Ukrayna və Rusiya arasında gedən müharibə öz xarakterinə görə yeni forma almağa başlayır. Hazırda cəbhə boyu bu və ya digər tərəfin sürətlə irəliləməsi çətinləşib. Mövcud vəziyyəti qısa şəkildə şərh etsək, deyə bilərik ki, Rusiyanın başlıca məqsədi zəbt etdiyi əraziləri əlində saxlmaq, Ukraynanın intensiv hücumlarının qarşısını almaqdan ibarətdir.
Rusiyanın Kupyansk istiqamətindən hücuma keçməsi də əslində, Ukrayna ordusunun cənubdan həmlə etməsini dayandırmaq üçün həyata keçirilir. Ukrayna ordusu isə müxtəlif manevrlər vasitəsilə düşmənin müdafiə xəttini yarmağa və aldadıcı fəndlərlə möhkəmləndirilmiş məntəqələri ələ keçirməyə çalışır. Cəbhədən gələn son xəbərlərə görə, Ukrayna Silahlı Qüvvələri ağır döyüşlərlə buna qismən nail ola bilir.
Ukrayna komandanlığı cəbhədə yaranmış vəziyyəti müzakirə etmək üçün NATO generalları ilə mütəmadi məsləhətləşmələr aparır. Belə ki, Qərb KİV-lərində gedən məlumatlara görə, Ukrayna ordusunun komandanı Valeri Zalujnı təxminən iki həftə öncə Polşa-Ukrayna sərhədində NATO-nun yüksək çinli zabitləri ilə görüşüb. Həmin görüşdə Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Entoni Radakin, ABŞ Silhalı Qüvvələrinin Avropadakı komandanı və NATO ordularının Avropadakı baş komandanı, ordu generalı Kristofer Kavoli işitirak edib.

Onların hansı məsələləri müzakirə etməsi bəlli olmasa da, hərbi analitiklər hesab edirlər ki, bundan sonrakı mərhələdə Ukrayna ordusu böyük ehtimalla döyüş meydanında yeni taktikadan istifadə edəcək. Ola bilər ki, həmçinin, NATO generalları Zalujnını hansısa məxfi kəşfiyyat məlumatları ilə tanış ediblər.
Ukraynanın qarşısında duran ən vacib tapşırıq önümüzdəki üç ay ərzində Rusiyanın cəbhənin cənub istiqamətində qurduğu müdafiə xətlərini yarmaq, əvvəlcə Tokmak, sonra isə Krıma doğru gedən yolda strateji mövqeyə malik Melitopol şəhərini azad etməkdir. Bu, olduqca ağır işdir, çünki ruslar həmin istiqamətdə betonlaşdırılmış güclü istehkamlar qurublar.
Ukrayna Silahlı Qüvvələri cənub istiqamətindən hücuma keçməmişdən öncə rusların cəbəhə xəttində yerləşən silah-sursat anbarlarını partladıb, düşmənin xeyli sayda artilleriya qurğusunu sıradan çıxarıb. Hərbdə belə bir qayda var ki, hücuma keçən tərəfin canlı qüvvəsi müdafiə olunan tərəfdən üç dəfə çox olmalıdır. Hazırda Ukrayna ordusunda səfərbər edilmiş ümumi əsgər sayı Rusiya ordusuna nisbətən artıq olsa da, bütün ehtiyat qüvvə Zaporojye istiqamətindəki hücum əməliyyatlarına cəlb edilməyib. İndiki şərtlər daxilində buna heç gərək də yoxdur. Beləliklə, Ukrayna canlı hərbi qüvvəsini qorumaqla hücuma keçir ki, bu da təbii olaraq müxtəlif çətinliklər törədir.
Cəbhənin sürətlə yarılmasının itkilərlə bağlı ziyanlı tərəflərini hesablayan Ukrayna silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı taktikanı dəfələrlə dəyişərək, düşməni çaşdırmağı və ona ən zəif yerindən zərbə vurmağı üstün tutub. Nəticədə ukraynalıların hücumu ləngiyib. Güclü hava dəstəyi olmadan minalanmış ərazilərdə sərbəst hərəkət etmək olmur.
Bir çox hallarda müdafiə xəttini gecə yarmaq daha əlverişli kimi görünsə də, minalanmış sahələrdə bunu etmək təhlükəlidir. Ona görə də Ukrayna ordusu dar sahələrə massiv artilleriya zərbələri endirərək bütün hücum potensialını oraya yönəldir. Belə bir taktika müəyyən nəticələr verib və rusların möhkəmləndirilmiş birinci xəttində yerləşən Robotino məntəqəsi təmizlənib.

Bəzi hərbi ekspertlər bu uğurlu hücum əməliyyatından sonra belə qənaətə gəliblər ki, Ukrayna ordusu artıq ilk xətti yarıb və sonrakı mərhələlərdə qarşıya qoyulan tapşırıqlar yaxın aylarda yerinə yetiriləcək. Ukrayna komandanlığı əsgərlərini lüzumsuz qırğına vermək niyyətində deyil. Onlar başa düşürlər ki, hər hansı sürətli hücum nəticəsində böyük itkilər verib müəyyən ərazi tutmaqla yekun qələbə qazanılmaz. Müharibəyə strateji nöqteyi-nəzərdən yanaşmaq gərəkdir.
Qərb Ukraynaya həlledici yardımlar etməyib
Qərbin, xüsusən də Amerikanın müharibəyə münasibətini izlədikdə ilkin olaraq elə təsəvvür yaranır ki, onlar hadisələrin gedişinə uyğun hərəkət ediblər və Ukraynaya verilən silahlar da məhz buna müvafiq olaraq gəlib. Yəni, ABŞ və Avropa müharibənin mövcud şərtlərinə müvafiq davranaraq, Ukraynanın ehtiyac duyduğu silahları tədarük ediblər. Ancaq həqiqətənmi belədir?
Əgər xronoloji ardıcıllıqla Ukraynaya göndərilən silahların verilmə tarixinə, onların həcminə baxsaq, görərik ki, bu, müharibədə qələbəni təmin edəcək səviyyədən xeyli uzaq olub. Əvəzində, Ukraynaya lazımi silah və texnikanın göndərilməsi elə səs-küylə reklam edilib ki, böyük ictimai rezonans doğursun. Əslində isə hər şey kiçik proporsiyalarla verilib.

Ukrayna ordusu rusları sıxışdırıb Xarkov vilayətindən və Xerson vilayətindəki Dnepr çayının sağ sahilindən qovandan sonra Qərb uzun müddət ərzində ukraynalılara istənilən miqdarda silah və mərmi göndərmədi. Əgər bu edilsəydi, Rusiya ordusuna aman verilməyəcəkdi və onlar bütün cəbhə boyu müdafiə qurğuları tikə bilməyəcəkdilər.
Ən azından Melitopol şəhəri azad ediləcəkdi. Rusiyanın Baxmut şəhərinə hücum etməsinin başlıca səbəbi Ukraynanın canlı qüvvəsini buraya cəlb etmək və nəticədə vaxt qazanıb arxada eşalonlaşdırılmış müdafiə xətləri tikmək və hər yanı minalamaq olub. Heç şübhəsiz ki, Priqojin bu işlərdə istifadə materialı idi. Bəlkə də Ukraynaya lazımi anda silah verilməsi yubadıldı ki, ruslar doqquz ay ərzində arxada rahat müdafiə mövqeləri yaratsınlar, səngərlər qazsınlar.
Beləliklə, 2022-ci ilin sentyabr ayından başlayaraq ruslar doqquz ay ərzində üç zolaqdan ibarət müdafiə xətləri çəkməyə imkan tapa bildilər.
Ukraynaya “F-16”-lar nə zaman veriləcək?
Müharibədə dönüş yarada biləcək silahlar sırasında çoxfunksiyalı “F-16” qırıcısı və 300 kilometr uzaqlıqdakı hədəfləri vura bilən”MGM-140 ATAMCS” ballistik raketləri mühüm yer tuturlar. Hələ indiyədək ABŞ ”MGM-140 ATAMCS” raketlərini verməkdən qəti şəkildə imtina edir. Ancaq “F-16”-larla bağlı müəyyən irəliləyişlər var. Son məlumatlara görə, ABŞ Ukraynanın “F-16” təyyarələrindən istifadə etməsinə razılıq verib.

ABŞ orduları baş qərargah rəisi Mark Milli bu yaxınlarda İordaniyanın “Al-Məmləkət” televiziyasına verdiyi müsahibəsində deyib: ””F-16” məsələsində işlər irəliyə doğru gedir. Müvafiq olaraq təlim proqramı var və ehtimal ki, onlar heç də uzaq olmayan bir vaxtda “F-16”-ları alacaqlar”.
Yeni nəsil “F-35” təyyarəsinə keçməyə hazırlaşan Niderland və Danimarka Ukraynaya öz “F-16”-larını verəcəklərini bəyan ediblər. Danimarka Ukraynaya 19 ədəd “F-16” yollayacağını bildirib. Niderland Müdafiə naziri Kaysu Ollenqren isə deyib ki, onlar ixtiyarlarındakı 42 ədəd “F-16” təyyarələrinin hamısını Ukraynaya verəcəklər.
Sözsüz ki, bunlar Ukrayna üçün xoş xəbərlərdir. Mütəxəssislər deyirlər ki, həlledici və ideal üstünlük əldə etmək üçün Ukraynanın inteqrasiya olunmuş təxminən 100-120 ədəd “F-16” qırıcısına ehtiyacı var.
Bütün bunlarla yanaşı, Ukraynaya veriləcək “F-16” təyyarələrində müasir “AGM-158 -JASSM” (Air- Ground-Missile -158 Joint air-to-Surface Standoff Missile) raketlərinin quraşdırılması çox yaxşı olardı. Bu raketin köhnə versiyası 370 kilometr, yenisi isə 980 kilometr uzaqlıdakı hədəfləri vurur. Əgər Ukrayna ordusu az miqdarda “F-16” təyyarələri ilə təchiz ediləcəksə, bunun effekti yüksək olmayacaq.
Ukrayna Müdafiə naziri Aleksey Rezniokov deyib ki, Ukrayna 2024-cü ilin yazından ”F-16”-lardan istifadə edə bilər.
”F-16”təyyarələrinin verilməsi ilə ABŞ-ın bu müharibə ilə bağlı strategiyasının ciddi dəyişdiyini demək olmaz. Əslində, müharibənin gedişinə nəzarət edə bilən Amerikanın planı öz yerində qalır, lakin bunun anlaşılmaması üçün bəzən bəsit, bəzən isə mürəkkəb əməliyyatlar həyata keçirilir.
Müharibənin uzanması Rusiyaya yaxşı perspektivlər vəd etmir
Son zamanlar Qərbdəki bəzi siyasi dairələr Ukraynanın qalib gələ bilməyəcəyini, təmas xəttindəki vəziyyətin dəyişdirlməsinin mümkün olmayacağını söyləyirlər. Belə fikirlərə böyük önəm verməyə dəyməz, çünki əgər Amerikanın qlobal siyasi məqsədində Avrasiya qitəsində yeni yerdəyişmələr aparılması dayanırsa, o zaman müharibənin uzanmasının hansı nəticələrə gətirib çıxaracağı siyasi icmalçıların şərhi və istəyi əsasında həyata keçirilmir.

Unutmayaq ki, müharibənin uzanması Ukraynaya ciddi ziyanlar vursa da, Rusiya üçün də yaxşı perspektivlər vəd etmir. Bundan sonra Moskva döyüş meydanına əlavə 400-500 min əsgər cəlb etmək üçün yeni səfərbərliyə başlamaq məcburiyyətində qalacaq. Bu, Kreml üçün heç də asan başa gəlməyəcək. Rusiya səfərbər edəcəyi adamları silah, geyim, yataq və qida ilə təmin etmək üçün çoxdan hazırlıq işləri görür. Lazımi işlər yekunlaşandan sonra səfərbərliyə start verəcəklər.
Bu müharibədə Rusiyanın ən zəif yeri heç də birbaşa cəbhə xətti deyil. Kremlin ən çox qorxduğu şey Moskva şəhərinə edilən dron hücumlarıdır. Bəlkə də hələ Ukrayna dronlarının hücumları repetisiya xarakterlidir.
Moskvanın biznes mərkəzi “Moskva-siti”yə dron zərbələrinin endirilməsi artıq mütəmadi və adi hal almağa başlayır. Bu dron zərbələri konkret mənada Rusiyanı sarsacaq gücdə olmasa da, psixoloji cəhətdən Kreml rəhbərinin ictimai mövqeyini laxladır, onu zəif və aciz göstərir.
“AzPolitika.info”

Şərhlər
Yox xəsislik deyil,atalar misalı,qaş düzəldən yerdə vueuv gözü çıxarda bilər.