Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadla xəbər verir ki, həbsdə olan polkovnikin işi üzrə zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 192 min manat tələb edir. Bu barədə zərərçəkmişin vəkili fevralın 15-də məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

43-yaşlı Mirzəyev özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri ünsiyyətdə olduğu qadınların sonradan onu şantaj edəcəkləri ehtimalı ilə "ehtiyat" tədbiri kimi izah edib. Deyib ki, kompüterində olan həmin görüntüləri qətiyyən yaymaq niyyəti olmayıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, nazirlik də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Mirzəyev onunla bağlı aparılan istintaqdan narazı qalıb. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Məhkəmə prosesinin əvvəlində vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmamışdı.

Mirzəyevin məhkəməsində şəxsi həyatla bağlı məqamların olduğu əsas gətirilərək proses qapalı keçirilir.

Ötən il avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-nin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“AzPolitika.info”