Əsaslı təmirə görə 4 ilə yaxın bağlı qalan Bakı Zooloji Parkı 7 oktyabr tarixində ziyarətçilərin üzünə açılıb. Açılışda Prezident İlham Əliyev və onun ailə üzvləri də iştirak edib. İctimaiyyətə verilən məlumata görə, heyvanat parkı İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
Parkın ilk ziyarətçiləri şəhid ailələrinin övladları, həmçinin internat müəssisələrindən gətirilən 450 nəfərə yaxın uşaq olub.
Nəzarətçilərdən öyrəndik ki, Bakı Zooloji Parkı hər gün saat 10:00-da açılır və 17:30-dək fəaliyyət göstərir. Biletlərin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat təşkil edir. Biletləri girişdəki kassalardan, yaxud tickets.az saytından onlayn qaydada əldə etmək mümkündür.
Parka giriş şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştlidir. Həmçinin 3 yaşa qədər uşaqlara da giriş pulsuzdur.
Qeyd edək ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara giriş üçün COVID-19 pasportu tələb olunur.

Təmirdən sonra Bakı Zooloji Parkının ərazisi təxminən iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Zooparkda ümumilikdə 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Həmçinin burada "Qırmızı kitab"a düşən heyvan növləri də saxlanılır. Gələcəkdə nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün layihələr də hazırlanıb.
Parkın girişində məlumat terminalı quraşdırılıb ki, bu da ziyarətçilərin rahat şəkildə gedəcəkləri marşrut xəttini öyrənməyə imkan verir.
Terminaldakı məlumata əsasən, zooparkın ərazisi Avropa, Asiya, Amerika, Avstraliya və Afrika adlandırılmış 5 hissəyə ayrılıb. Hər bölmədə adı daha çox lövhədə yazılan qitələrdə yaşayan heyvanlar saxlanılır.
Parkda müxtəlif əyləncə obyektləri, restoran, uşaq meydançası, lektoriya və elektron bələdçi xidmətləri də var. Yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat barierlər, akvaterlər, suni göl, hovuzlar, kontakt zooparkı, baytarlıq klinikası inşa edilib.

Ziyarətçilərin sıxlığından zooparka paytaxt sakinlərinin marağının böyük olduğu görünürdü. Onların arasında ailəlikcə gələnlərin sayı kifayət qədər çox idi.
Ziyarətçilərdən biri, təəssüratını "AzPolitika.info"-nun əməkdaşı ilə bölüşən Nigar Mahmudova bildirdi ki, parkın dizaynı çox gözəl qurulub. O, fil və zürafənin heyvanat parkına gətirilməməsindən təəəsüfləndiyini dedi.
Taleh Qasımov xatırladır ki, əvvəllər köhnə zooparkın ərazisi çox kiçik idi: "İndi həm heyvanlara daha geniş park qurulub, həm də ziyarətçilər üçün gəzmək, onlara tamaşa etmək rahatdır".
Aynur Hüseynova isə deyir ki, istirahət üçün rahatlıq yaradılsa da qiymətlər münasib deyil: "Bura hamı adətən ailə üzvləri ilə birgə gəlir, ona görə qiymət cibə uyğun olmalıdır".

Xatırladaq ki, heyvanların saxlanıldığı barierlərin sahəsi də kifayət qədər genişləndirilib. Həmçinin təmir işləri aparılan zaman ərazidəki yaşıllıq zolağının təbiiliyi qorunub saxlanılıb.
Adının yazılmasını istəməyən park işçisi "AzPolitika.info"ya bildirdi ki, hər gün heyvanların qaldığı ərazilər təmizlənir, gün ərzində növündən asılı olaraq onlar 2-3 dəfə yemlənir.

Qeyd edək ki, Bakı Zooloji Parkında 24 saat fəaliyyət göstərən müşahidə kameraları quraşdırılıb. Polis əməkdaşları da parkın ərazisində insanların mühafizəsini təmin edir, könüllülər isə ziyarətçiləri məlumatlandırır. Təhlükəli yırtıcı heyvanların saxlanıldığı barierlərin qarşısına isə elektrik xətləri çəkilib.
Parkın ərazisində həm açıq, həm də qapalı fəaliyyət göstərən kafe və restoranlar, fast - food satış məntəqələri mövcuddur. Restorandakı qiymətlərə gəldikdə, sifarişdən aslı olaraq 5-30 manat arasına dəyişir.

Ziyarətçilərin daha çoxunun ailə üzvləri ilə birgə olduqlarını nəzərə alsaq, qiymətlər o qədər də münasib deyil. Məsələn, 4 nəfərlik bir ailə parka daxil olmaq üçün 20 manat, nahar edərlərsə, 30-40 manat pul xərcləməlidir. Qiymətlər aztəminatlı təbəqənin də cibinə uyğunlaşdırılsa, bu istirahət məkanına daha çox ziyarətçi cəlb etmək olar.
Elvin Bəyməmmədli
"AzPolitika.info"



Şərhlər
Zooparka 5 manat verib girmekdensə gedib kafedə oturaram.bunnar dəli olub