"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədi təsdiq edilib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Strategiyada müəyyən edilmiş "xalis sıfır emissiya" hədəfinə çatmaq üçün İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə iqtisadiyyatın müxtəlif sahələrində karbon emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin dövlət proqramlarına, strategiyalara, milli fəaliyyət planlarına və digər sənədlərə daxil edilməsini əlaqələndirəcək.
Maliyyə Nazirliyinə isə qərarın müvafiq müddəaları nəzərə alınmaqla, dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Qərarda vurğulanır ki, 2060-cı ilədək "xalis sıfır emissiya" səviyyəsinə çatmaq şərtli hədəfdir və onun reallaşdırılması əlavə maliyyə imkanlarının yaradılmasından asılıdır. Bu məqsədlə beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyinin genişləndirilməsi, texnologiyaların ötürülməsi, güzəştli kreditlərin və özəl sektor investisiyalarının cəlb olunması nəzərdə tutulur.


Şərhlər