Noyabrın əvvəlindən Azərbaycan Beynəlxalq Bankın (ABB) kartı ilə pensiya alan müştərilər hesablarından çıxarış edə bilmirlər. Səbəb isə kartlarının istifadə müddətinin bitməsidir.

Xatırladaq ki, COVID-19 infeksiyasının yaratdığı epidemioloji şəraitlə əlaqədər bank kartlarının yenilənməsi müvəqqəti olaraq dayandırılmışdı. İstifadəyə yararsız kartarın müddəti isə bir qədər uzadılmışdı. Məlumat üçün qeyd edək ki, əksər banklar vaxtı bitmiş kartların müddətini 31 dekabr 2021-ci ilə qədər uzadıb. Amma noyabrdan etibarən vaxtı bitmiş ABB kartını yeniləmədən hesabdan pul çıxarmaq mümkün deyil.

Adıçəkilən bankın 1 milyon 300 mindən çox aktiv kart istifadəçisinin olduğunu nəzərə alsaq, filialların qarşısında yaranmış izdihamı və sıxlığın miqyasını təsəvvür etmək çətin deyil. Qeyd edək ki, bu barədə bank tərəfindən müştərilərə əvvəlcədən heç bir məlumat verilməyib.

ABB-nin Xətai filialının qarşısında səhər erkəndən izdiham yaranmışdı. Əksəriyyəti yaşlı insanlardan və əlilliyi olan vətəndaşlardan ibarət olan narazı kütlə kart probleminin həll olunacağını gözləyirdi. Bankın girişində dayanan polis əməkdaşları isə növbə ilə onları içəri buraxırdı.

"AzPolitika.info"-nun əməkdaşının bank müştəriləri ilə söhbət zamanı aydın oldu ki, kartların dəyişəcəyi ilə bağlı onlara əvvəlcədən hər hansı məlumat verilməyib. 

Paytaxt sakini Asəf Mehdiyev deyir ki, il yarımdan artıqdır bank kartlarının yenilənməsi dayandırılıb: "Dünən kartımdan vəsait çıxarmağa çalışsam da, bu mümkün olmadı. Bankla əlaqə saxladıqda isə bildirildi ki, kartınızın müddəti bitib və yeniləmədən pul çıxara bilməzsiniz".

Pensiyaçı Ramil Əliyev isə xatırladır ki, kart yenilənməsi 5 ildən bir həyata keçirilir: "Amma bir ilə yaxın idi ki, köhnə kartla pensiyamızı ala bilirdik. Bu gün bilmişəm ki, vaxtı keçmiş kartların istifadəsi dayandırılıb. Bir saat əvvəl bu filiala gəlsəm də, növbədə 235-ciyəm. Əlil olduğuma görə bankın qarşısında saatlarla gözləmək imkanım yoxdur. Amma gözləməsəm, bir neçə gün pulumu ala bilməyəcəm. Problemin yeganə səbəbi bankın məsuliyyətsizliyidir".

Samir Qurbanlının sözlərinə görə, bankdan ona kart yenilənməsi ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. O da, digər istifadəçilər kimi hesabından pul çıxara bilmədikdən sonra kartını yeniləməli olduğunu eşidib.

Yaranmış problemlə bağlı ABB-nin məlumat mərkəzindən "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirildi ki, kart yeniləmələrinin vaxtının uzadılıb-uzadılmaması Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən təyin olunur: "Oktyabrın sonlarında bu barədə bizə məlumat verilib ki, istifadə müddəti bitmiş kartların vaxtı uzadılmaycaq. Tərəfimizdən əvvəlcədən müştərilərə rəsmi səhifədə və ya SMS vasitəsi ilə hansısa məlumat verilməyib. Vətəndaş kartını bankomata daxil etdikdə, hesabdan vəsait çıxara bilmədikdə kartını yeniləməli olduğunu anlayır. Vaxtı bitmiş kartı yeniləmək istəyən müştərilər şəxsiyyət vəsiqəsi ilə birlikdə istənilən ABB filialına yaxınlaşa bilərlər".

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə hələ pandemiyadan əvvəl belə vətəndaşlar kart sifarişini və ya yenilənməsini onlayn formada həya keçirə bilirlər. Məsələn, qonşu Türkiyədə vətəndaşın kartını yeniləməsi üçün banka yaxınlaşmasına ehtiyac yoxdur. Kartın istifadə müddətinin bitməsinə bir neçə gün qalmış bank tərəfindən müştəriyə zəng edilir və onun yeni kartı qeydiyyatda olduğu ünvana və ya istədiyi bank filalına göndərilir. Belə bir sadə prosedurun Azərbaycanda problemə çevrilməsi isə bank xidmətlərinin yetərli səviyyədə olmamasının bariz göstəricisidir.

Elvin Bəyməmmədli

"AzPolitika.info"