XƏTAİDƏ XARABALIĞA ÇEVRİLMİŞ “UKRAYNA ƏRAZİSİ”... - Vaxtilə park olub + FOTOLAR

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində təxminən yarım hektardan artıq ərazini əhatə edən sahə illərdir ki, baxımsız vəziyyətdədir. Əvvəllər istirahət parkı olan bu yerdə uşaqlar üçün quraşdırılmış köhnə atraksionlar hələ də yerində qalır, sadəcə onların üstünü bağlayıb hasar içində saxlayırlar.

Ərazidə çəkilişlər etdiyimiz vaxt Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının orada təmizlik işləri apardığını müşahidə etdik. Ancaq park zir-zibildən təmizlənsə də kökündən qopmuş ağaclar, nahamar səkilər, harda gəldi saxlanılan maşınlar və s. uzun müddət davam etmiş baxımsızlıqdan xəbər verirdi.

Yaxınlıqdakı binalarda yaşayan sakinlərin parkda masalar, oturacaqlar qoyaraq istirahət üçün şərait yaratmağa çalışdıqları görünür. Amma son vaxtlar sahibsiz itlərin əraziyə toplaşması gecə saatlarında buranı təhlükəli hala gətirib. Beləliklə, adı park olsa da ərazi istifadəsiz qalmış xarabalığa çevrilib.

Ətrafda yaşayan sakinlərdən Sənubər Mehdiyeva "AzPolitika.info"-ya bildirdi ki, uzun illərdir park bu vəziyyətdədir. Pərvanə Qasımlı isə deyir ki, yaxınlıqda bu parkdan başqa istirahət guşəsi olmadığından, İcra Hakimiyyətinin həyətindəki parka üz tuturlar.

Ümumiyyətlə, sakinlər parkın təmir olunaraq vətəndaşların istifadəsinə verilməsini istəyirlər. Ancaq Xətai Rayon İcra Hakimiyyətindən "Azpolitika.info"-nun sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi Ukrayna səfirliyinə məxsusdur. 

Bu səbəbdən, onların ərazi ilə bağlı qərar qəbul etməyə səlahiyyəti yoxdur. Çünki bütün təmir-bərpa işləri ancaq səfirliyin ixtiyarındadır. Qurumdan daha sonra bildirildi ki, ərazi hər nə qədər onlara aid olmasa da, Xətai rayonunda yerləşdiyindən hər ay rayon İcra Hakimiyyəti orada təmizlik işləri aparır.

Ukraynanın Azərbaycandakı Səfirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı, gün ərzində telefonlara cavab verən olmadı.

Bir sözlə, illər əvvəl Ukrayna səfirliyinə satılmış bu ərazidə indiyə qədər tikiniti işləri aparılmayıb. Görünür, ərazidən necə istifadə olunacağı ilə bağlı hələlik qərar verilməyib. Bu səbəbdən paytaxtın mərkəzində yerləşən kifayət qədər böyük ərazi baxımsız, xoşagəlməz vəziyyətdə qalmaqda davam edir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi;" mövzusunda hazırlanmışdır.





635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar