YENİ QANUN PARTİYALARA NƏ VƏD EDİR? – Partiyaların təsis edilməsi, maliyyələşməsi, ləğvi qaydaları dəyişir...

Azərbaycan Milli Məclisi bazar ertəsi "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini yeni redaktədə müzakirəyə çıxarıb. “AzPolitika.info” BBC radiosuna istinadla xəbər verir ki, bundan əvvəlki variantda bəzi müxalif siyasi partiyaları narazı salan bəzi müddəalar yeni redaktədə yoxdur. Bu, siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərdir.

“Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilin iyununda İsa Qəmbərin Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu vaxtda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Yeni qanun qəbul edilkdikdən sonra bu qanun qüvvədən düşəcək”, - layihədə deyilir.

Hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.

Yeni qanun layihəsində nələr var?

Qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişiklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur.

Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 5 minə qaldırılması təklif olunur. Hazırda bu tələb min nəfərdi, əvvəlki variantda bu rəqəm 10 min idi.

2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi müddəası qanun layihəsinin yeni redaktəsində yoxdur. Amma üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola bilər.

Layihədə partiyaların seçkini davamlı boykot etmə hüququ barədə hər hansı müddəa göstərilmir.

Siyasi partiya necə təsis ediləcək?

Mövcud qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir, təklif edilən yeni layihədə də bu müddəa saxlanır, amma bəzi məhdudlaşdırmalarla. Qanun layihəsinin əvvəlki variantında mübahisə yaradan bəzi müddəalar yeni layihədə çıxarılıb.

Məsələn, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olmasə tələbi 50 təsisçiyə qədər endirilib, amma həmin şəxslərin tam fəaliyyət qabiliyyətli olması tələbi saxlanıb.

Mövcud qanunda isə siyasi partiyaların yaradılması üçün təsisçilərin minimum sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Əvvəlki layihədə siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi yeni redaktədə yoxdur.

Layihədə göstərilir ki, siyasi partiya təsisçiləri təsis yığıncağı keçirərək partiyanın nizamnamə və proqramını qəbul etdikdən sonra öz aralarından təmsilçi seçirlər.

Qanun layihəsində göstərilir ki, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim edir.

Dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır.

Nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edir.

Reyestrdə hansı məlumatlar olmalıdır?

Layihədə göstərilir ki, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparır.

Təklif edilən dəyişikliyə əsasən, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcək.

Siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim etməlidir. Bu tələb əvvəlki variantda iki dəfə idi.

Mövcud partiyalardan nə tələb ediləcək?

Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 180 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir. Əvvəlki layihədə bu, 90 gün idi.

Eyni zamanda onların reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim etməlidir. Əgər hansısa çatışmazlıqlar aşkar edilərsə və siyasi partiya qanunda göstərilən müddətdə bunu aradan qaldırmazsa, onda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq, layihədə göstərilib.

Siyasi partiyaların fəaliyyətinə nəzarət necə olacaq?

Təklif edilən qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.

Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycanın normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq və hətta siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldıracaq.

Bundan əlavə, nəzarətedici qurum partiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxacaq və mediada yayılan məlumatları nəzərdən keçirəcək.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Hazırkı qanunda bu kateqoriyadan olanlardan ianə almaq qadağan edilsə də, üzvlüklə bağlı məhdudlaşdırıcı müddəa yoxdur.

Partiyaların rəmzləri necə müəyyənləşəcək?

Layihəyə əsasən, siyasi partiyanın adı olmalı və onun adında "partiya" sözü göstərilməlidir. Bundan əlavə, siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər.

Layihədə göstərilir ki, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, siyasi partiyanın bayrağının ölçüsü Azərbaycan Respublikası Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz.

Partiyaların maliyyələşməsi necə təşkil ediləcək?

Partiyaların dövlət büdcəsindən maliyyələşməsi qaydası ilə bağlı yenilik təklif olunur:

Mövcud qayda, yəni dövlət büdcəsi hesabına ayrılan vəsaitin 40 faizinin parlamentdə təmsil olunan partiyalara bərabər, 50 faizinin isə deputat səslərinin sayına görə ayrılması saxlanılır.

Vəsaitin 5 faizi Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bərabər qayda prinsipi ilə verilir.

Vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 2,5 faizi isə bu siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünür.

Yeni qanun layihəsi siyasi partiyalara Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmağı qadağan edəcək.

Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək.

İanələr isə pul vəsaiti, əmlak və ya xidmət şəklində qəbul edilə bilər.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək.

Qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyəti necə olacaq?

Yeni qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmədiyi göstərilib.

O cümlədən, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, partiya orqanlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirakı qadağan edilir. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər, o cümlədən qərarlar qəbul etməsi və ya sənədlərin imzalanması qadağandır¸ layihədə göstərilir.

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2022-11-22 23:45:33

Qanun layihəsi ilə tanış deyiləm. Saytdakı variant qəbul edilərsə, siyasi partiya təsis etmək faktiki olaraq mümkün olmayacaq. Qanunda qısa və konkret göstərmək lazım ki, duxun varsa, yarat. Bu variantda qəbul olunarsa mürtəce bir qanun olar.Elə təəssürat yaranmasın ki, partiya təsis etmək istəyirəm, ona görə belə yanqılı yazıra. Belə bir məqsədim yoxdur.

Son yazılar