“8-10 HƏFTƏ ƏRZİNDƏ İSRAİL İRANI VURACAQ!” – “Bennet Putinin də razılığını alıb”

"İsrailin Baş naziri Naftali Bennet Rusiyaya səfər edərək Soçidə Prezident Vladimir Putinlə beş saat davam edən danışıqlar aparıb. Bu danışıqların ana mövzusunun İranın nüvə proqramının dayandırılması ilə bağlı olduğuna heç bir şübhə yoxdur".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli Putin-Bennet görüşünü şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Rusiya ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi o qədər kiçikdir ki, Rusiya və İsrail liderlərinin bu barədə beş saat danışıqlar aparması qeyri-realdır: "Hazırda Rusiya ilə İsrail arasında illik ticarət dövriyyəsi 2 milyard dollardan bir qədər artıqdır. Bu, Rusiya ilə Türkiyə arasındakı dövriyyədən 11-12 dəfə azdır. İsraillə Rusiya arasında dünyanın müxtəlif bölgələrində Türkiyə ilə Rusiya arasında olduğu kimi rəqabət və əməkdaşlıq mövcud deyil ki, liderlər beş saat danışıqlar aparmaq məcburiyyətində qalsınlar. Halbuki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə son danışığı cəmi iki saat çəkmişdi".

X.Cəfərli bildirir ki, İsrail üçün əsas məsələ İranın atom bombası əldə etməmiş Tehranın nüvə proqramının dayandırılmasıdır. "Təxminən bir ay əvvəl BMT Baş Assambleyasında çıxışında İsrailin Baş naziri İranın nüvə proqramının bütün “qırmızı xətləri” keçdiyini və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bütün dünyaya bəyan etmişdi. İsrail rəsmiləri İranın bu ilin sonuna kimi ilk nüvə silahını hazırlayacağını düşünürlər",-deyə politoloq əlavə edib. 

Ekspertin sözlərinə görə, İranın nüvə silahına malik olması Yaxın Şərqdə oyun qaydalarını tamamilə dəyişə bilər ki, bu da Çin istisna olmaqla, heç bir böyük dövlətin marağında deyil: "Çin istisna olmaqla, böyük dövlətlərin heç biri İranın nüvə silahına sahib olmasına yol vermək istəmir. Fikir ayrılığı bu məqsədin hansı yollarla həyata keçirilməsindən ibarətdir. Əksər dövlətlər hesab edir ki, bu vəzifənin öhdəsindən diplomatik yollarla gəlmək olar. İsrail isə bildirir ki, diplomatik yolla İranın nüvə proqramını dayandırmaq mümkün deyil. Tehranın diplomatik danışıqları uzatmaqla sadəcə vaxt qazandığını düşünən İsrail yeganə çıxış yolunu İranın nüvə obyektlərinin məhv edilməsində görür. Bu vəzifəni həyata keçirmək üçün İsrailin hərbi imkanları mövcuddur".

Xəqani Cəfərli düşünür ki, Baş nazir Naftali Bennetin siyasəti bu vəzifəni həyata keçirmək üçün böyük dövlətlərin razılığını almaqdan ibarətdir: "Soçidə Putinlə beş saat aparılan danışıqların ana mövzusu da məhz bu olub. Tərəflərin açıqlamalarından belə qənaət yaranır ki, hansısa ümumi razılıq əldə olunub. Əgər bu qənaət yanlış deyilsə, İsrail yaxın 8-10 həftə ərzində İranın nüvə obyektlərinə və hərbi infrastrukturuna dağıdıcı zərbə vuracaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar