfəri zamanı müşahidə olunan mənzərə də bunu bir daha sübut edir. Azərbaycan dövlət başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətləri bu əlaqələrin inkişaf dinamikasına mühüm təkan verir.

Sözsüz ki, iki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun hələ 1997-ci ilin 18-19 iyun tarixlərində Özbəkistana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Bunun və sonrakı illərdə aparılan siyasətin nəticəsidir ki, indiyə qədər də ölkələrimiz ən vacib məsələlərdə bütün beynəlxalq təşkilatlarda və tədbirlərdə bir-birinə dəstək göstərirlər. Hazırda da Azərbaycan Prezidentinin siyasi iradəsi və xüsusi diqqəti ilə Özbəkistanla münasibətlərimiz ən yüksək inkişaf mərhələsinə - müttəfiqlik səviyyəsinə çatıb.

Son 5 ildə Azərbaycan başçısı Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib, Ş.Mirziyoyev də həmin müddətdə ölkəmizə 2 dövlət səfərinə və 7 işgüzar səfərə gəlib. Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Bu sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib. Səfər çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da gözlənilir.

İqtisadi münasibətlərə gəlincə, 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2024-cü il ilə müqayisədə 3 dəfədən çox artaraq, 795 milyon dollara çatıb. Eləcə də, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi əvvəlki müvafiq dövrlə müqayisədə 33 faiz artaraq 144 milyon dollar olub.

Azərbaycanda hazırda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Onlar azad olunmuş ərazilərdə də iqtisadi layihələrə cəlb olunublar. Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb binası inşa edilib. 2023-cü ildə məktəbin açılış mərasimi keçirilib və artıq 2025/2026-cı tədris ilində məktəbdə 583 şagird təhsil alıb.

Azərbaycan biznesi də Özbəkistanda təmsil olunmaqdadır. “Azərmaş" Birgə Müəssisəsi özbək şirkətləri ilə “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı istiqamətində əməkdaşlıq edir. Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir.


2023-cü ildə təsis edilmiş Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafında mühüm platformaya çevrilib və şirkət həm Azərbaycanda, həm də Özbəkistanda müxtəlif iqtisadi sahələrdə perspektivli layihələrin maliyyələşdirilməsinə əhəmiyyətli töhfə verir.

Onu da əlavə edək ki, AZAL tərəfindən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə 7 reys, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə isə həftədə 2 reys, “Özbəkistan Xavo Yolları” aviaşirkəti tərəfindən Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə 4 reys, “Centrum” aviaşirkəti tərəfindən Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə 3 reys olmaqla müntəzəm sərnişin daşımaları yerinə yetirilir.

Özündə iqtisadi əlaqələri əks etdirən digər çoxsaylı layihələr də var.

Bundan əlavə, 2025-ci ildə Bakıda Ağ Şəhərdə Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə “Özbəkistan” parkının təməli qoyulub. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, mehmanxana və s. fəaliyyət göstərəcək.

Daşkənddə isə məlum olduğu kimi, Heydər Əliyev Meydanı mövcuddur. Hələ 2022-ci ildə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev meydanın açılış mərasimində iştirak ediblər.

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyevanın 2024-cü ildə ölkəmizə səfəri zamanı balet-tamaşanın təqdimatı və Heydər Əliyev Fondu ilə birgə təşkil edilmiş sərginin açılışı baş tutub. Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edib.


Qeyd edək ki, Daşkəndə səfəri zamanı Azərbaycan Prezidentinin özbəkistanlı həmkarı ilə ikitərəfli görüşü ilə yanaşı, Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası da keçirilib. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm institusional mexanizmə çevrilib. Şuranın indiyə qədər 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda olmaqla 2 iclası keçirilib. 

Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir. Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana 6 dəfə səfər edib. O, son olaraq cəmi 3 ay əvvəl - 14-15 mayda Buxarada keçirilmiş İkinci Asiya Qadınlar Forumunda iştirak edib. Bundan başqa, 2025-ci ildə Xivədə Azərbaycan və Özbəkistanın Birinci Parlamentlərarası Forumu keçirilib və İkinci Forumun bu il Azərbaycanda keçirilməsi planlaşdırılır. Bundan başqa Hökumətlərarası Komissiya da var ki, o da iqtisadi, ticari, investisiya və digər istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Komissiyanın indiyədək 15 iclası keçirilib. Sonuncu 15-ci iclas 17 iyul 2026-cı ildə Daşkənddəbaş tutub.

Bu sırada əlavə edək ki, oxşar addımlar digər qardaş Orta Asiya ölkəsi olan və Türk Dövlətləri Təşkilatında(TDT) təmsil olunan Qırğızıstanla bağlı da atılıb. Azərbaycan və onun başçısı artıq Orta Asiyada sadəcə əziz və dəyərli qonaq kimi deyil, regional siyasi və iqtisadi əməkdaşlığın aparıcı, sanballı fiquru kimi qarşılanır. Ölkəmiz Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə yüksək səviyyədə təmsil olunur. İlk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutan bu görüşlərə sonrakı illərdə Azərbaycan da qatılmağa başlayıb. 2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib. 16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci görüşdə isə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib. 

Bunun nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib. 31 iyul 2026-cı ildə Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edib, 8-ci Məşvərət Görüşünün isə 8 oktyabr 2026-cı ildə Türkmənistanda keçirilməsi nəzərdə tutulur.

Bütün bunlar bir tərəfdən Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu nümayiş etdirib. Digər tərəfdən isə bu, Azərbaycanın xarici siyasətinin sistemli, ardıcıl və məqsədyönlü xarakterinin daha bir bariz nümunəsidir.

Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və hər iki ölkə üçün TDT həm siyasi, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm bir birlikdir.


Xatırladaq ki, ötən il Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü baş tutub. Bu yüksək səviyyəli görüşlər zamanı TDT-nin gücləndirilməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, habelə qlobal arenada nüfuz mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalanıb. Getdikcə bu birlik dünyanın güc mərkəzlərinin hesablaşmağa məcbur olduğu nüfuzlu vahid təşkilata çevrilir. Bu təşkilata üzv qardaş ölkə olan Özbəkistan da ara-sıra müxtəlif istiqamətlərdən öz suverenliyinə qarşı təhdidlərlə, təxribatçı bəyanat və addımlarla üzləşir. 

Ancaq Özbəkistan da Azərbaycan kimi bu cür çoxsaylı təxribatların, təhdidlərin qarşısında sınmır, dəyanət və müstəqil iradə göstərir. Məsələn, ötən il rusiyalı tanınmış imperiyaçı yazıçı Zaxar Prilepin Özbəkistanı və digər keçmiş Sovet ərazilərini Rusiyaya birləşdirməyi təklif etmişdi. Onun şərhləri Özbəkistan ictimaiyyətinin tənqidinə səbəb oldu və Rusiya səfiri Oleq Malginov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırıldı. Bizim üçün tanış mənzərədir, deyilmi?

Bütün bunlar göstərir ki, qarşıda duran təhlükələr və çağırışlara cavab vermək üçün, eləcə də inkişaf və rifah naminə strateji tərəfdaşlıq, qardaşlıq, birlik nümayişi olduqca önəmlidir. Bunu da Azərbaycan və Özbəkistan nümunəvi şəkildə ortaya qoyurlar!

C.Məmmədli

“AzPolitika.info”