Bu gün, 31 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ŞƏT-in Bişkek sammiti çərçivəsində baş tutan görüşü həm ikitərəfli münasibətlərin artan dinamikası, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasında baş verən dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Ermənistandakı parlament seçkilərindən sonra liderlərin ilk dəfə üz-üzə gəldiyi bu təmas sülh prosesinin konkret iqtisadi-ticari əlaqələrin dərinləşməsi və logistik hesablamalar müstəvisinə keçdiyini göstərir.

Liderlərin Qırğızıstana gələr-gəlməz, vaxt itirmədən dərhal danışıqlar masasına əyləşmələri və masada ikitərəfli münasibətlərə dair siyasətin icrası ilə məşğul olan heyətin tam təmsil olunması Bişkekdə son dərəcədə mühüm dövlətlərarası danışıqlar olduğunu ortaya qoydu.

Görüşün ardınca yayımlanan mətbuat bəyanatının 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə və sülh sazişinin paraflanmış mətninə istinadla başlaması təsadüfi deyil. Bu detal göstərir ki, Azərbaycanda daha əvvəl, Ermənistanda isə iyunda keçirilən seçkilərdən sonra önümüzdəki 5 il üçün fəaliyyət müddəti və legitimliyi şübhə doğurmayan hakimiyyətlər formalaşıb. Tərəflər daxili siyasi silkələnmələrdən sığortalanaraq uzunmüddətli strateji ssenariləri cızmaq imkanı qazanıblar.

Bişkek danışıqlarını əvvəlkilərdən fərqləndirən ana xətt sülhün gətirdiyi praktiki dividendlərdir. İllərlə davam edən blokadadan sonra masa üzərində artıq konkret ticarət parametrləri var. Belə ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı, eləcə də üçüncü ölkələrdən Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl və digər strateji yüklərin tranziti ticarət dövriyyəsinin əsasını təşkil edəcək. İndiyədək iki ölkə arasında birbaşa ticarət dövriyyəsi faktiki olaraq sıfıra bərabər idisə (yalnız üçüncü ölkələr üzərindən dolayısı ilə məhdud mallar keçirdi), indi ilk dəfə olaraq birbaşa gömrük-keçid və ticarət rejiminin hüquqi çərçivəsi formalaşdırılır. Bu, İrəvan üçün iqtisadi nəfəslik, Bakı üçün isə regional tranzit habı kimi gəlir mənbəyidir.

Bununla yanaşı iki ölkənin biznes icmaları arasında artıq ilkin birbaşa təmaslar baş tutub və Bişkekdə bu əlaqələrin institusional müstəviyə keçirilməsi alqışlanıb.

Müzakirələrin ən mühüm bəndlərindən biri Vaşinqton sammitinin əsas nətiələrindən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur (TRİPP). Bu istiqamətdə artıq mühüm praktiki addımlar atılıb:

Dəhliz boyunca həm dəmir yolu, həm də avtomobil infrastrukturu xətlərinin texniki-iqtisadi əsaslandırmaları yekunlaşmaq üzrədir;

Zəngəzur (TRİPP) marşrutunun təhlükəsizlik və loqistika parametrləri üzrə birgə işçi qrupları artıq sahədə koordinasiyalı iş aparır.

Paralel olaraq, dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların fəaliyyətinin əldə olunmuş razılaşmalara uyğun olaraq fasiləsiz davam etdirilməsi qərara alınıb.

Liderlər etimad quruculuğu tədbirlərini yüksək qiymətləndiriblər. İndiyədək iki ölkənin parlamentariləri və vətəndaş cəmiyyəti nümayəndələri (ekspertlər, jurnalistlər, QHT rəhbərləri) arasında neytral ölkələrdə (Gürcüstan, Avstriya və s.) bir neçə məxfilik rejimi saxlanılan və açıq görüş keçirilib. Bişkekdə bu təmasların qarşılıqlı inamın artırılmasına və cəmiyyətlərin sülhə hazırlanmasına böyük töhfə verdiyi xüsusi vurğulanıb.

Bütün bu müsbət dinamikaya baxmayaraq, Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün Ermənistandan gözləntiləri aydın və dəyişməz qalır:

Ermənistan Konstitusiyasında və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələrin (xüsusən Müstəqillik Bəyannaməsinə istinadın) tamamilə çıxarılması;

Beynəlxalq məhkəmələrdə qarşılıqlı hüquqi iddiaların geri çəkilməsi və dayanıqlı sülhün hüquqi zəmanətə alınması.

Yenunda qeyd edək ki, Bişkek görüşü göstərdi ki, tərəflər təkcə siyasi bəyanatlarla kifayətlənmir, sülhün praktiki mexanizmlərini işə salırlar. Sahədə atılacaq növbəti addımlar Bişkekdə əldə olunmuş razılaşmaların nə dərəcədə möhkəm olduğunu tezliklə ortaya qoyacaq. Bakının əsas gözləntisi budur...

E.Rüstəmli

“AzPolitika.info”