Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin Vaşinqtona səfəri zamanı Rusiya-Ukrayna müharibəsinin nizamlanması və hərbi əməliyyatlardan sonrakı dövr üçün birgə enerji layihələri müzakirə edilib.
"Reuters" və TASS agentliklərinə istinadən verilən məlumata görə, Vaşinqtonda ABŞ Maliyyə Nazirliyi və Energetika Nazirliyinin rəsmiləri ilə görüşən Kirill Dmitriyev tərəflər arasında təmasların "konstruktiv" xarakter daşıdığını bildirib. Danışıqların əsas mərkəzində Ukraynadakı müharibənin dayandırılması yolları və münaqişə bitdikdən sonra mümkün Rusiya-Amerika enerji layihələrinin perspektivləri dayanır.
Bu gizli və ya intensiv diplomatik təmaslar ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda keçirdiyi görüşdən dərhal sonraya təsadüf edir. Həmin görüşün yekunlarına əsasən, tərəflərin Rusiya və Ukrayna tərəfindən enerji obyektlərinə zərbələrin dayandırılması məsələsini müzakirə etdikləri bildirilmişdi. Kiyev həmçinin rəsmi Moskvanın Ukraynanın enerji infrastrukturunu atəşə tutmasına son qoyacağı təqdirdə, rus enerji obyektlərinə qarşı hücumları dayandırmağa hazır olduğunu bəyan etmişdi.
Qeyd edək ki, sentyabrın 24-də Dmitriyev Nyu-Yorkda ABŞ liderinin xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşnerlə də görüşmüşdü. CNN-in məlumatına görə, həmin müzakirələr zamanı müharibənin siyasi nizamlanması ilə yanaşı, Vaşinqton və Moskva arasında iqtisadi əməkdaşlığın bərpası imkanları da nəzərdən keçirilmişdir.
Daha əvvəl sentyabrın əvvəllərində Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan artıq davam edən qapalı danışıqlar aparmış, daha sonra isə Kiyevə səfər etmişdilər. Cared Kuşner səfərin yekunları ilə bağlı açıqlamasında uzunmüddətli sülh sazişinin elementlərini və müharibənin başa çatmasının Rusiya, Ukrayna və digər ölkələr üçün gətirə biləcəyi iqtisadi dividend və faydaları müzakirə etdiklərini bildirmişdi.
Rusiya tərəfi — xüsusən də Kremlin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, hazırda Rusiya ilə ABŞ arasında faktiki olaraq heç bir ikitərəfli iqtisadi əməkdaşlıq qalmayıb. Lakin Moskvanın mövqeyinə görə, bu əlaqələrin yenidən bərpası hər iki dövlət üçün iqtisadi baxımdan faydalı ola bilər.
Ekspertlər hesab edirlər ki, tərəflərin enerji layihələri və gələcək sülh arxitekturası üzrə təmasları intensivləşdirməsi yaxın gələcəkdə Ukrayna böhranının nizamlanması istiqamətində yeni diplomatik formatların yarana biləcəyindən xəbər verir.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər