Rumıniyada saxta pasportlarla bağlı məhkəmə prosesinə başlanılıb.
"AzPolitika" "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, hazırda təqribən 300 nəfər yoxlanılır, 2 minə yaxın saxta sənəd isə artıq etibarsız sayılıb.
Məlumata görə, vətədaşlıq prosesi Rusiyada xarici agent kimi tanınan şəxslərin reklam etdiyi şirkətlər vasitəsilə rəsmiləşdirilib.
Nəşrdə qeyd olunur ki, bir neçə il ərzində belə agentliklər sosial şəbəkələrdə, o cümlədən Yuri Dud kimi bloqerlərə reklam sifariş edərək özlərini təbliğ ediblər.
Vasitəçilər 7500 avro müqabilində 1940-cı ildə sərhədlər dəyişənə qədər Rumıniyaya məxsus olan indiki Moldova və Ukrayna ərazilərində yaşamış rumın əcdadlarını arxivlərdə tapmağı və onların vasitəsilə vətəndaşlıq almağı vəd ediblər. Oxşar sxemlər Moldova vətəndaşlığı ilə bağlı da tətbiq edilib: Sankt-Peterburq, Bakı və Moldovadakı Rumıniya diplomatik nümayəndəlikləri tərəfindən guya verilmiş vətəndaşlıq haqqında şəhadətnamələrdən istifadə olunub. Həmin sənədlərin əsasında doğum haqqında şəhadətnamələr və fərdi nömrələr hazırlanıb.
Bildirilir ki, bu zaman bəzi müştərilər həm pasportlarından, həm də pullarından məhrum olublar. Hazırda 16 nəfərin işi məhkəməyə göndərilib.


Şərhlər