Türkiyədə cinayətdə ittiham olunan şəxs Azərbaycanda klinika açır – Sensasiyalı faktlar + FOTOLAR

Barəsində Türkiyədə cinayət işi açılan Alper Mövlut Ceylan adlı şəxs Azərbaycanda, daha dəqiqi Mingəçevir şəhərində özəl klinika açır.

Bu barədə “AzPolitika.info”-ya verilən məlumatda bildirilir ki, “Anadolu klinikası” adlandırılan “Qadın və uşaq xəstəlikləri mərkəzi”nin açılışı iyunun 25-nə, yəni sabaha planlaşdırılır.

Açılışa bəzi şou-biznes nümayəndələrini də dəvət edən Alper Mövlut Ceylanın, qəribə də olsa, şəxsi klinikasını açmaq üçün vəsaiti də Mingəçevir şəhər sakinlərindən topladığı bildirilir. Belə ki, onun bir müddətdir ki, müxtəlif vəzifələr, iş imkanı vəd edərək, klinikanı açmaq üçün xeyli sayda şəhər sakinindən pul aldığı, buna görə səs-küylü bir açılış edərək, “göz boyamağa” çalışdığı iddia olunur.

“Əslində isə icarəyə götürdüyü binada klinika açmaq üçün nə lazımi şərait yaradılıb, nə də zəruri müasir avadanlıqlar alınıb. Bir “UZİ” və bir neçə başqa aparatla qadın və uşaq xəstəlikləri mərkəzi yaratdığını, klinika açdığını elan etmək insanları aldatmaqdan başqa bir şey deyil” – deyə, saytımıza verilən məlumatda bildirilir.

Qeyd edilir ki, Alper Mövlut Ceylan klinika açmaq adı ilə Mingəçevir şəhərinin girişindəki yolun arxa hissəsində yerləşən köhnə Turizm Kollecinin binasını icarəyə götürüb.

Alper Mövlut Ceylanla bağlı daha ciddi iddia isə onunla bağlı Türkiyədə cinayət işinin açılmasıdır.

Bununla bağlı redaksiyamıza təqdim edilən sənədlərdən məlum olur ki, onun haqqında cinayət işi Türkiyə Respublikası Kocaeli Şəhər Baş Prokurorluğu tərəfindən 2017-ci ilin oktyabr ayında açılıb.

Alper Ceylana cinayət işinin açılmasına səbəb isə onun “Twitter” hesabından Türkiyə Respublikasının Prezidenti Receb Tayyib Ərdoğana qarşı təhqir xarakterli paylaşım etməsi, ona böhtan atması, şəkilləri üzərində “Photoshop” proqramı vasitəsi ilə dəyişikliklər edərək dövlət başçısını aşağılamağa cəhd etməsi olub.

Qeyd edək ki, Alper Ceylan istintaqa ifadəsində gah belə paylaşım etdiyini xatırlamadığını, gah da əsəbləşərək belə paylaşımlar edə biləcəyini deyib.

Ancaq istintaq, əlbəttə, onun dediklərinə deyil, sübutlara əsaslanıb. Və Ceylanın hərəkətlərində 5237 saylı Türk Cəza Qanununun 125/1-3.a maddəsində qeyd edilən (“Dövlət qulluqçusuna qarşı vəzifəsindən dolayı təhqir”) cinayət tərkibinin olduğu qənaətinə gəlinmiş, sübutların araşdırılaraq qiymət verilməsi üçün iş məhkəməyə göndərilmişdir.

“Şübhəlinin mühakiməsi sizin məhkəməniz tərəfindən aparılacaq və sübutlar uyğun olaraq məhkəmənizin ixtiyarında olacaq. Yuxarıda yazılan müddəalara uyğun olaraq cəzalandırılmasına, qəsdən törətdiyi cinayət səbəbləri ilə bəlli haqlardan məhrum edilməsinə dair qərar verilməsi dövlət adından iddia və tələb edilir” – deyə, Kocaeli Baş Prokuroru Dilek Tosunun imzaladığı istintaq materialında bildirilir.

Ancaq məhkəmə prosesinin keçirilməsi nədənsə uzanıb. Ola bilsin ki, buna səbəb Türkiyədə 2016-cı ildə FETO terror şəbəkəsinin törətməyə cəhd etdiyi silahlı dövlət çevrilişi cəhdindən sonra məhkəmələrin həddən artıq yüklənməsi olub.

Yeri gəlmişkən qeyd edək ki, Alper Ceylanın Türkiyə Prezidentinə qarşı təhqiramiz və böhtan xarakterli paylaşımları Türkiyədə 2014-cü il prezident seçkilərindən əvvələ, FETO şəbəkəsinin Ərdoğanı devirmək üçün onun haqqında ağlasığmaz yalanlar yaydığı dövrə təsadüf edir. Bu da onun paylaşımları həmin şəbəkənin təsiri altında edib-etmədiyinin də araşdırılmasını zəruri edir. Onunla bağlı cinayət işinin məhkəmə istintaqının uzanmasının bir səbəbi də bu ola bilər.

Alper Ceylan da, mümkündür ki, bundan istifadə edərək haqqında veriləcək hökmü gözləmədən Türkiyədən çıxır və 2019-cu ildə Azərbaycana gəlir. Burada klinikaların birində texniki işçi kimi çalışmağa başlayır.

Bu müddətdə Türkiyədə haqqında başlanmış cinayət işinin məhkəmə araşdırması davam etdirilir. Onunla bağlı Türk Cəza Qanununun 125/1-3.a və 53/1 maddələri üzrə ittiham aktı tamamlanır.

Ancaq Alper Ceylan Azərbaycanda olduğundan onu məhkəməyə cəlb edərək prosesə başlamaq, haqqında hökm vermək mümkün olmur.

Alper Ceylanın Azərbaycanda olduğu müəyyənləşdirildikdən sonra Kocaeli şəhəri 6-cı Ağır Cinayət Məhkəməsi tərəfindən onunla bağlı ötən ilin dekabr ayında Azərbaycanın ədliyyə orqanlarına vəsatət məktubu göndərilir.

Oxucuları yormamaq üçün qısa şəkildə qeyd edək ki, məktubda Alper Ceylanın hansı cinayətdə təqsirləndirildiyi və barəsində hansı hüquqi işlərin həyata keçirilməli olduğu vurğulanır. Məhkəmə prosesinin başa çatması üçün, təqsirləndirilən şəxs kimi onun izahatının alınmasına ehtiyac olduğu, lazım gələrsə, məcburi şəkildə səlahiyyətli ədliyyə orqanına gətirilərək dindirilməsi xahiş olunur.

Azərbaycanın ədliyyə orqanlarının bu xahişə nə cavab verdikləri, Alper Ceylanla bağlı müvafiq hüquqi prosedurların yerinə yetirilib-yetirilmədiyi ilə bağlı hələlik hər hansı bilgimiz yoxdur.

Ancaq Türkiyədə cinayətdə ittiham olunan və həbs ediləcəyi gözlənilən birinin Azərbaycanda klinika açması, əlbəttə, diqqəti cəlb edir. Bunun arxasında hansı qaranlıq məqsədlərin dayandığını söyləmək çətin olsa da, daim Azərbaycanın yanında olan, dövlətimizin güclənməsi, torpaqlarımızın işğaldan azad olunması üçün hər cür dəstəyi verən, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə hamının çox sevdiyi, dövlət başçımızla qardaşlıq münasibəti olan türk dünyasının liderini – Türkiyə Prezidentini qəsdən təhqir edən, onunla bağlı böhtan məlumatlar yayan birinin Mingəçevirdə klinika açması, əlbəttə, xoş qarşılana bilməz. Həm də nəzərə alsaq ki, bu təhqir və böhtanları Alper Ceylanın sifarişlə həyata keçirdiyi, Türkiyə dövlətinə qarşı olan şəbəkələrin maraqlarına xidmət etməsi ehtimalı da mövcuddur.

“Sual olunur, haqqında cinayət işi və kifayət qədər ciddi şübhələrin olduğu birinə Azərbaycanda iş qurması üçün şərait yaratmaq, vətəndaşlarının sağlamlığını etibar etmək nə qədər doğrudur?” – deyə, redaksiyamıza edilən müraciətdə bildirilir.

Müvafiq qurumların bu məsələni diqqətə almasına, Alper Ceylanla bağlı faktların, eləcə də açılışını planlaşdırdığı klinikanın nəzarətə götürülməsinə ehtiyac olduğu vurgulanır. Çünki sonra gec ola bilər...

Rasim

AzPolitika.info




635x100

Şərhlər

Seyid ƏNHU 2022-06-24 17:15:13

Mənə görə heç də təəccüblü deyil. Belə hallar bizdə normal hal hesab olunur.

Son yazılar