Azərbaycanda dərmanların keyfiyyəti və qiymətləri ilə bağlı ciddi narazılıqlar var. Buna baxmayaraq, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.
Hələ altı il əvvəl Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dərman preparatlarının qiymətlərinə toxunaraq bunları demişdi: "Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin… Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda 10 dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır...".
Dövlət başçısı sözügedən iclasda bu sahədə vəziyyətin tamamilə nəzarətə götürülməsi üçün müvafiq tapşırıqlar vermişdi.
Noyabrın 16-da Səhiyyə nazirinin əvəzi Teymur Musayev Azərbaycanda dərmanların keyfiyyətinin yaxşılaşdırılması və qiymətləri ilə bağlı təkliflər hazırlandığını bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Turan"a deyib ki, Prezident İlham Əliyev dərman qiymətlərinin optimallaşdırılması və apteklərdə olan dərmanların keyfiyyətinin yüksəldilməsi ilə bağlı göstəriş verib: "Bu istiqamətdə müəyyən işlər görüldü. Ancaq bu günləri dərman bazarında, apteklərdə olan dərmanların həm keyfiyyəti, həm də qiyməti əhalidə böyük narazılıq və narahatlıq doğurur".
Deputat qeyd edib ki, qonşu ölkələrdə dərmanların bugünkü qiyməti Azərbaycanda satılan dərmanların qiymətindən bir neçə dəfə ucuzdur: "Bu istiqamətdə addımlar atılmalıdır".

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə "Azadlıq" radiosuna bildirib ki, dərmanların keyfiyyət parametrləri çox aşağıdır: "Azərbaycana dərman gətirən şirkətlər bu məsələ ilə bağlı çox ciddi sorumludurlar".
Professor hesab edir ki, Azərbaycanda qiymətlər real qiymətindən qat-qat bahadır: "Bizdə dərmanların qiyməti, az qala, Avropanın yüksək keyfiyyətli dərmanların qiymətləri ilə eynidir. Bu da qətiyyən qəbuledilməzdir, çünki Azərbaycan vətəndaşının gəlirləri çox aşağıdır. Bu baxımından da dərman bazarında çox arzuolunmaz bir vəziyyət hökm sürür".
Onun fikrincə, ölkəyə daxil olan bir çox dərman maddələrinin üstündə yazılmış istehsal yeri və tərkibi çox şübhəlidir: "Dərman təhlükəsizliyi konsepsiyası Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir. Ona görə də dərmanın idxalına ciddi nəzarət lazımdır. Amma bundan əvvəl dövlət farmakopeyası, dərman maddələrinin dövlət reyestri yaranmalıdır. Azərbaycana idxal olunan bütün dərmanlar ictimaiyyətə açıq və onların istehsalı ilə bağlı məlumatlar dürüst olmalıdır".
"AzPolitika.info"

Şərhlər
Sanki yenilik deyir.Bu Azərbaycanda dərman mafiyasının yuxarılarla möhkəm əlqələrindən və yuxarıların əhalinin güzəranı və sağlamlığı ilə oynadığını əyani sübut edir.Türkiyə apteklərində 32 lirəyə (3.6 Dollar0)Ssatılan dərman Bakı apteklərində 17 manata satılır.Bunun kimi bütün dərman vasitələri uzun illərdir bu minvalla satılır.Keyfiyyət məsələsinə gəldikdə isə bu başqa mövzunun shbətidir.Beləliklə AZərbaycanda b sahə bir qup dələduzların və nəzarət etməli olan,lakin kənardan seyr edib haqqını alan qurumların nömrəsidir. Bəs belə halların mövcudluğu şəraitində Azərbaycan hakimiyyəti,Nazirlər Kabuneti,nəhayət Prezident aparatı niyə ortada görünmür?ikyTILAN DƏRMAN aZƏRBAYCANDA 17 MANATA SATILIR.
Əhliman müəllim. Dərmanların başına o oyunu gətirənlər elə Sizin yanınızda oturublar. Onlara deyin elə bir gündə həll etsinlər və Azərbaycan xalqının üzərində təcrübələri dayandırsınlar. Adamın insafı olar. Bəsdirin ,həya edin bu millətin genofondun məhf etməyin. Özünüzün başınız ağrıyanda dərmanı ya almaniyadan ya da israildən gətirirsiniz. Keyfiyyətsiz və qidalara görə sonsuzluq tüğyan edir. Millətin sağlamlığını girov edib qazandıqları pulu hüzrlərinə xərcləsinlər.
Moskvaya yolu düşən tanış adamlar vasitəsi ilə 10 manata aldığımız dərman Bakı apteklərində 45-50 manata satılır.Həm də keyfiyyətsiz.Şəkər xəstələrinə paylanan Novomix insulini heç bir təsirə malik deyil.Qarabağ \əlillərinə verilməli olan dərmanlar tam verilmir.Veriləndə də yarısı kəsilir.İcbari tibbi sığorta fəaliyyətə başlayandan poliklinikalarda xidmət səviyyəsi enib.Poliklinikalar mühafizəçilərlə doludur.Bilinmir ki,onlar kimi kimdən qoruyur.Xüsusilə,Nərimanov rayonunda tibbi xidmət çox yarıtmazdır.