“Rusiyanın hansı istiqamətə gedəcəyini artıq o müəyyən etməyəcək”
“Rusiya kimi avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə, təəssüf ki, əhali hakimiyyətə qarşı heç vaxt hansısa mənəvi səbəblərdən üsyan etmir. İndi də Rusiya Ukraynaya qarşı ədalətsiz işğalçılıq müharibəsi aparır deyə, Rusiyada əhali hakimiyyəti devirməyəcək, belə şey heç vaxt olmayacaq. Belə rejimlərdə əhali yalnız iqtisadi səbəblərdən və güc strukturlarının elitasının razılığı ilə, onların şərait yaratdığı vaxt küçələrə çıxır”.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış araşdırmaçı jurnalist, beynəlxalq “Bellingcat” araşdırma qrupunun yaradıcılarından biri Xristo Qrozev son müsahibəsində deyib.
Qrozev deyib ki, Rusiya elitasının önəmli bir hissəsinin müharibədən və Putinin siyasətindən bezdiyi açıq görünür. O qeyd edib ki, Rusiyada FSB (Federal Təhlükəsizlik Xidməti), SVR (Xarici kəşfiyyat) və digər güc strukturlarındakı yüksək vəzifəli generallarla əlaqələri olan narazı oliqarxlar var. Onlar həmin generallarla birgə qazandıqları aktivləri istədikləri kimi istifadə edə bilməmələrindən, müharibə səbəbindən məruz qaldıqları sanksiya və məhrumiyyətlərdən çox narazıdırlar.

“Artıq hətta Kremlin daimi təbliğatçıları kimi tanıdığımız fiqurlar belə müharibədən, yeni ərazilərin işğal edilə bilməməsindən, nəticədə vəziyyətin pisləşməsindən gileylənir və buna görə Putini ittiham edirlər. Bu onun siqnalıdır ki, güc strukturlarının elitası iqtisadi elita ilə birgə problemin Kremldə olduğunu demək üçün insanlara şərait yaradır” – deyə, o, bildirir
“Bir-biri ilə mübarizə aparan iki general qrupu var”
Rusiya hakimiyyətində və kəşfiyyatında ciddi mənbələri olduğu bildirilən Qrozev qeyd edib ki, bu proses artıq güc strukturlarının nəzarətində olan bir çox Teleqram kanallarında müşahidə olunur: “Onlar Putini “Kremldəki qoca” adlandırmağa başlayıblar. Ona görə də hansısa hakimiyyət dəyişikiyi olsa, bu, küçədən yox, güc strukturları elitasından qaynaqlanacaq. Burada iki qrup var. Müdafiə Nazirliyi və QRU(Hərbi kəşfiyyat)-dakı birinci qrup hesab edir ki, Putin müharibəni düz aparmır və hakimiyyət onlarda olsaydı, ruslar çoxdan artıq Kiyevdə idilər.
İkinci qrup isə daha çox FSB-yə aiddir. Onlar əksinə, deyirlər ki, əvvəlcədən bu müharibənin əleyhinə olublar və indi nə yolla olursa olsun, onu bitirmək lazımdır. Yəni, güc strukturlarında bir-birilə mübarizə aparan real iki qrup var”.
Qrozev hesab edir ki, Putinin özünün faktiki olaraq müharibəni bitirmək imkanı yoxdur: “Əgər Putinin müharibəni danışıqlar yolu ilə bitirə biləcəyini düşünürsünüzsə, bu, tamamilə mümkünsüzdür. Onun siyasi texnoloqları hər gün ona deyirlər ki, müharibənin sona çatdırılması şəxsən onun sonu olacaq. Ona deyirlər ki, müharibə bitsə, cəbhədən yarım milyondan çox silahı olan rusiyalı qayıdacaq ki, onlar müharibədə 3 min dollara yaxın maaş alırdılar. Onlar evdə oturub düşünəcəklər ki, öz həyatlarını nəyə həsr ediblər, çünki Putinin verdiyi vədlərin heç birinə nail olunmayıb. Putin bilir ki, amerikalılarla, Zelenski ilə sülhə razılaşması onun şəxsi sonu olacaq. Ona görə də oturur və nə edəcəyini bilmir. Artıq Rusiyanın hansı istiqamətə gedəcəyini Putin yox, yaxın bir neçə ayda yuxarıda qeyd etdiyim güc strukturlarındakı iki qrupdan hansının güclü çıxacağı müəyyənləşdirəcək”.
Araşdırmaçı qeyd edir ki, Putin mümkün qədər kütləvi səfərbərlik qərarından qaçmağa və bu işi ayrı-ayrı şirkətlərin, müəssisələrin üzərinə atmağa çalışır. Onun dediyinə görə, rusları əvvəlcə, məsələn, “Qazprom”un mühafizəsi adı ilə işə götürürlər, sonra isə onlara iki həftə təlim keçib Müdafiə Nazirliyi ilə müqavilə imzalatdıraraq birbaşa cəbhəyə göndərirlər. Buna baxmayaraq, Qrozevin dediyinə görə, bu yolla həyata keçirilən əsgər yığımı da kifayət etmir, ona görə də böyük ehtimalla sentyabrdan sonra Putin səfərbərlik keçirməyə cəhd edəcək.

“Putinin bioqrafiyasına baxsaq görərik ki...”
Daha sonra Qrozev Putinin ən çox nədən qorxduğuna aydınlıq gətirib: “Bəli, Putin Ukrayna PUA-larından qorxmalıdır, onlar artıq Kremlə çatır və bu, onun qorxusunu artırır. Lakin Putinin bioqrafiyasına baxsaq, onun həyatında real olaraq çox qorxduğu, həyatına təhlükə hesab etdiyi iki hadisə var. Bu, Mixail Zıqarın kitabında çox yaxşı göstərilib. Bunun birincisi, Liviya diktatoru Müəmmər Qəddafinin ölümünü, kütlənin onu necə qətlə yetirdiyini görməsi olub. O başa düşmüşdü ki, bu, faktiki olaraq onunla da baş verə bilər. Həyatı üçün böyük real təhlükə hesab etdiyi və qorxduğu ikinci hadisə isə Yevgeni Priqojinin qiyamı olub. Bu iki nümunədən çıxış etsək, Putin ən çox satqınlıqdan, ən yaxın adamlarının xəyanəti ilə qətlə yetirilməsindən, ya da əhalinin üsyanı ilə biabırçılıqla devrilməsindən, sonradan isə məhv edilməsindən qorxur. Ona görə də bütün son qadağalar, dövlət binalarına girişə qoyulan məhdudiyyətlər və sair onu göstərir ki, Putin ən çox özününkülərdən qorxur. Məsələn, güc strukturlarından kimlərsə Putini hədəf alan Ukrayna PUA-sını bilərəkdən “görməyə” və buraxa bilər”.
Güc strukturlarının elitasındakı iki qruplaşmaya gəlincə, Qrozev deyib ki, daha sərt xəttin və eskalasiyanın tərəfdarı olan qrupun liderlərindən biri QRU-nun rəis müavini general-leytenant Vladimir Alekseyev olub. Ukrayna Hərbi Kəşfiyyatının bu ilin fevralında məhz ona qarşı sui-qəsd həyata keçirməsi də bununla bağlıdır(Alekseyev ağır yaralansa da sağ qalıb-red.). Bizdə olan məlumata görə, indi onun səhhəti çevriliş etmək istəyən müharibə qırğılarının lideri olmağa imkan vermir. Yaxşı xəbər odur ki, müharibə qırğılarının parlaq lideri yoxdur.
Baş Qərargah rəisi Valeri Gerasimov indiyə qədər apardığı müharibənin uğursuzluğuna görə bu iddiada ola bilməz. Yeni müdafiə naziri Belousovu isə orduda avtoritet saymırlar və generallar onu “mühasib” adlandırırlar. Əvəzində, əks qruplaşmada daha çox FSB və SVR (Xarici Kəşfiyyat)-dən olan “ağıllı generallar” görürük. Hansı ki, onlar Putini devirmək üçün əhaliyə imkan, şərait yarada bilərlər. Onların adlarını çəkmək istəmirəm, çünki ümid edirəm ki, onlarda nəsə alınacaq”.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər