Menu

Prezidentin qaytardığı qanun təkmilləşdirilib - Mövsümov AÇIQLADI

30.09.2026, 12:25
Prezidentin qaytardığı qanun təkmilləşdirilib - Mövsümov AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının ilk iclasında iştirak edir.

"AzPolitika" xəbər verir ki, onun iştirakı Prezidentin etirazı ilə parlamentə qaytarılmış qanunun müzakirəsi ilə bağlı olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin etirazı ilə Milli Məclisə qaytarılmış qanun aidiyyəti dövlət orqanları ilə yenidən müzakirə olunaraq təkmilləşdirilib.

"Modern.az"-ın məlumatına görə,  Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının ilk iclasında qanunun yeni redaksiyası barədə məlumat verib.

Söhbət Vergi və Miqrasiya məcəllələrində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəddən gedir. 2026-cı il iyulun 14-də qəbul edilmiş 453-VIIQD nömrəli qanun Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq parlamentə geri qaytarılıb.

Şahmar Mövsümov bildirib ki, qanuna yenidən baxılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb.

Onun sözlərinə görə, layihə yalnız ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. Sənəd rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar fəaliyyətlərini vahid təşviq yanaşmasında birləşdirməyi, innovasiyaların yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir.

Prezidentin köməkçisi qeyd edib ki, qanun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə olunub və müvafiq rəy hazırlanıb.

“Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”, – Şahmar Mövsümov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol