“Elektrik enerjimiz olmasa belə, özümüzə inam işığımız sönməyəcək!”
ABŞ-ın Ukrayna ilə müqayisədə daha dərin tarixi köklərə malik münasibətləri, geniş iqtisadi, siyasi və s. əlaqələri olan müttəfiqi Fransanın Prezidenti Emmanuel Makron bu yaxınlarda Vaşinqtona rəsmi səfərə getmişdi. Makronun səfəri və ona göstərilən münasibətlə Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən baş tutan səfərini müqayisə etsək, ABŞ-ın müasir prioritetlərinin əsas istiqamətlərini görmüş olarıq.
Təkcə onu qeyd etmək kifayətdir ki, Zelenskidən fərqli olaraq, Makrona ABŞ Konqresinin hər iki palatasının birgə heyəti qarşısında çıxış etmək imkanı yaradılmamışdı. Ümumiyyətlə, xarici dövlət başçılarına bu imkan nadir hallarda yaradılır...
Gözlənilmədən qanlı döyüşlərin getdiyi Baxmuta, oradansa birbaşa Vaşinqtona gedən Zelenskinin səfərinə ABŞ-da böyük maraq olduğu bildirilir.
ABŞ Konqresi qarşısında çıxış edən Zelenskinin nitqi və ona göstərilən reaksiyalar da bunu təsdiqlədi. Çıxışında Baxmut mövzusuna toxunan Zelenski deyib ki, Rusiya Baxmut kimi Ukrayna şəhərlərinə qarşı hər şeydən istifadə edir: “Lakin Ukrayna müdafiəni saxlayır və heç zaman təslim olmayacaq... Bu torpağın hər santimetri qana batıb”.
Zelenski konqresmenlərə müraciət edərək bildirib ki, onların hər biri Ukraynanın qələbəsinə kömək edə bilər. Bunun üçünsə Kiyevə silah-sursat və maliyyə yardımını artırmağa yönələn addımlar atılmalıdır: “Sizin pullarınız(yardımınız) xeyriyyəçilik üçün deyil. Bu, qlobal təhlükəsizlik və demokratiya üçün yatırımdır, hansından ki, biz böyük məsuliyyətlə istifadə edirik... Bizim artilleriyamız varmı? Bəli, var. Sizə təşəkkür edirik. Bəs, o, kifayət qədərdirmi? Doğrusu, tam yox”.
Zelenski konqresmenlərə bildirib ki, Rusiyanı Ukrayna torpaqlarından qovmaq üçün daha çox artilleriyaya və silah-sursata ehtiyac var.
Ukrayna Prezidenti həmçinin, Konqres üzvlərindən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi və “terrorçuları işğala görə məsuliyyətə cəlb etməyi” xahiş edib.

ABŞ-a indiyə qədər göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Zelenski deyib ki, Rusiyanın bombardmanlarına, raket zərbələrinə baxmayaraq, Ukrayna Milad bayramını mütləq qeyd edəcək: “Hətta elektrik enerjimiz olmasa belə, özümüzə inam işığımız sönməyəcək!”
Ukrayna Prezidenti əminliklə bildirib ki, gələn il Rusiya işğalına qarşı savaşda dönüş anı baş verəcək və buna “Ukraynanın cəsarəti və ABŞ-ın qətiyyəti təminat verəcək”.
Zelenski nitqini Ukraynanın bu savaşda tam qələbə çalacağına əminliyini ifadə etməklə və “Ukrayna yaşayır və güclüdür!” sözlərilə bitirib.
Zelenskinin Konqresdəki çıxışı 21 dəfə kəsilərək, ayaq üstə alqışlanıb. Lakin təbii ki, əsas olan alqışlar, təriflər, dəstək mesajları yox, real dəstəkdir ki, onun üçün də 21 dəfə alqılşlamaq yox, maliyyə və silah-sursat yardımını heç olmasa 2-3 dəfə artırmaq və hazırda ukraynalılar başda olmaqla, günahsız xalqların qanı üzərində qurulan ikiüzlü siyasətdən əl çəkmək lazımdır.
Bu günlərdə “Avropaya və Qərbə müharibədə Ukraynaya dəstək göstərmək baha başa gəlir” iddialarına NATO Baş katibi Yens Stoltenberq çox yaxşı cavab vermişdi : “Biz pulumuzla hesablaşırıq, ukraynalılar isə canları və qanları ilə...”
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu vaxta qədər heç Amerika prezidentləri də belə möhtəşəm qarşılanmamışdılar , halal olsun ,çimal ayısından bütün dünyanı qurtar Zelinski , bizlərdə sizlərə minnətdar olarıq