Almaniyanın "Frankfurter Allgemeine Zeitung"(FAZ) qəzetinin müxbiri Mikael Martens Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jurnalistə qarşı Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi ilə nifrət və ya düşmənçiliyin qızışdırılması ittihamı ilə cinayət işi açılıb. Martens Rusiyaya verilsə, bu maddə ilə altı ilə qədər həbs cəzası ala bilər.

İttihama FAZ müxbirinin 8 avqustda Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirak etdiyi mətbuat konfransında verdiyi sual səbəb olub. Tədbir zamanı Martens Zelenskidən “Avropa ölkələrinin daha çox rusun öldürülməsinə kömək etmək üçün nə edə biləcəyini” soruşub.

Daha əvvəl Rusiya bu açıqlamaya görə FAZ müxbirinə qarşı tədbir görə biləcəyini bildirmişdi. Almaniyada da onun sualı mənfi qiymətləndirilib.

“AzPolitika.info”