Böyük Britaniya hüquq-mühafizə və kəşfiyyat orqanları strateji əhəmiyyətə malik Kral Hərbi Hava Qüvvələrinin Fairford bazası yaxınlığında saxlanılan şəxslərin terror aktına hazırlıq və ya kəşfiyyat xarakterli "repetisiya" apardığı versiyasını ciddi şəkildə araşdırırlar. İnsident Vaşinqton və London arasında diplomatik gərginliyə və xarici iz ehtimallarının müzakirəsinə səbəb olub.
"The Telegraph" qəzetinin məlumatına görə, Qlosterşir qraflığında yerləşən aviabazadan təxminən 400 metr məsafədə, gecə saatlarında üç yük avtomobili ilə hərəkət edən Londonun 23-25 yaşlı beş sakinidir. Onlar partlayıcı maddələr haqqında qanunun pozulması və terror aktının hazırlanması şübhəsi ilə saxlanılıblar.
Təhlükəsizlik tədbirləri çərçivəsində hərbi mina axtaranlar robotların köməyi ilə avtomobilləri yoxlayıb, yaxınlıqdakı Uelford kəndinin 85-ə yaxın sakini isə müvəqqəti olaraq təxliyə edilib. Lakin aparılan ilkin axtarışlar zamanı avtomobillərdə aşkar edilən çəlləklərin boş çıxması və partlayıcı maddə tapılmaması istintaqda yeni versiyaların irəli sürülməsinə yol açıb. İstintaq dindirilmələrdən sonra həmin şəxsləri girov müqabilində sərbəst buraxıb, lakin araşdırmalar davam etdirilir.
Britaniya polisinin antiterror bölməsinin rəhbəri Lorens Teylor bildirib ki, əsas istiqamətlərdən biri şübhəlilərin şüurlu və ya şüursuz şəkildə xarici dövlətin maraqları naminə hərəkət etməsi ehtimalıdır. Keçmiş antiterror əməkdaşları isə hesab edirlər ki, avtomobillərdə partlayıcı maddənin tapılmaması bu şəxslərin əsas hücumdan əvvəl sadəcə ərazini öyrənmək və ya hücumu sınaqdan keçirmək məqsədilə hərəkət etdikləri ehtimalını yaradır.

Britaniyanın daxili işlər naziri Şabana Mahmud hökumətin fövqəladə COBRA komitəsinin iclasından sonra ölkənin "düşmən xarici dövlətlər" tərəfindən ciddi təhlükə ilə üz-üzə olduğunu bəyan edib. ABŞ-nin dövlət katibi Marko Rubio da hadisədə açıq şəkildə xarici tərəfin əli olduğunu iddia edib.
ABŞ-nin narahatlığı və İran faktoru
Fairford bazasından yalnız Britaniya hərbçiləri deyil, həm də ABŞ ordusu — o cümlədən strateji bombardmançı təyyarələr istifadə edir. Cari ildə bu baza ABŞ tərəfindən İrana qarşı əməliyyatlar zamanı da işə salınıb. Xatırladaq ki, iyul ayında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana qarşı zərbələrdə istifadə olunan istənilən hərbi obyektin "qanuni hədəf" kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq etmişdi.

ABŞ Prezidenti Donald Tramp şübhəlilərin sorğudan sonra dərhal girov müqabilində sərbəst buraxılmasına sərt reaksiya verib: "Mən təəccüblənmişəm ki, onları buraxıblar. Mən belə etməzdim". İnsidentin arxasında İranın durub-durmadığı sualına cavab olaraq isə Tramp "Ola bilər" cavabını verib.
Bununla belə, İranın Londondakı səfirliyi tərəfin bu hadisəyə hər hansı aidiyyəti olduğunu qəti şəkildə təkzib edərək iddiaları "əsassız və qərəzli" adlandırıb. Ekspertlər hesab edirlər ki, baş verənlər Qərb ölkələri ilə Tehran arasındakı gərginliyi daha da pik həddə çatdıra bilər.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər