Xəbər verildiyi kimi, dünən Ukrayna ordusu Rusiyanın Krasnodar diyarının Temruk rayonu ərazisindəki strateji əhəmiyyətli “Qafqaz” limanında dayanmış yanacaq çənlərilə dolu gəmi-bərəyə raket zərbəsi endirib.

"AzPolitika" xəbər verir ki, hazırda bu hücumla bağlı ən çox müzakirə edilən mövzulardan biri limanın hansı raketlə vurulmasıdır.

Qeyd edək ki, "Konro Treyder" adlı dəmiryolu bərəsi əsasən Krıma yanacaq daşımaqla məşğul olub. Lakin bu yanacaq təkcə mülkii əhali deyil, işğalçı qoşunların təminatında da istifadə olunur. Son məlumatlara görə, bərədə 30-dan çox yanacaq dolu sistern olub. 15 ekipaj üzvünün taleyi məlum deyil. Bərəni söndürmək mümkün olmayıb və o, batıb. Xatırladaq ki, ötən aylarda Ukrayna ordusu bu limanda daha iki bərəni vurmuşdu.

“Qafqaz” limanının Ukraynanın özünə aid “Neptun” raketi ilə vurulduğu bildirilsə də, bəzi mənbələr hücumun Böyük Britaniyaya aid “Storm Shadow” raketi ilə gerçəkləşdirildiyini iddia edirlər.

“Krasnodar vilayətinin “Qafqaz” limanında Rusiyaya məxsus “Konro Treyder” dəmir yolu bərəsi Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən məhv edilib”. 

Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk “Azadlıq” radiosunun efirində deyib. 

O, hücumdan sonra gəminin batdığını da qeyd edib: “Biz bu hədəfin Hərbi Dəniz Qüvvələri tərəfindən məhv edildiyi barədə məlumatı təsdiq edə bilərik. Bu bərə işğal qüvvələrini dəstəkləmək üçün Rusiya hərbi logistikasının mühüm zəncirlərindən biridir. Onun vasitəsilə ilk növbədə yanacaq və sürtkü yağları, lakin əlavə olaraq da əlbəttə ki, silah daşınırdı. Ona görə də bu, tamamilə qanuni hədəfdir. Müvafiq olaraq, bu, düşmənimizin aktiv döyüş əməliyyatları apardığı yerlərdə potensialını azaltmalıdır”.

Lakin Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü limanın konkret olaraq hansı silahla vurulduğunu açıqlamayıb.

Ancaq hər necə olsa, bu uğurlu zərbə bir daha göstərir ki, Qərb Ukraynanı lazımi silahlarla yetərincə təmin etsə və xüsusilə də uzun mənzilli raketlərin Rusiya ərazisində istifadəsinə məhdudiyyət qoymasa, Ukrayna üçün işğalçı qüvvələrlə mübarizə aparmaq qat-qat asanlaşar. Bu, Rusiyanın iştahasını azaldar və bəlkə də müharibənin sonunu daha çox yaxınlaşdırar.

C.Məmmədov

“AzPolitika.info”