VOLKOVUN 14 İRANLI İLƏ BAĞLI YALANI... - Sülhməramlıların işinin adı nədir?

Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov mandatlarına zidd olaraq 14 İran vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etmələrinə münasibət bildirib.

Ancaq bu açıqlama həm qəribə, həm gülünc, həm də anlaşılmazdır. Eynilə sülhməramlıların mövcud fəaliyyəti kimi bu açıqlamada da daha çox tərəfkeşlik, müəmma, qeyri-müəyyənlik var. Bir növ Volkov bu açıqlaması ilə göstərib ki, sülhməramlılar əraziyə nəzarət edə bilmirlər. Zatən bunu sübut edən başqa faktlar da var ki, aşağıda onlara da toxunacağıq. Hələ ki, Volkovun son açıqlamasına diqqət edək.

Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında deyir ki, guya həmin şəxslər inşaat işçiləridir və 2 gün əvvəl Azərbaycandan qovulublar. Jurnalistlərin növbəti sualında isə Volkov çaşbaş qalır və özü-özünü ifşa edir. General gah deyir ki, məsələ araşdırılır, gah deyir araşdırılacaq, gah da deyir ki, həmin adamlar diversant deyillər. Bundan əlavə həm məlumatı mediadan aldığını söyləyir, həm də özlərinin bunu araşdırdıqlarını bildirir. Bir sözlə, Volkov sonradan bu müsahibəyə qulaq assa, özü də özünü başa düşməz...

Lakin hər kəsin başa düşdüyü bir məqam var . Sülhməramlılar öhdəliklərini yerinə yetirə bilmir. Azərbaycan ərazisinə dövlətimizin xəbəri olmadan xariciləri buraxırlar. Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

Bu barədə Azərbaycan XİN-in İrana notasında da bildirilib. İran demişkən, bu məsələdə də İran tərəfi susqunluq nümayiş etdirir. Əgər Volkova inansaq, həmin şəxslər inşaat işçiləri olublar. Belədirsə, İran tərəfi niyə susub? Nə üçün hər hansı bir açıqlama vermir? Heç Volkov da azərbaycanlı jurnalistlərin qarşısına çıxmasaydı açıqlama vermək, bu ayıblarını ört-basdır etmək üçün “fikir” bildirmək niyyətində görünmürdü.

Baş verənlər göstərir ki, Azərbaycan Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməlidir. Əks halda, proses heç ermənilərin və oradakı rusların da xeyrinə olmayacaq. Azərbaycan əsgəri sülhməramlıdan fərqli olaraq hər zaman ayıq-sayıqdır və həmişə haqq üçün savaşıb...

Sülhməramlıların işinin adı nədir?

44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağ bölgəsinə-ərazilərimizə yerləşdirildi.

Həmin bəndə görə, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Ancaq biz nəyin şahidi oluruq?

Son günlər baş verənlər göstərir ki, sülhməramlıların ərazidə olması Azərbaycan üçün əlavə problem, ermənilər üçün isə dayaq, güc rolunu oynamaqdadır.

Son bir ayın məlumatlarına nəzər salmaq kifayət edir ki, sülhməramlıların orada yarıtmaz fəaliyyətləri ilə bağlı geniş təsəvvürə malik olaq.

Ötən həftə Müdafiə Nazirliyi məlumat yaydı ki, Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minalar aşkarlanıb. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilib və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla bu ərazilərə daşınıb. Sülhməramlılar isə yenə də bütün bunları gözməzdən gəliblər.

Qeyd etmək yerinə düşər ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Bundan əlavə, hər gün ermənilərin qeyri-qanuni dəstələri həmin ərazilərdə Azərbaycan ordusunu atəşə tutur. Sülhü yaratmalı olan sülhməramlılar isə bütün bunların qarşısında aciz qalıblar.

Təbii ki, belə bir “sülhməramlı”nın Azərbaycan ərazisində olması ermənilərə sərf edir və onlar gərginlik yaradaraq rusların bölgədə bir qədər də artıq qalmasına nail olmaq istəyirlər. Özlərini arxalı köpək kimi hiss etməyə davam edirlər.

Ermənistanın Baş naziri Paşinyan da son iki ildə sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə qədər uzadılmasını açıq şəkildə bəyan edib...

Qayıdaq mövzuya. Həmin 14 nəfərin kim olduğu ilə bağlı ümid edək ki, Volkov növbəti açıqlamasında məntiqli, faktlara əsaslanan fikirlər söyləyəcək.

Belə çıxır ki, erməni terrorçuları ilə bərabər digər terrorçular da bu ərazidən keçərlərsə, sülhməramlıların ruhu da duymaz. O zaman onların orada işi nədir? Görünür, bu sualın cavabını sülhməramlılar bilmir. Əgər işlərinin adını bilsəydilər, onu icra etməkdə də çətinlik çəkməzdilər... (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar